AZ

Pomidor nə vaxt ucuzlaşacaq? - AÇIQLAMA

Yayda banka bağlamaq istəyənlər, demək olar ki, heç pomidor ala bilmirlər. Buna səbəb bazarlarda pomidorun qiymətinin mövsümə görə kifayət qədər baha satılmasıdır. Bəs mövsüm olmasına baxmayaraq, qiymətlərin cib yandırması nə ilə əlaqədardır? Ucuzlaşma nə vaxta gözlənilir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Redaktor.az-a danışdı.

O bildirdi ki, hazırda hava şəraiti mövsümə uyğun şəkildə keçmir. Bu da pomidorun məhsuldarlığını aşağı salır:

"Pomidor açıq sahədədirsə, yağış yağarkən yığmaq çətinləşir, hətta bəzən mümkün olmur. Bu halda yığılmayan pomidor da artıq daha çox yetişir, yumşalır, xarab olur. Bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Hava şəraitinin əlverişsiz keçməsi yetişmə prosesini və yığımı ləngidir. Belə olduğu halda məhsul da sahələrdə zay olur. Həmçinin nəm torpaqda olan, şaxlarda qalan pomidor yetişməmiş xarab olur. Bütün bunlar tədarükə də mənfi təsir göstərir. Nəticədə bazarda pomidorun miqdarı azalır".

Ekspert qeyd etdi ki, hazırki izlənilən qiymət təklifin az olmasından qaynaqlanır:

"Tələb təklifi üstələyir. Yəni pomidor bollaşa bilmir ki, onun qiyməti aşağı düşsün. Ümid edək ki, qarşıdakı həftələrdə havalar düzələr, pomidor bollaşar və qiyməti düşər. Eyni zamada indiyə qədər bu mövsümdə Azərbaycandan pomidor ixrac edilirdi. Amma artıq Azərbaycana pomidor idxal edilir. Bu da bazarda açıq qalan tələbdən xəbər verir və artıq xaricdən pomidoru idxal etmək daha səmərəlidir".

Sevinc İBRAHİMZADƏ 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
redaktor.az

1Mənbələr