AZ

“Everton” “Napoli”dən Yesper Lindströmü icarəyə götürdü

“Everton” danimarkalı hücumameylli yarımmüdafiəçi Yesper Lindströmü “Napoli”dən icarə müqaviləsi əsasında öz düşərgəsinə qatıb.

Arena.az bu barədə “Everton”un mətbuat xidmətinə istinadən məlumat verir.

Müqavilə 2024/2025-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq. 1 illik icarə İngiltərə klubuna 2,5 milyon avroya başa gələcək. Eyni zamanda, müqaviləyə danimarkalı futbolçunun icarə müddətinin sonunda tamhüquqlu əsasda “qənnadçılar”a qoşula biləcəyi haqda müvafiq maddə əksini tapıb.

Yesper Lindström “Bröndbyu”nun yetirməsidir. Danimarkalı yarımmüdafiəçisi karyerası ərzində Frankfurt “Ayntraxt”ı və “Napoli”də oynayıb.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lindström “Napoli”nin heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 29 oyun keçirib.

Yesper Lindström 2020-ci ilin noyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 16 oyun keçirib, 1 qol vurub.

Yesper Lindströmün qənimətlər muzeyində “Bröndbyu” ilə qazandığı Danimarka çempionluğu (2021/2022) və “Antraxt”la qazandığı Avropa Liqası (2021/2022) var.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

“Napoli” hücumçusu Cüzeppe Ambrozinonu da “Frozinone”yə icarəyə verib. 20 yaşlı italyan forvard qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Amma gənc futbolçunun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Cüzeppe Ambrozino “Napoli”nin yetirməsidir. Amma ona bu klubun əsas komandasında debüt qismət olmayıb. Bu üzdən də hücumçu “Katanzaro”, “Çittadella”, “Komo” kimi klublarda da icarədə olub. İtalyan forvard ölkəsinin U-19, U-20 və U-21 yığmalarında da oynayıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı hücumçunun transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
arena.az

1Mənbələr