AZ

“Stress” deyib zarafata salmayın, həkimə müraciət edin ki,.... ” - MÜSAHİBƏ

Son vaxtlar nevroloji xəstəliklər artmaqda davam edir. Yaşadığımız stresslər, oturaq həyat tərzi, gərgin iş saatları, yollarda tıxaclar, maddi vəziyyətlə əlaqədar stresslər, müxtəlif problemlər - bunların hamısı sinir sisteminə birbaşa təsir edir.

Nevroloji xəstəliklər dedikdə, ilk növbədə, sinir sistemi xəstəlikləri nəzərdə tutulur. Sinir sistemi insan orqanizmini hərəkətə gətirən və onu ətraf mühitlə əlaqələndirən sistemdir. Hər bir hərəkət, davranış, ətraf mühiti qavrama, hissiyyat sistemi - bunlar hamısı sinir sistemini təşkil edir. Nevroloji xəstəliklər, onların əlamətləri, müalicə metodları ilə bağlı Mərkəzi Gömrük Hospitalının nevropatoloq Dr.Mənsumə Talıbova suallarımızı cavablandırıb. SİA həkimlə müsahibəni diqqətinizə çatdırır.

- Mənsumə həkim, hansı hallarda pasiyentlər nevropatoloqa müraciət etməlidir? Nevroloji xəstəliklərin əlamətləri hansılardır?

- Çox vaxt nevropatoloqa baş ağrısı, miqren, sinir köklərinin sıxılması nəticəsində yaranan kürəkdə, boyunda və beldə ağrı və fəqərəarası disklərdə degenerativ dəyişikliklər olduqda müraciət olunur.
Nevroloji xəstəliklərin simptomları xəstəliyin diaqnozundan asılı olaraq fərqlənə bilər. Bəzi nevroloji xəstəliklər oxşar simptomlar göstərə bilər. Bəzən elə olur ki, pasiyent həmin şikayətlərin nevroloji xəstəliyin əlaməti olması barədə məlumatlı olmur və digər ixtisaslı həkimlərə müraciət edir. Lakin nevropatoloq tərəfindən ətraflı müayinə edildikdə, mövcud xəstəlik müəyyən edilir və diaqnoz qoyulur. Hər bir pasiyent özünəməxsusdur, bu səbəbdən eyni xəstəlik olsa belə, özünü müxtəlif simptomlarla göstərə bilər. İnsanların nevroloji xəstəlikləri özlərinin təyin etməsi mümkün deyil, bu bir nevropatoloq tərəfindən təyin edilməlidir.

- Hər hansı ağrı nevropatoloqa müraciət etmək üçün əsas ola bilərmi?

- Gəlin, bəzi ağrıları araşdıraq. Məsələn, ən çox müşahidə olunan baş ağrıları adətən ağrıkəsicilər qəbul etməklə qurtulduğumuz problemdir. Baş ağrıları çox vaxt yuxu rejiminin pozulmasına da səbəb ola bilir. Bu, uzun müddət, fasilələrlə davam edirsə, artıq bununla zarafat etmək olmaz. Mütləq səbəbini tapmaq üçün həkimə müraciət etmək lazımdır.

Bəzən baş ağrıları ilə paralel yuxarı ətraflarda keylik müşahidə olunur. Bu cür şikayətlər zamanı da nevropatoloqa müraciət etmək lazımdır. Çünki bunun qarşısı vaxtında alınmazsa, beyin qan dövranının pozulması baş verə bilər.

Və yaxud götürək kürəkdə, beldə və ya boyunda ağrıları. Bu cür müntəzəm ağrılar artıq sinir sisteminin işində pozuntu əlamətidir. Bel ağrıları beldə olan hər hansı patologiyanın simptomu kimi özünü göstərir. Düzgün diaqnoz qoyub müalicələr etmək üçün xəstə vaxtında həkimə müraciət etməlidir. Çünki vaxtında qarşısı alınmazsa, daha ağır xəstəliklərə çevrilə bilər.

Baş gicəllənməsi və tarazlığın itməsi də beynin və ya ürək-damar və ya nevroloji xəstəliklərin işində problemin olduğundan xəbər verir. Bundan başqa, unutqanlıq, danışmaqda çətinlik, çaşqınlıq – bütün bunlar həkimə müraciət üçün kifayət edir.

- Uzun müddət baş ağrısından əziyyət çəkən insanlar nevroloji xəstədirmi?

- Baş ağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilər. Amerikalı alimlərin apardığı nəticəsinə görə, nevroloji xəstəliklərlə bağlı edilən müraciətlərin 70 faizini baş ağrıları təşkil edir. Bəzən xəstələr özlərini evdə müalicə etməyi seçirlər. Onlar gah ağrıkəsicilər qəbul edir, gah da xalq təbabətindən məlum olan bitki çayları ilə özlərini müalicə edorlər. Lakin bu düzgün deyil. Qəbul edilən ağrıkəsici preparatlar baş ağrısını müəyyən müddət kəsə bilər. Lakin bu ümumiyyətlə, müalicə deyil. Əgər həftədə iki dəfə baş ağrıyırsa, həkim-nevropatoloqa müraciət edilməlidir. Çünki baş ağrısının səbəbləri müxtəlif olur. Yalnız müayinələr nəticəsində xəstəyə düzgün diaqnoz qoymaq mümkündür. Bu səbəbdən baş ağrısı zamanı mütləq həkimə müraciət etməyiniz məsləhətdir.

- Sizcə, stress hansı orqanlara və necə təsir edir? Bu, nevroloji xəstəliklərə, həmçinin, sağlamlıqla bağlı ciddi problemlərə yol aça bilərmi?

-Stresslər və əsəb gərginlikləri həzm sisteminə təsir edərək qastrit, xoralar və bağırsaq qıcıqlanması yaradır ki, bütün bunlar da nevrozların nəticələridir. Stressin nəticələri yeməyə münasibətin dəyişməsi ilə əlaqələndirilir: bəzi insanlar daha çox yeyir, digərləri isə əksinə, iştahları tamamilə yox olur. Yuxu pozğunluğu emosional vəziyyətinizin qeyri-sabit olduğunu göstərən ilk əlamətdir. Yuxu çatışmazlığı artarsa, mənfi təsir də artır.
Psixi xəstəliklər, alkoqolizm, güclü stress, həyəcan çox vaxt nəticədə depressiya və ya nevrozun daha ağır formalarına səbəb ola bilər.

Qeyri-sabit emosional vəziyyətdə olan bir insan həyatının qalan hissəsinə təsir edə biləcək səhvlər edə bilər. Stress orqanizmi zəiflədir və xəstəliklərə daha həssas edir. Buna görə də, sağlamlığınızın vaxtında qayğısına qalın, stress deyib zarafata salmayın, həkimə müraciət edin ki, vaxtında müalicə alıb yeni xəstəliklər qazanmayasız.

Müsahibəni apardı: Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Seçilən
96
5
sia.az

10Mənbələr