AZ

"Qohumla evlənənlər bu xəstəliklərə yol açır"- Mütəxəssis- həkim dəhşətli faktlar söylıədi...

Image

Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilib. Artıq qohum evlilikləri yalnız tibbi baxımdan deyil, qanunla da yolverilməzdir.

Tanınmış uşaq ginekoloqu Xəyalə İsmayılova da hesab edir ki, ölkəmizdə ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi sağlam genefondun davam etməsi üçün atılan ən doğru addımdır və məsələ kifayət qədər ciddidir. Qohum evlilikləri çoxdan ölkə miqyasında problemə çevrilib. Xəyalə İsmayılova mətbuata verdiyi müsahibəsində qohum nikahların fəsadları, irsi yolla ötürülən xəstəliklər, həmçinin mütəxəssisləri narahat edən məsələlər barədə danışıb.

-Xəyalə xanım, bir mütəxəssis kimi, Azərbaycanda qohum evliliklərinin qadağan olunmasını necə qiymətləndirirsiniz?

-Mən həmişə qohum nikahlarına qarşı olmuşam. Xəstə olaraq doğulmuş uşağın valideynlərindən də əvvəl, özünün yaşadığı iztirabları göz önünə gətirmək lazımdır. Qohum nikahlarının qarşısının sərt şəkildə alınması müsbət nəticələrə gətirib çıxaracaq. Ortada hamıya məlum olan bir həqiqət var. O da qohum evliliklərinin tibbi baxımdan təhlükəli olmasıdır.


-Qohum evliliyi hansı xəstəliklərə yol açır?

- Qohum evliliyinin genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və təqribən dünya əhalisinin 20 faizi bu problemdən əziyyət çəkir. Dünyadakı qüsurlu doğulmuş şəxslərin 41 faizinin ata və anası qohumdur. Qərb dünyasında belə nikahlar pis qarşılanır, qanunvericilikdə konkret qadağalar var. Azərbaycanda da qohum evliliyinin çox olması səbəbindən genetik xəstəliklər geniş yayılıb. Əsasən beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması sıx müşahidə edilir. Bəzən elə bilirlər ki, evlənəcək cütlüyün qan qruplarında uyğunluq varsa, deməli problem yoxdur. Bu məqamın doğulacaq xəstə uşaqla heç bir əlaqəsi yoxdur. Əsas genetik faktordur. Evlənəcək fərdlərin eyni soyunda vaxtilə hər hansı xəstəlik olubsa, doğulacaq uşaqda da bu xəstəliyin olması yüksək risk daşıyır.

-Ata-ana genetik xəstəliyin daşıyıcısıdırsa, xəstə uşağın doğulma ehtimalı nə qədərdir?

- Genetik xəstəliklər ya ana bətnindəki döldə öz-özünə, ya da irsi olaraq, valideynlərdəki genetik kodlarda baş verən dəyişikliklərin ötürülməsi ilə əmələ gəlir. Ata-ana genetik xəstəliyin daşıyıcısıdırsa, hər hamiləlikdə uşağın 25 faiz xəstə doğulma ehtimalı var. Tibbi nöqteyi-nəzərdən bu belə izah olunur: dominant (özünü büruzə verən) genlərlə və ressesiv (gizli qalan) genlərlə keçən xəstəliklər var. Ressesiv genlərlə keçən xəstəliklər daha geniş yayılıb. Yad bir insanla ailə quranda bu xəstəliklər özünü büruzə vermir, çünki yad insanda xəstə genlər olmadığına görə, sağlam genlər ressesiv genləri örtür. Amma iki qohumda bir xəstəlik varsa, iki ressesiv gen bir-biri ilə birləşəndə xəstəlik özünü büruzə verir. O baxımdan bütün qohum nikahlarda əksər halda xəstə uşaqların doğulma ehtimalı çox yüksək olur. Nəsildə, ulu babada, nənədə olan xəstəliklər bu tip evliliklər zamanı dünyaya gələn körpələrdə təkrarən meydana çıxır. Bu da ondan irəli gəlir ki, ulu baba, nənə daşıyıcı olub, xəstəlik özünü büruzə verməyib. Sadəcə onların gələcək nəsli bu genləri götürüb.

-Bəziləri düşünür ki, xalaqızı-xalaoğlu ilə evlənmək olmaz, amma əmiqızı-əmioğlu ilə evlənmək olar. Əsas fəsadlar hansı bağlar üzrə müşahidə olunur - ata, yoxsa ana xətti üzrə?

-Bu fikirlə qətiyyən razı deyiləm. Bu da yanlış fikirdir. Hər bir uşağa genomun yarısı atadan, yarısı anadan keçir. Əmiuşaqları, xalauşaqları, bibi, dayıuşaqları da hamısı eyni dərəcəli qohum evliliyidir və eyni dərəcədə genetik xəstəliklərlə rastlaşırıq. Həm ana, həm də ata tərəfdən yaxın qan qohumlarının nikahlarından olan uşaqlar qüsurlu doğula bilər. Bu evliliklərdə xəstə uşaqların doğulma riski hər zaman böyükdür. Hətta belə uşaqlar ana bətnində qalmır, ya düşük olur, ya da ölü doğulur. Beynin düzgün formalaşmaması, şəkərli diabet, eşitmə, görmə qabiliyyətinin zəifləməsi və digər bu kimi problemlər bəzən yalnız zamanla özünü büruzə verir. Hər iki tərəf daşıyıcıdırsa, ressesiv genlər birləşdiyi zaman, xəstəlik əmələ gətirmə faizi yüksəlir. Dominant genlərlə keçən xəstəliklər qohum evlilikləri olmadıqda da keçir. Daşıyıcı ana və ata praktiki olaraq sağlam insanlardır, lakin qohumdurlar və xəstəliyi genlərində daşıyırlar. Belə olan halda hər dörd qohum evliliyindən birində xəstə uşaq dünyaya gəlir.

- Əgər genetikada pozğunluq varsa, çox yaxın qan qohumlar evləndiyi zaman ola bilər ki, birinci nəsildə bu özünü göstərməsin?

-Elə qohum evlilikləri var ki, onlarda heç bir xəstəlik yoxdur, uşaqlar da çox sağlamdırlar. Nəslə, şəcərəyə baxanda onlarda hər hansı genetik xəstəlik görmürük. Amma daşıyıcılıq var. Ona görə də ilk dönəmdə olmasa belə, nəvə və yaxud nəticələrində xəstəlik özünü büruzə verəcək.

- Bəzən qohum evliliklərinin, həm də erkən nikahlardan ibarət olduğunu görürük...

- Bəli, bu artıq ikiqat risk deməkdir. Erkən yaşda hamiləlik qadınların reproduktiv sağlamlığı üçün ciddi təhlükədir. Erkən hamiləlik travma və vaxtından əvvəl doğuş riski kimi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə də ananın arzuolunmaz hamiləlik keçirməsi bir çox xəstəliklərə yol açır. Bu uşaqlar erkən yaşda hamiləlik dövründə qalıcı fiziki və psixoloji problemlərlə üzləşirlər. Bu qadınların gələcəkdə təkrar hamiləliyi zamanı da fəsadlar yaşanır. Orqanizmin hamiləlik dönəmini başa çatdırıb, normal uşaq dünyaya gətirməsində problemlər yaranır. Buna görə də xəstəliklərin qarşısını almaq üçün qohum evliliklərinə, erkən nikahlara yox deyək! Bu gün mentalitet səbəbindən qız uşaqlarını ginekoloqa aparmağı hələ də qəbul etməyən valideynlər var. Unutmayaq ki, qız uşaqlarının erkən ginekoloji müayinəsi gələcəkdə sağlam analığın təminatıdır.


Həkimlə əlaqə saxlamaq üçün: (055) 766 33 30

https://www.instagram.com/ginekoloq_ismayilova_xayala/ 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
baki-xeber.com

1Mənbələr