AZ

NATO-ya alternativ gəlir – Rusiya və Çinin məqsədi nədir?

Əsası 2001-ci ildə qoyulan Şanxay Əməkdaşlıq Təşkilatı - ŞƏT beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Təşkilata yeni üzvlərin qoşulması bu qənaəti gücləndirir. ŞƏT-in son Astana toplantısının nəticələri hələ uzun müddət müzakirə ediləcək. Artıq ŞƏT Qərb və onun qurumlarına alternativ kimi görülür. Qərb və Rusiya mediasında tirajlanan xəbərlərdə və analitik şərhlərdə də xüsusi vurğulanır ki, ŞƏT NATO-ya qarşı güc mərkəzinə, beynəlxalq arenada nüfuzlu oyunçuya çevrilir. ABŞ mediasında yer alan xəbərlərə görə, təşkilatın sammitlərini diqqətdən kənarda qoymaq düzgün deyil. Bildirilir ki, bu sammitlər Rusiya üçün mühüm əhəmiyyət kəsb edir. Kreml göstərmək istəyir ki, Qərbin onu izolə etmək planları alt-üst olub. ŞƏT artıq iqtisadi cəhətdən qüdrətlənməkdədir. Təşkilata üzv ölkələrin xarici ticarət dövriyyəsi səkkiz trilyon dolları ötüb ki, bu da qlobal ticarətin dörddə birinə bərabərdir. Təşkilata daxil olan ölkələrin iqtisadiyyatları 4-9 faiz arasında yüksək artım tempi göstərir.

“Şimali Atlantika Alyansının ciddi bir rəqibi var, ona çox ehtiyatla yanaşmaq lazımdır. Bu, ŞƏT-dir”. Bu fikri ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis bildirib. Onun fikrincə, bu ayın əsas hadisəsi Vaşinqtonda keçirilən NATO sammiti deyil, ŞƏT üzvlərinin Astanada keçirilən görüşü oldu. Stavridis hesab edir ki, müəyyən mənada ŞƏT NATO-nun alternativ variantıdır. Keçmiş baş komandan xatırladıb ki, dünya ÜDM-nin 30 faizdən çoxu, Avrasiya qitəsi ərazisinin 80 faizi və dünya əhalisinin 40 faizi Şanxay Əməkdaşlıq Təşkilatının payına düşür. Bu səbəbdən də o, ŞƏT-in inkişafına daha ehtiyatlı yanaşmağı tövsiyə edir. Baxmayaraq ki, təşkilatın müdafiə xərcləri hazırda alyansın ümumi xərclərinin yarısıdır, yəni təxminən 1,2 trilyon dollardır.

Rusiya və Çinin planları

Stavridisin qənaətincə, NATO ŞƏT-in artan təsirinə, iqtisadi və hərbi imkanlarına və ambisiyalarına daha çox diqqət yetirməlidir. Qərb bloku üçün ciddi çağırış Rusiya və Çin arasında əməkdaşlığın davamlı olaraq möhkəmlənməsidir. Əsas narahatlıqlar odur ki, Rusiya və Çin böyük regional gücləri ABŞ-nin rəhbərlik etdiyi dünya nizamından uzaqlaşdırmaq üçün istifadə edə bilər. O, hətta iki ölkənin - Türkiyə və Səudiyyə Ərəbistanının da adını çəkib. Ər-Riyad ŞƏT-in dialoq tərəfdaşıdır və təşkilata tamhüquqlu üzvlük üçün çalışır.

Maraqlıdır ki, bir qədər əvvəl Stavridis NATO-nun gücünün zirvəsində olduğunu və bütün 75 illik tarixində müttəfiqlərinin maksimum birliyini yaşadığını söyləyirdi. “NATO yarananda 12 ölkə var idi, bu gün isə 32 ölkə var. Onlar dünya ÜDM-nin yarısını təşkil edir, üç milyonluq orduları var. Dənizdə 800 iri hərbi gəmimiz, 15 min döyüş təyyarəmiz mövcuddur. Böyük imkanlar var”, - deyə keçmiş baş komandan bildirmişdi. Lakin indi o, fikrini dəyişib və ehtiyatlı olmağa çağırış edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
6
publika.az

6Mənbələr