AZ

Malanq Sarr “Çelsi”ni Fransa klubuna dəyişdi

İngiltərənin “Çelsi” klubunun mərkəz müdafiəçisi Malanq Sarr bundan sonrakı karyerasını “Lans”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. O, London təmsilçisindən azad agent kimi ayrıldığı üçün, Liqa 1 klubunu artıq xərcə salmayıb.

Xatırladaq ki, Malanq Sarr 2020-ci ilin avqust ayında “Nitsa”dan azad agent kimi “Çelsi”yə keçmişdi. O, “zadəganlar”ın heyətində cəmi 21 oyuna çıxıb. Bunun əsas səbəblərindən biri Malanqın bu müddət ərzində “Portu” və “Monako” kimi klublara icarəyə verilməsidir.

Sarr əslən Seneqaldan olsa da, Fransa yığmalarında oynamağı üstün tutub. O, bu ölkənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə isə debüt edə bilməyib.

Malanq Sarrı transfer edən “Lans” polşalı hücumçusu Adam Buksanı da Danimarkanın “Midtyulland” klubuna satıb. Fransızlar bu satışdan 4 milyon avro qazanıblar. 28 yaşlı forvard yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Adam Buksa “Lans”a 2022-ci ilin yayında 6 milyon avro müqabilində keçmişdi. O, bu klubun heyətində cəmi 8 matça çıxıb. Ötən mövsümü “Antalyaspor”da icarədə keçirmiş hücumçu, karyerası ərzində “Nyu İnqlend”, “Poqon”, “Zaqlembe”, “Lexiya” (Qdansk) kimi klubların da şərəfini qoruyub.

Polşanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Buksa, 2021-ci ildən əsas millidə forma geyinir. O, Polşa yığmasında 17 oyuna 7 qol vurub.

“Lans” Qvineyadan olan sağ vingeri Morqan Gilavoqini də “Sankt Pauli”yə icarəyə verib. Almaniya klubu 26 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Gilavoqinin “Lans”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.

Morqan Gilavoqi “Lans”a 2023-cü ilin yayında “Paris”dən 4 milyon avro qarşılığında gəlib. O, bu klubun heyətində 28 oyuna 2 qol vurub. “Tulon”un yetirməsi olan futbolçu Qvineya yığmasında 21 oyuna çıxıb, 2 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
arena.az

1Mənbələr