AZ

MY 18 yaşlı müdafiəçiyə görə 70 milyon avro ödəyib - Yoro bu pula dəyirmi?

“Mançester Yunayted” “Lill”in 18 yaşlı müdafiəçisi Leni Yoronu almaqla hələ ki bu yayın ən baha transferini reallaşdırdı.

Fransa klubu 62 milyon avro əldə etdi, üstəlik bonus kimi daha 8 milyon ala bilər. Sizdə “axı bu futbolçu kimdi və niyə belə bahadı” sualı yarandısa, onda həmin suala cavab tapmağa çalışacağıq.
O məqamdan başlayaq ki, digər nəhənglər – ilk növbədə PSJ ilə “Real” da Yoro ilə ciddi maraqlanırdı. Ancaq hər biri böyük təcrübəsi olmayan futbolçuya görə “Lill”in istədiyi pulu ödəməkdən çəkindi. “Şimallı itlər” Leninin əvəzində 70 milyon avro (“transfermarkt” onu 50 milyona dəyərləndirir) istəyirdi. Şayiələrə inansaq, “Real” yalnız 30 milyon ödəməyə hazır idi. Ancaq gördüyünüz kimi, MY satıcının tələbini qarşıladı. Yoronun müqavilə müddətinin sonuna cəmi bir il qaldığını nəzərə alsaq, onun üçün ödənilən məbləğ adamı daha da təəccübləndirir. Nüfuzlu insayder Florian Plettenberqin yazdığına görə, Yoro həm də yaxşı əməkhaqqı alacaq – mövsüm ərzində 7+2 milyon avro. Futbolçunun agenti Jorje Mendeş bir neçə gün əvvəl demişdi ki, “Real”a transfer Leninin arzusudu, ancaq “Marca”nın iddiasına görə, MY-dən daha cəlbedici təklif alan “Lill” oyunçusuna təzyiq göstərib, keçidə razılıq verməsə, oyun praktikasından məhrum olacağı ilə təhdid edib.

Yoro bu pula dəyirmi?
Aydın məsələdi ki, MY perspektivli futbolçu uğrunda mübarizədən qalib ayrılmaq üçün artıq pul ödəyib. Söhbət ondan gedir ki, nə qədər artıq? Tineycerin transferi, demək olar ki, həmişə böyük riskdi, Mançesterdə ümid edirlər ki, Yoro dünya səviyyəli ulduza çevrilməyə qadirdi.
Hələ ki Leninin sürətli tərəqqisi heyran edir. O, Paris ətrafında doğulub, 12 yaşında “Lill”in akademiyasına düşüb, 16 yaşında əsas komandada debüt etməklə klub tarixinə buna nail olan 2-ci ən gənc futbolçu kimi düşüb. Ardından müdafiəçi gənclər arasında dünya çempionatında parlayıb, ötən mövsüm əsas heyətin daimi üzvünə çevrilib, hətta Liqa 1-in rəmzi yığmasına düşüb. 18 yaşlı bir futbolçu artıq 60 oyun keçirib, özünü etibarlı müdafiəçi kimi göstərib – “Lill”in heç bir oyunçusu ötən mövsüm onun qədər meydanda olmayıb. Leni artıq Tyerri Anrinin çalışdırdığı olimpiya yığmasının heyətində qarşıdakı Olimpiadada da özünü göstərməlidi.
Yoro çox balanslaşdırılmış müdafiəçidi. 190 santimetr boya malik olsa da, sürətlidi, bunun sayəsində oyundaşlarını “sığortalaya” bilir. Təkbətək mübarizələrdə reaksiyası yaxşıdı, “2-ci mərtəbədə” güclüdü, güc mübarizəsində pis deyil, oyunu yaxşı “oxuyur”, üstəlik müasir müdafiəçilər üçün vacib olan topla oynamaq bacarığı da var. “Lill”in sabiq baş məşqçisi Paulo Fonseka onun haqda belə deyir:
“18 yaşlı futbolçunun belə yetkin oyun göstərməsi normal hal deyil. Onun Fransada və bəlkə də Avropada öz mövqeyində ən güclü futbolçulardan biri olacağına əminəm. Leni çox yaxşı oynayır, onun böyük futbolçu olacağına şübhə etmirəm”.

Yoro oyun üslubuna görə gənc Rafael Varanı çox xatırladır – onun kimi hündür, sürətli və özünəinamlıdı. Təbii ki, zəif cəhətləri də var. Məsələn, Yoro heç də həmişə epizodları düzgün təfsir etmir – səhv çiyni üstə dönə və ya aldadıcı manevrə qurban gedə bilər. Ancaq bütün bunlar açıq-aşkar təcrübə azlığından irəli gəlir. Savadlı mütəxəssislə çalışmaqla asanlıqla aradan qaldırmaq olar.

Ayağında top olan Yoro özünü inamlı hiss edir, ancaq onu Lyaport, Stounz və ya Qvardiol səviyyəsində görmək olmaz. Gənc fransız sadə və məntiqli ötürmələrə üstünlük verir. O, uzun, ara ötürmələri də verə bilər, ancaq hələ ki buna o qədər də risk etmir.
Bütün bu mülahizələrə yekun vuraq. Yoro səhvlərin bağışlanmadığı mövqedə çıxış etsə də, yeniyetmə yaşında özünü böyüklər arasında göstərə bilən böyük istedaddı. Ancaq sual doğuran məqam başqadı: top-kluba lazım olan keyfiyyət səviyyəsini göstərə biləcəkmi? Axı yetərincə baha qiymətə alınıb. Ancaq perspektivə işləmək planında bu sövdələşmə MY üçün çox sərfəli ola bilər.

MY-nin nəyinə lazımdı?
Yeni futbolçular üçün şişirdilmiş qiymətlər son illərin MY-si ilə bağlı tanış mənzərədi. Ancaq Yoro ilə bağlı məsələdə mankunianların yeni bosslarını anlamaq olar. Birincisi, Avropada Leni ilə Pau Kubarsidən başqa dərhal böyüklər arasında özünü göstərən belə gənc mərkəz müdafiəçiləri yoxdu. İkincisi, “qırmızı şeytanlar” ötən mövsüm bu zonada ciddi problemlər yaşayıb: Martines və artıq komandadan ayrılan Varan zədə üzündən sıradan çıxdı, Ten Haq Maquayra inanmırdı, müdafiənin mərkəzində Kazemironu oynatmaq lazım gəlirdi. Ehtiyat oyunçular skamyasında “çürüyən” Lindelöf və 36 yaşlı Evans da var. Şübhəli seçimlərdi. Odu ki, MY-nin Yoronun transferindən sonra da daha bir müdafiəçini – “Everton”dan 22 yaşlı Carred Brentuyeti və ya “Bavariya”dan daha təcrübəli Matteys de Liqti almaq niyyətindən əl çəkməməsi təəccüblü deyil.
Düşünmək olar ki, elə belə də olacaq. Yoro əsas heyətdə tədricən möhkəmlənəcək. İngiltərə premyer-liqası Fransa çempionatı ilə müqayisədə təmasın daha çox olduğu və aqressiv liqadı. Təbii ki, uyğunlaşmaq üçün vaxt lazım olacaq. Üstəlik qiymət amili də onun üzərində əlavə təzyiqdi. “Lill”də müxtəlif səbəblər üzündən səhvləri bağışlanırdısa, MY-də hər addımına mikroskop altında baxacaqlar. Uğursuq anlarının olacağı dəqiqdi. Ten Haq isə Leninin üzərindəki fiziki və psixoloji yükləməni savadlı şəkildə bölməlidi.

Fransızın transferi perspektivə hesablanan sövdələşmədi. MY-ni öz mövqeyində ən unikal istedadlardan birini transfer etməsi münasibəti ilə təbrik etmək olar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
football-plus.az

1Mənbələr