AZ

Qarşılayın, bu da “Neftçi”nin son transferi! - VİDEO+FOTOLAR

Robert Bauer – əminliklə “Neftçi”nin son illərdə heyətinə qatdığı ən bacarıqlı legionerdir deyə bilərik.

Uyğunlaşma dövrünü tez keçsə, ən qısa zamanda Premyer Liqamızın aparıcı simalarından birinə çevriləcək.

Elə isə, səbəbkarı yaxından tanıyaq.

Əslən qazaxıstanlı, özü alman, dini İslam

1995-cü ildə Almaniyada anadan olan futbolçu əslən Qazaxıstandandır. Özü Hitlerin vətənində doğulsa da, yaşca özündən böyük iki bacısı Qazaxıstanda dünyaya gəlib və valideynləri 1994-cü ildə Almaniyaya köçüblər. Robert müsahibələrinin birində almaniyalı olduğunu deyərək, demək olar bütün qohumlarının Almaniyada yaşadığını bildirib.

O, ötən il sosial şəbəkə hesabında etdiyi paylaşımla həyat İslam dininu qəbul etdiyini bəyan edib. Səbəbkarı isə xanımıdır. Futbolçu həyat yoldaşı ilə Dubayda tanış olub. Atası tanzaniyalı, anası İran və Türkiyə qarışıqlıdır. Xanım Tanzaniyada anad olub. Cütlüyün birgə nigahdan dörd övladı var.

“10 nömrə” xüsusiyyətli müdafiəçi

Oyunçu keyfiyyətlərinə gəlincə, universallığı ilə fərqlənir. Doğma mövqeyi müdafiənin mərkəzi olsa da, arxa xəttin cinahlarında, həmçinin dayaq yarımmüdafiəçisi kimi oynamağı bacarır.

Boyunun mərkəz müdafiəçilərinə xas olmaması (183 sm) bəlkə də ən böyük üstünlüyüdür. Elə buna görə də həmanplualarından cəldliyi ilə fərqlənir, topla səliqəli rəftar edir, hücumların qurulmasında yaxından iştirak edir. Texniki bacarığı da yüksək səviyyədədir.

Cinahda yer alanda keçidləri ilə rəqiblərinə baş ağrısı yaradır, uzaq məsafədən qapıçıların sayıqlığını yoxlamağı sevir. Karyerası ərzində müxtəlif komandaların heyətində 17 qol vurub, 10 məhsuldar ötürmə verməsi məhsuldarlığının göstəricisidir.

2,5 milyonluq transfer

Peşəkar karyerasına 19 yaşında II Bundesliqada “İnqolştadt”ın heyətində başlayıb və həmin il liqanın qalibi adını qazanaraq Bundesliqaya yüksələn komandanın əsas simalarından olub.

Bir mövsüm “İnqolştadt”da oynayandan sonra “Verder”in məşqçilər heyətinin diqqətini çəkib. 2016-cı ilin yayında 2,5 milyon avroya Bremen təmsilçisinə transfer olunub və iki mövsüm burada çıxış edib. 2018-ci ildə Bundesliqada mübarizə aparan “Nürnberq”ə icarəyə verilib.

2019-cu ildə Tula “Arsenal”ından aldığı sərfəli təklifdən imtina edə bilməyən Bauer Rusiyaya üz tutaraq 2 il “Arsenal”da oynayıb. Növbəti 2 il Belçikanın yüksək dəstə təmsilçisi “Sent-Trüden”in sıralarında olub və burada da əsas simalardan birinə çevrilib.

Ötən ilin yayında dünya ulduzlarının cəmləndiyi Səudiyyə Ərəbistanı klubu “Al Tai”da 33 oyunda forma şansı qazanıb.

Robert 2015-ci ildə Almaniyanın U-20 millisində 5, 2016-cı ildə Rio Olimpiadasında iştirak edən U-23 yığmasının heyətində 1 matçda şans qazanıb və gümüş medala sahib olub.

Bundesliqada 89 oyunda meydana çıxan “Neftçi”nin yeni transferi, hər nə qədər qəribə səslənsə də, indiyə qədər avrokuboklarda debüt etməyib.

Təqdim etdiyimiz videoda Bauerin yaşıl meydanlardakı bacarığını görə bilərsiniz.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
sportinfo.az

1Mənbələr