Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının builki məzunu Turqut Əfəndi bakalavr səviyyəsindən Amerikanın Luiziana Dövlət Universitetinə birbaşa doktoranturaya qəbul olub.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.
Bildirilib ki, Nüfuzlu ali təhsil ocağında “Kimya mühəndisliyi” ixtisası üzrə təhsilini davam etdirəcək BMU məzununun qazandığı təqaüdün məbləği isə 420 000 ABŞ dolları məbləğindədir. BMU-da təhsil aldığı illərdə (2020-2024) ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan, dərsə intizamı, sosial-ictimai fəallığı ilə seçilən Turqut Əfəndi, eyni zamanda, elmi tədqiqatlara dərin maraq göstərib, səthi aktiv maddələr haqqında araşdırmalar apararaq 2 elmi məqaləsini beynəlxalq jurnallara təqdim edib.
Qeyd edək ki, BMU məzunu, həmçinin “Breyn rinq”, “Xəmsə”, “Əlaçı” kimi bir çox intellektual verilişlərin qalibi olub.