AZ

Universitetlər təhsil haqqını niyə bahalaşdırır? – AÇIQLAMA

Yeni tədris ilində universitetlərə qəbul olan tələbələrin illik təhsil haqlarının artacağı barəsində məlumatlar yayılır.

Universitetlərdə təhsil haqlarının artırılmasının səbəbləri nədir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, universitetlər öz xərclərini təhsil haqqı hesabına qarşıladığı üçün belə bir addım atmağa məcbur olublar:

“Əsas problemlərdən biri odur ki, universitet öz xərclərini yalnız tələbələrin ödədiyi təhsil haqqının hesabına qarşılayır. Bu həddindən artıq çətin prosesdir. İstər dövlət, istərsə də özəl universitetlər bütün xərclərini tələbələrin ödədiyi illik təhsil haqqı hesabına ödəyir ki, bu da çətinliklər yaradır”.

Ekspertin sözlərinə görə, qabaqcıl beynəlxalq təcrübədən fərqli olaraq Azərbaycan universitetlərində elm-biznes əlaqələndirilməsi işi qurulmayıb:

“Universitetlərimizin özünü həm də elmi tədqiqat müəssisəsi kimi formalaşdırması, bunun işlək mexanizmlərini hazırlaması prosesinə başlanmayıb. Bu qurulsaydı elm-biznes əlaqələndirilməsi vasitəsilə istehsalat dünyasından pul əldə etmək şansları yaranardı. Amma bizdə belə bir təcrübə yoxdur. Universitetlər maliyyə baxımından özünü tənzimləməyə keçmədiyi üçün yegənə gəli mənbəyi tələbələrdən toplanan illik təhsil haqlarıdır. Bu isə bahalaşmanı qaçılmaz edir, çünki maddi məsrəflər artır, pulun müəyyən dəyərləndirmə keyfiyyəti aşağı düşür və nəticədə universitet yeganə çıxış yolunu tələbələrin təhsil haqqını artırmaqda görür. Bu qarşıdak illərdə də davam edəcək”.

Elmin Nuri bildirir ki, hansı ixtisasların xərcləri daha çoxdursa, həmin ixtisaslar üzrə artımlar da daha çox olur:

“Bu ilk növbədə texniki və təbiət, mühəndislik, İT əsaslı ixtisaslara aiddir. Onların xərc yönümlülüyü çox olduğu üçün bu ixtisaslarda təhsil haqqı artımını görə bilərik. Sosial elmlərdə xərclər o qədər çox olmur. Çünki onların laborator, texniki avadanlıq xərcləri çox deyil. Buna baxmayaraq, burada da nisbətən artım görəcəyik”.

Aygün Mirakif

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
konkret.az

1Mənbələr