AZ

“25 min avro Qənimətə çatacaq, 10 min manat isə...”

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birlikdə ittiham olunan jurnalist Elnur Vaqif oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublunun vəkili Nemət Kərimli çıxış edib. O bundan əvvəlki prosesdə Tofiq Yaqublunun vəkilləri ilə yanaşı əyləşməsi barədə vəsatətlərinin təmin edildiyini hakimlərin diqqətinə çatdırıb.

Vəkil məhkəmə qərarının icra olunmadığını, təqsirləndirilən şəxslərin onlarla yanaşı əyləşmədiyini deyib.

Hakim Elnur Nuriyev bildirib ki, məhkəmənin qəbul etdiyi qərar qüvvədədir, Tofiq Yaqublunun vəkilləri ilə yanaşı əyləşməsi üçün heç bir əngəl yoxdur. Amma məhkəmənin qərarını icra etməkdən Tofiq Yaqublu zöü boyun qaçırıb. O, məhkəmə iclasında şüşə qəfəs arxasında iştirak edəcəyini deyib.

Daha sonra dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.

Dövlət ittihamçısının səsləndirdiyi ittihamdan məlum olur ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək özgəsinin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib.

Tofiq Yaqublu zərərçəkmiş Elşən Hüseynova Almaniyada vətəndaşlıq verilməsi üçün ondan 25 min avro, 10 min manat pul istəyib. Araçılıq edən Elnur Məmmədov deyilənləri zərərçəkmişə çatdırıb. Həmin vəsaiti alaraq Tofiq Yaqubluya verib.

Tofiq Yaqublu və Elnur Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
5
publika.az

2Mənbələr