AZ

"Uşaqların həm fiziki, həm də mənəvi baxımdan inkişafı cəmiyyətdəki şərtlərdən çox asılıdır" - RƏY

Uşaq və gənclərin mənəvi, fiziki inkişafın təlim və tərbiyə metodlarının uğurlu tətbiqi nəticəsində nail olmaq mümkündür. Bu onların gələcəkdə layiqli vətəndaş olmalarının təminatçısıdır. Uşaqların hərtərəfli biliyə, geniş dünya görüşünə, milli-mənəvi dəyərlərimizə yiyələnən vətəndaş kimi böyümələri istiqamətində mühüm addımlar atılması Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin əsas parçasıdır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Üzeyir Şəfiyev deyib ki, uşaqların sosiallaşması, həm fiziki, həm də mənəvi baxımdan əhatəli, normal inkişafı cəmiyyətdəki şərtlərdən çox asılıdır. 

 

 

Onun sözlərinə görə, insan təkcə valideynin övladı deyil, həm də mühitin, zamanın övladıdır: “Şübhəsiz ki, cəmiyyətdə mövcud olan mühit uşaq və gənclərin sosiallaşmasında birmənalı şəkildə müəyyənedici təsirə malikdir. Uşaqların ahəngdar fiziki-mənəvi inkişafı üçün ilk növbədə sosiallaşma institutları sağlam olmalıdır. Birinci ailə institutundan başlayaq. Sosiallaşma üçün ilk növbədə sağlam ailə mühiti olmalıdır. Ailədə psixoloji iqlim normal olmalıdır. Valideyn öz missiyalarını başa düşməli, uşağa mülkiyyəti kimi baxmamalı, onunla aqressiv rəftar etməməlidir. Səmimi ortamda olmalıdır. Valideynin hüququ heç də uşaqların mənafeyinə zidd olmamalıdır. Bu, Konstitusiyamızda da, Ailə Məcəlləsində də var. Valideynlərin hamısının təhsilli olması vacib deyil. Əsas budur ki, ailə quran cütlüklər valideynlik missiyasını başa düşsünlər, övlada düzgün tərbiyə verməyi bacarsınlar. Uşaqlarla rəftarda ifrat dominantlıq etməməli, uşaqların düşüncələrinə hörmətlə yanaşmalıdırlar. Uşaqlara müstəqil qərar qəbul etmək imkanı vermək lazımdır. Təsadüfi deyil ki, “valideyn” sözü ərəb sözü olub, “eyn” göz, “valid” etibar deməkdir. Yəni “uşaq üzərində etibarlı göz” anlamına gəlir. Çox yaxşı olar ki, valideynlər uşaqlara düzgün istiqamət göstərib, faydalı tövsiyələr versinlər. Kənardan da olsa, uşaqları nəzarət mexanizmi ilə əhatə etsinlər. Səmimi ortam olsun ki, uşaq öz problemlərini, çətinliklərini ata-anası ilə bölüşə bilsin, labirint situasiyada özlərinə qəsd etməsin”. 

 

Ü.Şəfiyev bildirib ki, uşaq və gənclərin mənəvi, fiziki inkişafında rol oyanayan ikinci institut bağçalar, orta və ali məktəblərdir: “Əlbəttə ki, burada da neqativlərdən kənar sağlam mühit olmalıdır. Uşaqların bir-birilərinə qarşı bullinq tətbiq etmələrinə yol verilməməlidir. Çünki o mühitdə hər cür uşaq var. Maksimum çalışmalıyıq ki, dayanıqlı, sağlam ailə mühitinə nail olaq. Amma bu, həmişə mümkün olmur. Bəzən orta məktəblərdə, bağçalarda, şübhəsiz ki, natamam ailələrdən olan uşaqlar olur. Yaxud da mənəvi, mədəni səviyyəsi fərqli ailələrin uşaqları təmsil olunurlar. Çalışmalıyıq ki, natamamlıq kompleksindən əziyyət çəkən uşaqlar öz yaşıdlarına qarşı aqressiya nümayiş etdirməsinlər. Yaxud belə hal baş versə, qabaqlayıcı metodlarda qarşısını almaq lazımdır. Ümumiyyətlə, məktəb mühiti sağlam olmalıdır. Bilirsiniz ki, məktəbin missiyası təkcə təhsil vermək deyil, həm də didaktikadır. Uşaqların tərbiyədə ideoloji cəhətdən zəngin böyümələrində məktəbin rolu müstəsnadır”. 


Sosioloqun sözlərinə görə, sosiallaşma institutu kimi ailədən və məktəblərdən daha öndə təsir imkanına malik olan sosial media, sosial şəbəkələr, internet resurslarıdır: ““Z” nəsli və sonradan gələn “Alfa” nəsli məhz bu mühitdə böyüyür. İnternetin, sosial medianın, sosial şəbəkələrin təsiri uşaq və gənclərin davranışlarına, hərəkətlərinə, tərzlərinə birmənalı təsir göstərir. Hətta bəzən görürük ki, uşaqların aqressiv davranışında baxdıqları filmlərin, cizgi filmlərin, oyunların qəhrəmanlarına oxşama cəhdlərini hiss edirik. Bütün bunlar onların davranışlarına təsir göstərir. Xüsusilə, “Tik Tok” kimi sosial şəbəkə platformalarının da təsiri böyükdür. Çalışmalıyıq ki, maksimum uşaqların zərərli informasiyalardan qorunmasını təmin edək. Bununla bağlı cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı da var. Çox yaxşı olar ki, sərəncamın icrasına nəzarət mexanizmi gücləndirilsin. Monitorinqlər həyata keçirilsin. Sosial şəbəkə vahidlərinin təsirlərindən maksimum uşaqların az zərər görmələri üçün qanunvericilik istiqamətində də addımlar atılmalı, təkmilləşməli, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun olmalıdır. Belə bir zərurət var. “Media haqqında” qanunda da uşaqların zərərli informasiyalardan qorunmaları ilə bağlı məqamlar var, lakin bəzi kütləvi informasiya vasitələri, sosial media təmsilçiləri qanuna məhəl qoymurlar. “Sarı” informasiyalar, uşaqlara zidd məlumatlar tirajlanır. Cinayət, kriminal aləmin dırnaqarası qəhrəmanları az qala uşaqlara kumir kimi təqdim olunur. Onlar haqqında əfsanələr saytları, qəzet manşetlərini “bəzəyir”. Yeniyetmələr də elə bilirlər ki, cinayət dünyasının adamları düzgün yaşayırlar, deməli, onları kumir seçmək olar. Necə ola bilər, qanuni oğru haqqında film çəkilsin, kitablar yazılsın, saytlarda məqalələr dərc edilsin? Bu, hələ psixologiyası möhkəmlənməmiş, düzü səhvdən seçməyi bacarmaqda çətinlik çəkən uşaq və yeniyetmələrə mənfi təir göstərir, onların əxlaqını deqradasiya edir. Bunun fərqində olmalıyıq. Yaxşı olar, uşaqların ahəngdar inkişafı üçün samballı, məzmunlu, yeniyetmələrə, gənclərə sağlam mesajlar ötürən ədəbiyyat nümunələri olsun. Bununla bağlı təkcə intellektual yox, həm də mənəvi-əxlaqi dəyərləri aşılayan verilişlər olmalıdır. Əslində uşaq və gənclərin inkişafı üçün bölgələrdə də maraqlı infrastruktur, idman mərkəzləri yaradılıb. Bunların funksionallığını artırmaq, uşaqların ora gedişini təşviq etmək lazımdır. Hökumət, dövlət səviyyəsində əsaslı addımlar atılır, sadəcə, cəmiyyət özü də maraqlı olmalıdır. QHT-lər bu işdə iştirak etməli, sosiallaşma institutları öz məsuliyyətlərini başa düşməlidir. Cəmiyyətimiz müstəqil cəmiyyət kimi qlobal dünyaya inteqrasiya olunub. Şübhəsiz ki, qlobal dünyanın bir parçasıyıq. Baş verən hadisə kəpənək effekti ilə dünyanın hər bucağına təsir göstərir. Azərbaycan da kənar təsirlərdən sığortalanmayıb. Maksimum cəmiyyətimizi neqativ, aqressiya ötürən təsirlərdən qoruyaq. Hətta bu tip oyunların ölkəmizə keçid etməsinə selektiv yanaşaq. Filtirizasiya aparılmalıdır ki, cəmiyyətimizin mənəvi-əxlaqi düzəni pozulmasın, cəmiyyətimizin müsbət özəllikləri qorunub saxlanılsın, sosial varisliklə gələcək nəsillərə ötürülsün, cəmiyyət sosial anemiyalardan xilas olsun, sağlam düzəndə inkişaf etsin”. 

 

Tanınmış psixoloq Samirə Bağırova isə bildirib ki, uşaq və gənclərin fiziki, mənəvi inkişafı sahəsindəki psixoloji vəziyyət onu qane etmir: 

 

 

“Yeniyetmə və gənclərlə daha çox çalışıram. Onların psixoloji vəziyyətləri heç də ürəkaçan deyil. Savad baxımından çoxu savadlıdır, amma mübarizlik, hədəf qurmaq, nə isə yaratmaq, xəyal gücü, irəli getmək, cəsarət kimi insanı həyata bağlayan vacib emosiyalar zəifdir, yaxud heç inkişaf etməyib. Çox faizində motivasiya hissi aşağıdır. Çox düşündüm ki, səbəb nə ola bilər? Sonunda bu nəticəyə gəldim ki, valideynlər övladlarını əziyyətə, çətinə öyrətmirlər. Uşaqlar hər şeyi hazır əldə edirlər. Ev təmizliyi, fiziki iş, bazarlıq, evə, ailəyə aid işləri tapşırmaq, sınmış bir şeyləri düzəltməyi öyrətmək yoxdur. Valideyn uşağı yalnız dərs oxumağa sövq edir. Özü isə bütün gündəlik ailə qayğılarını üzərinə götürür. Halbuki fiziki iş və çətinlik insanda motivasiya, mübarizlik, əldə etmək istəyini gücləndirir. Valideynlər özləri çətinlik görüblər deyə istəmirlər ki, uşaqları əziyyət çəksin və bu şəkildə onları həm robot  kimi duyğusuz, həm həyatın özünə, sınaqlarına fiziki və mənəvi zəif, şikəst şəxslər kimi yetişdirirlər. Şikəstlik yalnız fiziki məhdudiyyətlə ölçülmür. Onları hətta həyata bağlayan mənəvi güclər var ki, onunla mübarizələrini davam edirlər. Mənən şikəstlər cəmiyyətdə xaos yaradırlar. Beləliklə, digər sağlam mənəviyyata sahib insanların da həyatlarını çətinləşdirmiş olurlar...” 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub. 


Aytəkin Qardaşova 

 

Tarix: 27 İyul 2024, 10:11   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
pravda.az

1Mənbələr