AZ

"İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur formalaşdırılır" - ŞƏRH EDİLDİ

"Vətən müharibəsində qazandığımız şanlı zəfərdən sonra dövlətimiz qarşısında dayanan əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır". Bu fikirləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib .

Həmçinin o əlavə edib ki, ölkə başçısının tapşırığı ilə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün mühüm işlər görülür: "İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur formalaşdırılır, dayanıqlı məhsullaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Prezidentin 16 Noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair, birinci dövlət proqramına əsasən bu il də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün zəruri işlər görülür. Gələcəkdə işğaldan azad edilmiş ərazilərin inkişaf etdirilərək zəngin təbii potensialı ilə dünyada tanınması istiqamətində müəyyən addımlar atılır, tikilib qurulan hər kənd, şəhər və dövlətin iqtisadi gücünün göstəricisinə çevrilir.

Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış prosesi ötən illər içərisində bir çox ərazilərimizi əhatə edib. Laçın şəhəri, Zabux kəndi, Tərtərin Talış kəndi, Füzuli şəhəri və digər bərpa edilən ərazilərdə köç karvanları böyük coşqu ilə bugün də davam etdirilir və ötən ilin 11 ayı ərzində 3516 nəfər öz doğma yurduna qovuşub. Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, 3516 nəfər keçən il bu ərazilərə köçürülüb. 2024-cü ildə də bu getdikcə artıb. Füzuli şəhərinə, Şuşa şəhərinə və Laçın şəhərinin özünə və kəndlərinə, yeni inşa olunmuş qəsəbə və kəndlərə keçmiş məcburi köçkünlər köçüb və bu məsələ bugün də davam etdirilir. Yanvar ayında 1360 ailə, 5364 nəfər doğma yurdlarına qayıdıb. 2026-cı ilə qədər 34500 ailənin, yəni 140000 vətəndaşın öz yurdlarına qayıtması nəzərdə tutulub".

A.Hüseynov əlavə edib ki, Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bildirmişdi ki, Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o zaman 140000 köçkün öz dədə-baba torpağına qayıdacaq: "Bununla paralel olaraq bugün bütün sosial infrastrukturlar inşa etdirilir, məktəblər, xəstəxanalar, idman obyektləri, infrakstruktur obyektləri, yollar, 100-dən çox tunel, körpü inşa edilir. Yəni bu sadəcə olaraq işin miqyasını göstərir. Bütün elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq".

Müəllif: Günay Pənahova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
sia.az

1Mənbələr