AZ

Moratanı vətənində niyə sevmirlər? - Avropa çempionlarının kapitanı yenidən İtaliyaya yollandı

“Bu normaldı?” – Alvaro Moratanın xanımı Alisa Kampello yaxınlarda sosial şəbəkədə belə sual yazmışdı.

Onun belə reaksiya verməsinə “El Confidencial” nəşrinin aşağıdakı sərlövhəsi səbəb olmuşdu:
“Morata İspaniyanın utanc duymalı olduğu kapitandı”.
Moratanın çoxdan media və fanatlar ilə münasibətləri gərgindi. Alvaro harda oynayır-oynasın, həmişə məsxərə, mübahisə və müzakirə obyekti olub. İndi isə növbəti dəfə İspaniyadan qaçır. Hərçənd yenicə yığmanın kapitanı kimi Avropa çempionu olub. Forvarda vətənində laqeydlik və hətta nifrət artıq çoxdan memdi. Ancaq niyə belədi?

“Real” və “Çelsi”
Morata sanki həmişə tənqid üçün ideal hədəf olub. İspaniyada Madridin üç klubunun – “Atletiko”, “Real” və “Xetafe”nin gənclər komandasında oynayıb. Yalnız “kral klubu”nda onun potensialını görərək böyük futbola yolunu açıblar.

Alvaro ikiillik (2014-16) “Yuventus” səyahətinin ardından top-forvardlar siyahısına düşməyə iddialı oldu. “Real”a döndü, əsasən sonradan meydana çıxsa da, 2016/17 mövsümündə 15 qol vura bildi. Çoxları məhz onun paytaxt klubunun yeni qəhrəmanı olacağına ümid etsə də, onda Benzema özünü göstərməyə başladı. Bu arada “Çelsi”dən 66 milyon avroluq səxavətli təklif gəldi.

Böyük niftərin tarixçəsi, yəqəin ki, məhz həmin andan başladı. Morata heç cür Fernando Torreskə müqayisə olunmaqdan qurtula bilmədi. O, yetərincə çox qol vursa da, fanatlar yalnız qaçırdığı əlverişli imkanları, boşa verilən təkbətəkləri yada salırdılar.
Morata “Çelsi”də yaxşı başladı, ilk 15 oyunda 9 qol vurdu. Ancaq sonradan zədə aldı, ağrı içində oynadı və əvvəlki formasını bərpa edə bilmədi – mövsümün sonuna qədər qol hesabına daha ikisini əlavə etdi.

AÇ-2020 və yenə nifrət dalğası
Yuxarıda da vurğulağımız kimi, Morata meydanda nə edir-etsin, azarkeşlər yalnız onunla bağlı pis məqamları “yaddaşa vurur”. Komandanın oyununda nəsə alınmayanda birmənalı şəkildə “qurbanlıq qoyun” seçilir. Qol vurmadısa, deməli, onun ucbatından uduzublar. “Çelsi”də də belə idi, milli komandada da. Həmin milli komandada ki, məhz alternativlərin olmaması üzündən Alvaro müntəzəm meydana çıxırdı.

AÇ-2020-də tənqidlər görünməmiş həddə çatdı. Çoxları belə hesab edirdi ki, yığmaya o yox, Yaqo Aspas çağrılmalıydı. Guya “Selta”nın forvardı Alvarodan pis deyildi və heyətə düşməliydi. Daha bir təəccüb doğuran məqam o idi ki, heyətdə Jerar Moreno da olduğu halda, Morata yığmanın əsas hücumçusu oldu. İspaniya ilk oyunda İsveçlə heç-heçə etdi, Alvaro arzuolunmaz səviyyədə oynadı. Ardından Morata Polşa ilə oyunda (1:1) fərqləndi, qrup mərhələsinin sonuncu – Slovakiya ilə oyununda isə penaltini boşa verdi. Yığma həmin gün qalib gəlsə (5:0) də, azarkeşlər tənqidləri ilə forvardı məhv etdi. Moratanı azarkeşlər fitə basır, ələ salırdılar. Düzdü, o özü də odun üzərinə yağ tökdü. Elə həmin AÇ-2020-də Alvarodan soruşdular ki, tənqidlərlə bağlı nə düşünürsən? Cavabı belə oldu:
“Qoy danışsınlar. Vecimə də deyil, azad ölkəyik, nə istəyirlərsə, danışsınlar. Fanatlar Torresi də “sulayırdılar”. Odu ki, onların intellekt səviyyəsini təsəvvür edə bilərsiz”.

Alvaro oynamağa davam etdi, üç qol vurdu, İspaniya yığması isə yarımfinala qədər irəlilədi. Özü də italyanlarla oyunda məhz Morata hesabı bərabərləşdirdi, oyunu overtayma və penalti seriyasına daşıdı. Belə çıxır ki, qəhrəmandı da?
Amma yox. Morata yenə büdrədi – bu dəfə oyunsonrası seriyanın həlledici məqamında. Reaksiyanın necə olduğunu təsəvvür edə bilərsiz. Yeri gəlmişkən, həmin seriyada builki Avropa çempionatının qəhrəmanı Dani Olmo da büdrədi. Ancaq oxlar yenə də yalnız Alvaroya yönəldi.

İspaniya yığmasının kapitanı
“İspaniyada kimsə kimsəyə hörmət etmir” – Morata bu sözləri AÇ-2024-ün 1/4 final oyunundan sonra dedi. Xoşbəxtlikdən Luis de la Fuente Alvaroya hörmət edir. Hətta o dərəcədə ki, kapitan sarğısını da ona vermişdi. Amma məsələn, Dani Karvaxala və ya Rodriyə də verə bilərdi. De la Fuente AÇ-nin seçmə mərhələsi ərəfəsində seçim etdi və sona qədər də seçiminə sadiq qaldı.

AÇ-2024 arxada qalıb, İspaniya çempion olub, bu yığmanın kapitanı isə Morata idi. O bir qol vursa da, topsuz oyunda vacib fiqur idi, hücumdakı tərəfdaşlarının – Niko Uilyamsla Lamin Yamalın parlamasına yol açdı. Ancaq tənqidlər dayanmır - ən müxtəlif media qurumları yorulmadan yazırlar ki, Alvaro sarğını daşımağa layiq deyildi, oynamamalıydı, ümumiyyətlə, çoxdan futbolu bitirməlidi. Baxmayaraq ki, bu adam yığmanın tarixinin 4-cü bombardiridi (80 oyunda 36 qol).
Morata artıq bir dəfə deyib ki, ölkə xaricində oynayanda daha xoşbəxt idim. Odu ki, AÇ-dən dərhal sonra yenidən vətəni tərk etməyə qərar verməsi təəccüb doğurmadı. Artıq “Milan”da tibbi baxışdan da keçib, tezliklə 13 milyon avroya transfer olunması açıqlanacaq.

Bir sözlə, Morata indi özü haqqındakı stereotiplərin qurbanıdı. Dediyinə görə, tənqidi mülahizələrə artıq əvvəlki qədər həssas münasibət göstərmir. Sadəcə, yığma tarixinin ən uğurlu hücumçularından biri özünü vətənində rahat hiss etmir. Və İtaliyaya növbəti səfər ona nifrət edənlərə baxmadan işindən, oyunundan ləzzət almaq cəhdidi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
football-plus.az

1Mənbələr