AZ

Alimdən şok iddia: Nizaminin İrəvanda gizlədilən türkcə əsərləri var...

Dünya elminə və poeziyasına əvəzolunmaz töhfələr vermiş Nizami Gəncəvi (Gəncəli) Şərq və Qərbin bu gün də araşdırdığı və öyrəndiyi böyük şəxsiyyətdir.

Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi bütün dövrlərdə sevilib. O, təkcə şair yox, eyni zamanda bütün elmlərə vaqif olan dahi mütəfəkkir idi:

“Amerika tarixçisi Lev Slyozkin 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının birinci qurultayında nümayəndə heyətinin üzvü kimi çıxış edərək, Nizami Gəncəvini “Gəncədən olan türk” adlandırıb. Elə şəxsiyyətlər var, onlar tək bir xalqa yox, bütün dünyaya məxsusdurlar. Azərbaycan xalqının dünya ədəbiyyatına verdiyi dahilərdən biri də Nizami Gəncəvidir.

Yevgeni Bertels tərəfindən hazırlanan Böyük Sovet Ensiklopediyası 1939-cu ildə Nizamini Azərbaycan şairi kimi təqdim etdi. 1940-cı ildən sonra Nizaminin azərbaycanlı olması artıq bütün sovet alimləri tərəfindən qəbul olundu. Nizami Gəncəvi 1188-ci il sentyabr ayının 24-də bitirdiyi “Leyli və Məcnun” əsərini türk dilində yazmaq istəmişdi. “Leyli və Məcnun”u türk dilində yox, fars dilində yazmasını əmr verən Axistanın hərəkətləri onu çox qəzəbləndirmiş, amma oğlu Məhəmmədin xahişi ilə onu farsca yazmağa razılıq vermişdi. Amma öz etirazını əsərdə belə şərh etmişdi: Nə cürətim vardır əmrdən qaçam, nə də könlün vardır xəzinə açam”.

Zaur Əliyev bildirib ki, Qərb ədəbiyyatşünaslığı isə Nizamini əsasən fars və iranlı kimi təqdim edir:

"Əsərlərini fars dilində yazmasını əsas kimi götürürlər. Halbuki fars dilində yazmaq o dövrün ənənəsi idi. Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazır: "Türklüyüm bu həbəşdə heç getmir, Dadlı dovğaya xalq meyl etmir".

Burda da farslığım və ya kürdlüyüm deyil, türklüyüm deyir. Hələ XV əsrdən Dövlətşah Səmərqəndi “Təzkirətül-şüəra” kitabında Nizaminin türkcə divanı barədə məlumat verib. Şah İsmayıl Xətai də Nizamini çox sevirdi. Onun fərmanıyla “Xəmsə”nin üzü dəfələrlə köçürülmüşdü. Nizami Gəncəvi də öz övladını türkzadə (türk oğlu) adlandırır. “Xosrov və Şirin” əsərinin sonunda yazır:

Əgər şod torkəm əz xərgəh nəhani,
Xodayə, torkzadəmva to dani.

(Əgər türküm çadırdan gizlinə çəkildisə də,
Xudaya, türk balasını sən özün qoru.)

Məlumdur ki, bu misralarda şair çox sevdiyi Afaqın dünyadan köçməsindən bəhs açır, ona türküm deyir, Afaqdan olan oğlu Məhəmmədi isə türk balası adlandırır.

Gəncə şəhərinin XII əsrdə İran şəhəri olması haqqında fikir də yanlışdır. Gəncə necə İran şəhəri ola bilərdi ki, Nizaminin dövründə İranın özü Səlcuq imperiyasının bir hissəsi idi? Siz bunu yaxşı bilirsiz ki, Pəhləvi sülaləsi ingilislərin köməyi ilə hakimiyyət başına gələndən sonra İran adı dövriyyəyə girdi.

3 aprel 1939-cu ildə Ukrayna şairi Nikolay Bajanın “Pravda” qəzetində məqaləsi çıxır. Məqalədə o, Stalinlə görüşündən danışırdı:

“Yoldaş Stalin mənə azərbaycanlı şair Nizami ilə bağlı danışdı, onun əsərlərindən sitat gətirdi, bu sözlərlə o, əsaslandırmağa çalışırdı ki, Nizamini İran ədəbiyyatına vermək lazım deyil. Ona görə yox ki, farsca şeirlər yazıb, ona görə ki, o öz poemalarında farsca şeir yazmağa məcbur olduğunu və öz xalqı ilə doğma dilində kontakta icazə verilmədiyini göstərir".

1947-ci il 22 sentyabrda SSRİ Yazıçılar İttifaqının sədri Nikolay Tixonovun “Pravda” qəzetində belə bir məqaləsi dərc olunmuşdu:

“Aydındır ki, Nizami farsca yazıb, Azərbaycan xalqının düşmənləri olan burjua tarixçiləri, İran milliyyətçiləri tərəfindən Nizaminin fars şairi kimi qələmə verilməsi və onu vətəni Azərbaycanla əlaqəsinin olmaması faktı ilk dəfə deyil, ancaq bu həyasız yalan heç kimi aldada bilmədi. Fars dilində yazmaq o dövrün ənənəsi idi".

Bir-iki əsr keçdi və buz sındırıldı. Xətai, Nəsimi, Füzuli, Bürhanəddin, Nəvai və başqaları türk dilində də yazmağın mümkün olduğunu sübut etdilər.

Nizami bir türk oğlu olduğundan əsərlərində də türklərin təəssübünü çəkən bir adam kimi çıxış edirdi. İndiki dillə deyilsə, ona bir türkçü kimi yanaşmalıyıq. Nizami irsinin görkəmli tədqiqatçısı Rüstəm Əliyev deyirdi ki, Nizami nəinki türk, hətta türkçü idi. Nizaminin əsərlər ilə ayaqüstü tanışlıq belə bu şəkildə düşünməyə əsas verir. “Sirlər xəzinəsi"ndə qoca bir qadının sultan Səncərə irad tutması buna misal ola bilər.

“Türklərin şöhrəti tutmuş aləmi, sən türk deyil, bir hindlisənmiş?”, yaxud “ölkələri ədalətdən güllü yazdı türklərin” deyən Nizami Türk Səlcuq dövlətindəki sosial ədaləti nəzərdə tutur. Poemalar fars dilinin dəri ləhcəsində, Xorasan, Bəlx dialektində yazılmışdı. Şairin isə Xorasanda, indiki Əfqanıstanda olub həmin yerlərdə yaşayan farslarla ünsiyyət saxlamaıyıb, Xorasanda da olmayıb. Xorasanda olmamısansa, Xorasan ləhcəsində necə yaza bilər?

Şairin farsca yazmasına gəldikdə, Çin dili orta əsrlərdə uzun müddət Koreyada, Yaponiyada və Vyetnamda ədəbi dil kimi işlənmişdir. Belə çıxır ki, yapon və koreyalıların bütün ədəbi şəxsiyyətləri çinli sayılmalıdır? Yaxud XI-XII yüzilliklərə qədər Qərbi Avropa xalqlarının yeganə ədəbi dili latın dili olub. Onda bütün Avropa şair və yazıçıları latınlıdır?

Buradan belə nəticə çıxarmaq olar ki, yalnız fars dilində yazdığına görə Nizamini və orta əsrlər Azərbaycan poeziya məktəbinin başqa böyük nümayəndələrini “İran şairi” (fars şairi) adlandırmaq qətiyyən düz deyil”.

Tarixçi bildirib ki, 1940-ci ildə İrəvan şəhərindəki Matendaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş № 43 fars əlyazmaları bölməsində Nizami Gəncəvinin 1560-cı ildə Əbdül Əli Seyfi ibn Abdullanın xəttatlığı ilə nəzmə çəkilən “Xəmsə” əsərini və 1700-ci ildə nəzmə çəkilən “Yeddi gözəl” əsərini və Azərbaycan türk dilində Nizami Gəncəvi tərəfindən yazılan və № 57 fars əlyazmaları bölməsində 12 bəndlik qəzəlini aşkara çıxarır:

“Türk dilində “Ey Nizami, gözəlin dodağında olan xala bax” misrası ilə başlayan qəzəl mürəkkəblə yazılıb. Bir qədər köhnə olmasına baxmayaraq oxunması rahat olan sənəddə idi. Bu sənəd üzə çıxan kimi Şərq üzrə mütəxəssis olan erməni alimləri Acaryan, Şahnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu incələməyə çalışıblar.

İki əsərin fars, qəzəlin Azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən olaraq məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu Azərbaycan türkcəsində yazılıb.

Erməni aliminin hesabatında yazılır: “Nizami Gəncəvinin Şirvanşah Axistian tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan Türk dilində”.

Azərbaycandan ezam edilən alimlər Metandarana gələrək əlyazmalarla tanış olurlar və Bakıya məlumat verirlər ki, tapılan sənədlərin içində Nizami Gəncəvinin Azərbaycan türkcəsində şeirləri üstünlük təşkil edir. Hətta o dövrdə “Kommunist “ qəzetində azərbaycanlı alim Həbib Yusifovun məqaləsi də dərc edilir.

1940-ci ildə Azərbaycan “Leninqrad” şəhərində arxivdə də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə müzakirələr aparılır. Lakin müharibənin başlanması bu planları pozur və erməni tərəfi Nizami Gəncəvinin bütün Azərbaycan türkcəsində olan əlyazmaları, kitabları və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxartmaqdan imtina edirlər.

Azərbaycan tərəfinin xahişlərinə baxmayaraq bu sənədlər bir daha onlara göstərilmir və bu günə qədər də Matendaranda saxlanmaqdadır”.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
2
teleqraf.com

3Mənbələr