AZ

"İran rejimi ölkədə yaşayan qeyri-fars millətlərin mədəni-siyasi haqqlarını təmin etməkdən yayınır"

İranın yeni prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasının 15-ci maddəsini tətbiqi ilə bağlı komitə yaradıb və komitəyə rəhbərlik tanınmış sosioloq alim Cavad Miriyə həvalə edilib. Yayılmış məlumatda qeyd edilir ki, Cavad Miri bu posta keçmiş fəaliyyətinə əsasən təyin olunub. Xatırladaq ki, İran konstitusiyasının 15-ci maddəsi “məhəlli və tayfa dillərində” mətbuat və təhsil hüququ tanıyır. Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda Azərbaycan dilində məktəblərin olması çox ciddi məsələdir: “İranda yaşayan qeyri-fars millətlər hər zaman ana dilində təhsil haqqlarını tələb ediblər. O cümlədən, orada yaşayan 35 milyona yaxın Azərbaycan türkləri də bu tələbləri irəli sürüb. Bütün konvensiyalar, bütün beynəlxalq insan haqqları bəyənnamələrində ana dilində təhsil haqqı təkidlə qeyd olunub. Amma İranda Konstitutsiyanın 15-ci maddəsinə gəldikdə isə bunun icrası ilə bağlı, yəni qeyri-fars millətlərinin ana dilində təhsil almaq haqqı və onların mətbuatda onların fəaliyyəti haqqında haqqlarının rəsmiyyətlə tanınması məsələsi ciddi bir problemə çevrilib. İran rejimi bunu hər zaman bir təhlükə kimi görür. Sadiq İsabəyli Sadiq İsabəyli qeyd edib ki, bir qədər keçmişə baxsaq, zaman-zaman seçkilər dönəmində vədlərin əsas nahiyyətində İranda yaşayan qeyri-fars millətlərinin öz mədəni-siyasi hüquqları ilə bağlı müəyyən vədlər verilib. Amma onun icra olunması məsələsində hər zaman problemlər çıxarılıb. “Həsən Ruhani dövründə o çox açıq şəkildə qeyd edirdi ki, İranda yaşayan türklər , türkmənlər, ərəblər lorlar və digər etniklər bir sıra mədəni haqlardan faydalanmalı və öz ana dillərində təhsil haqları olmalıdır. O dövrdə də Əli Yunusini prezidentin özəl müşaviri kimi işə götürdülər. Onların dediyinə əsaslansaq, etnik və azlıqlar məsələləri ilə məşğul olmaq üçün bir qrup yaradıldı və o Əli Yunusini də rəhbər təyin etdilər. Əli Yunusinin iddiasına görə, bu məsələlərlə bağlı, çox görüşlər keçirdi. Amma nəhayətində biz hər hansı bir məsələnin həllini qəzetlərin, jurnalların televiziyanın və yaxud məktəblərdə ana dili ilə bağlı tədrisin haqqında heç bir qərarın şahidi olmadıq. Əksinə, İranda fəaliyyət göstərən fars dili və fars ədəbiyyatı ilə bağlı məşğul olan mədəniyyət mərkəzinin rəhbəri Həsən Ruhaniyə bir məktub da ünvanladılar ki, hakimiyyət tərəfindən elan olunmuş qeyri- fars etnik qrupları ilə bağlı məsələlərin həlli yönündə fəaliyyətlər, o cümlədən onların ana dili ilə bağlı işlərin görülməsi fars dili üçün çox ciddi təhlükə təşkil edir və bu da bir çox xarici dövlətlər tərəfindən həyata keçirilir. Yəni məsələ ilə bağlı bu şəkildə bir baxış ortaya qoydular və bunu ərazi bütövlüyü ilə əlaqələndirdilər. Fars mədəniyyəti, farsın tarixi və digər məsələləri də bu işin içinə qatdılar. Nəticədə qeyri-fars millətlərinin hüquqları ilə bağlı Həsən Ruhani və onun komandası heç bir iş görmədi”-deyə Sadiq İsabəəyli bildirib. Siyasi şərhçi hesab edir ki, İranda ölkənin siyasi hakimiyyəti çox ciddi böhranlar yaşayır. “Yəni həm siyasi, həm mədəni, həm iqtisadi ciddi böhranlar içindədir və hakimiyyət daxilində böyük çəkişmələr var. Dövlətlə kütlə arasında böyük uçurum var. Artıq vətəndaşlar bu rejimə inanmırlar. Yəni kimliyindən, ictimai mövqeyindən və yaxud milli mənsubiyyətindən asılı olmayaraq bu rejimə artıq inam yoxdu. Son seçkilərdə də gördük ki, bu qədər cəhdlərə rəğmən yəni 50 %-dən çox insan seçkilərə qatılmadı. Bu da onu göstərir ki, daxili siyasətdə çox ciddi problemlər var”-deyə Sadiq İsabəyli əlavə edib. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
bizimyol.info

1Mənbələr