AZ

“Milli Məclisdə ciddi dəyişikliyin olacağını düşünmürəm” – Pənah Hüseyn

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Siyasi təhlilçilər hesab edir ki, yeni parlamentin formalaşmasından sonra hakimiyyət daxilində keyfiyyətcə yeni islahatlar dalğasına şahidlik edəcəyik?

Bu iddialar nə dərəcədə realdır və hansı istiqamətlər üzrə islahatlar gözlənilir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn bir sıra sahələrdə islahatların mümkünlüyünə inandığını ifadə edib:

“Azərbaycanda bir çox sahələrdə islahatlara ehtiyac var. Dövlət idarəetmə sistemində, yerli idarəçilikdən tutmuş mərkəzi icra hakimiyyəti orqanlarına qədər dəyişikliklər olmalıdır. Buraya məhkəmələri də əlavə etmək olar. Bundan başqa, sosial sahə ilə bağlı yeni qərarlar qəbul olunmalıdır. Pensiyaların artırılması və uşaqpulu məsələsi yenidən gündəmə gələ bilər. Həmçinin aztəminatlı, şəhid və qazi ailələrinə göstərilən dəstək tədbirləri artırılmalıdır”.

Sabiq Baş nazir yeni parlamentdə ciddi dəyişikliyin olacağını düşünmür:

“Xalq seçkilərdə aktiv olarsa, nəzərdə tutulan islahatlar reallaşa bilər. Açığı, Milli Məclisdə ciddi dəyişikliyin olacağın düşünmürəm. Lakin seçkilərə 20 gündən çox zaman qalıb, hər şey dəyişə bilər. Proseslərdə özüm də aktiv iştirak edirəm. Çalışacam, dəyişikliklərdən birini də mən edim. Sözügedən məsələdə olduqca iddialıyam”.

Məlik Məlikov,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
1
konkret.az

2Mənbələr