AZ

Qaydalara biganəlik həyatımıza təhlükədir- MÜTƏXƏSSİS RƏYİ

Xəzərin dalğaları can alır

Xəzərin dərinliklərində yatan sirr, dalğaların səthindəki sükunət ilə örtülür. Amma bu səth, hər an qorxulu bir şiddətə çevrilə bilir. Geniş mavi paltarı altında, hər bir dalğa özünün canalıcı gücünü gizlədərək, bu təhlükəli əsrarəngizliyi qoruyur. Dənizdəki bu dalğalar, onun üzərindəkiləri qəflətən udur. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili məsələ ilə bağlı bildirdi:

-Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla bağlı zəruri təhlükəsizlik tədbirləri görülüb. Belə ki, aprel ayından etibarən xidmət əməkdaşları yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinq keçiriblər. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və təhlükəli çimərlik ərazilərinin müəyyən edilməsi, həmçinin çimərlik sahibkarlarına (buna termin olaraq çimərlik operatorları deyilir) təhlükəsizlik qaydaları barəsində təlimatların təqdim edilməsi olmuşdur. Bundan başqa, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılmış, sualtı təmizləmə işləri görülmüşdür. Xidmətin nəzarət etdiyi çimərliklərdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xüsusi məlumatverici nişanlar yerləşdirilmişdir. Ölkəmizə gələn turistləri nəzərə alaraq, məhz bu maarifləndirici lövhələr ingilis və Azərbaycan dillərində çap olunaraq 11 adda tərtib edilib və qeyd etdiyim kimi, ən bizim nəzarət etdiyimiz çimərliklərdə eyni zamanda İDEA ictimai birliyi tərəfindən yaradılmış çimərliklərdə yerləşdirilmişdir. Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar şar formasında suyun içərisinə yerləşdirilir, hansı ki, bunlar həmin nişana qədər təhlükəsiz üzmə mesajını verir. Yəni bu nişandan artıq dənizə doğru üzmək qadağan olunur. Xidmətin nəzarət etdiyi çimərliklərdə xilasetmə texnika və vasitələr işlək vəziyyətə gətirilib və iyun ayının 15-dən etibarən xidmət əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məhz bu kompleks təhlükəsizlik tədbirlərinin, mən deyərdim, uğurlu nəticəsidir ki, artıq iyun ayının 15-dən bu günə kimi 84 suda boğulma təhlükəsi ilə üzləşən şəxs tərəfimizdən xilas olunub və xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Baxın, bu rəqəmlər onu deməyə əsas verir ki, həqiqətən çimərlik seçimində diqqətli olmaq lazımdır. Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, xilasetmə texnika və vasitələri mövcud deyilsə, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu ərazilərdən istifadənin təhlükəli olduğunu bildirir. Məntiqlə də düşünsək, əgər biz hər hansı bir çimərlik ərazisində suda boğulma təhlükəsi ilə üz üzə qalırıqsa, bizi kim xilas etməlidir? Əlbəttə ki, xilasedici. Əgər həmin ərazidə xilasedici yoxdursa, bu o deməkdir ki, biz boğulacağıq bizə kömək edən olmayacaq. Düzdür, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə hadisə baş verdiyi ərazidən asılı olmayaraq, əgər məlumat daxil olarsa, biz dərhal axtarış xilasetmə əməliyyatlarına cəlb olunuruq. Ancaq bir yadda saxlamalıyıq ki, xilasetmə əməliyyatlarında saniyələrin önəmi olduqca vacibdir. Əgər bir nəfəri altı dəqiqə ərzində sudan çıxardırıqsa, onun həyatda qalmaq faizi bir faizdir. İndi siz təsəvvür edin, bu saniyələrin nə qədər önəmi var. Odur ki, biz vətəndaşlara bir daha müraciət edirik ki, xilasedicilər olan çimərliklərdən istifadə etsinlər. Düzdür, fövqəladə hallar tərəfindən aparılmış kütləvi maarifləndirmə işləri var. İl ərzində Təhsil Nazirliyi ilə birlikdə həm təhsil verənlər və təhsil alanlara suda təhlükəsizlik və davranış qaydaları ilə bağlı tədbirlər keçiririk. İstər, paytaxt Bakıda, istər regionlarımızda bu silsilə tədbirlər keçirilib. Eyni zamanda, Peşə Təhsili üzrə Dövlət Agentliyində də peşə ixtisası üzrə təhsil həm verənlərə, həm təhsil alanlara məhz sularda təhlükəsizliklə bağlı tədbirlər keçirilib. Bundan başqa, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin çimərlik ərazilərində fəaliyyət göstərən avtobuslarına təhlükəsizlik qaydaları ilə bağlı posterlər yerləşdirilib. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin stansiya və qatarlarına təhlükəsizlik qaydaları ilə bağlı məlumatlar yerləşdirilib və demək olar ki, mütəmadi olaraq kütləvi informasiya vasitələrində məhz insanların sularda təhlükəsizliyi ilə bağlı məlumatlar deməli verilir, yazılar dərc olunur, çıxışlar olunur. Lakin Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə hələ də bəzi vətəndaşlar tərəfindən nəzarətsiz, qeyri- çimərlik ərazilərindən, habelə xüsusən bölgələrimizdə suvarma kanallarından, çaylardan, süni göllərdən, su arxlarından və digər su hövzələrindən istifadə hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur. Bildiririk ki, bu su hövzələri mürəkkəb relyefə, sürətli axına məhdud görüntüyə malik olması bu hövzələrdən istifadə edənlərin həyat və sağlamlığına ciddi təhlükədir. Odur ki, vətəndaşlar diqqətli olmalıdırlar. Harada ki, xilasedicilər, xilasetmə, texnika və vasitələri mövcud deyil, belə ərazilərdən istifadədən çəkinməlidirlər. Bundan başqa, çimərliklərdə təhlükəsiz istirahət üçün hava şəraiti və günün saatları da olduqca önəmlidir. Bildiririk ki, küləkli havada, xüsusən küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda suya girmək qadağandır. Hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Ümumiyyətlə, yadda saxlamalıyıq ki, nəzarətsiz ərazilərdən istifadə etməməliyik və çimərlik ərazilərində yerləşdirilmiş maarifləndirici lövhələrin göstəriş tələbinə xilasedicilərin çağırışlarına sözsüz əməl etməliyik. Son günlər nəzarətsiz çimərlik ərazilərində, xüsusən Bilgəh, Nardaran qəsəbələri aralığında el arasında "rus çimərliyi" kimi tanınan ona yaxın nəzarətsiz ərazilərdə, bədbəxt hadisələr baş verib. Bildiririk ki, həmin ərazilər olduqca təhlükəli ərazilərdir. Xüsusən şimal küləklərindən sonra orada birbaşa dənizin içərisinə doğru sualtı axınlar yaranır. Bunlar gözlə görülmür. Məhz bu sualtı axınlar insanı dənizin içərisinə doğru çəkir və boğulmasına səbəb olur. Bundan başqa, həmin ərazilərdə qəfləti dərinliklər çuxurlar da var ki, bunlar insan həyatı üçün təhlükədir. Şüvəlan qəsəbəsində "Şimal Qres",  "Mil-Qaya" deyilən ərazi, Novxanı və Goradil qəsəbələri aralığında "Sarıqaya" deyilən ərazi Qaradağ rayonunda "Mayak" deyilən ərazi, Sabunçu rayonunda "Estakada", "12-ci dalan", "Yaxt klub" deyilən ərazi olduqca təhlükəli ərazilərdir və bu ərazilərdə də yaxınların sürəti normadan artıqdır. Sualtı yarğanlar, çuxurlar mövcuddur və relyef daşlı, qayalı, yad cisimlərlə zəngindir. Odur ki, vətəndaşlar diqqətli olsunlar. Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükədir. Hər hansı bir təhlükə yaranarsa, mütləq 112 qaynar telefon xəttinə zəng vurmalarını tövsiyə edirik.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev:

-Çimərlikdə boğulma hallarının məhz böyük əksəriyyəti insanların çimərliyə gedərkən düzgün çimərliyi seçməməsi qeyri-çimərlik ərazilərinə getməsi, əlverişsiz hava şəraitində çimərliyə getməyi, çimərdə təhlükəsizlik qaydalarının pozulması, xüsusi nişanlanmış xətlərin tələbinə riayət edilməməsi, daha dərin yerlərdə-çimərlik üçün nəzərdə tutulmayan yerlərdə çimmək, suda saatlarla vaxt keçirmək-bunlar hər biri çimərlikdə təhlükəsiz qaydalarının pozulmasıdır ki, boğulma hallarını qaçılmaz edir. Ona görə ilk öncə mütləq qaydada çimərlik seçərkən doğru-düzgün seçim etmək lazımdır. Yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək etmək lazımdır, hansı ki, həmin çimərliklər qanuni çimərliklər sayılır. Həmin çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir və həmin çimərliklərin istifadəsinə müvafiq qurumların rəyi var. Çünki onlar çimərlik mövsüm başlamamışdan qabaq sualtı baxışlar keçirdir, suyun dibinin relyefi öyrənilir, suyun fiziki kimyəvi, bioloji xassələri, sanitar normaları, sualtı relyefdə, sualtı axınların, yağanların olmaması, daş qaya parçaların çöküntülərin axınların olmaması, bunların hər biri monitorinqlə yoxlanıldıqdan sonra çimərliyin fəaliyyətinə icazə verilir. Görün fəaliyyətinə icazə verilən çimərliklərdə təhlükəsizlik tədbirləri nə dərəcədə nəzərə alınır. Ancaq fəaliyyətinə icazə verilməyən çimərliklərdə bu proseslər olmadığı, orda müəyyən təhlükələ olduğu üçün o çimərliklərə icazə verilmir. İnsanlar da o çimərliklərə üz tutanda təhlükə ilə qarşılaşma riski daha yüksəkdir. Ona görə bu amilə ciddi diqqət etmək lazımdır. Hər il dünya üzrə ümumi 400 mindən çox insan suda boğularaq həyatını itirir. Yəni bu 400 minə yaxın insanın suda boğulması ümumi dünya üzrə olan bir statistikadır ki, bunun da 95 faizi qeyri-çiməklərin payına düşür. Bu bir daha onu deməyə əsas verir ki, qeyri çimərliklərə getməmək lazımdır. Həm də qeyri-çiməklərdə xilasetmə xidməti fəaliyyət göstərmir. Amma nəzarət olunan çimərliklərdə xilasetmə xidməti fəaliyyət göstərir. Hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxsi xilasetmə xidməti tərəfindən xilas edilərək həyata qaytarılır. Əlverişsiz hava şəraitində suda boğulma riski 70 faizdən yüksəkdir. Bu dünya üzrə də belədir. Ona görə əlverişsiz hava şəraitində, dalğaların hündürlüyü bir metr, bir metr yarımı keçərsə, küləyin sürəti saniyədə 10-12 metri keçərsə, çimərliyə getməmək lazımdır. Əlverişsiz hava şəraitində çimərliyə gedib daş, qaya parçaların arasında üzürlər. Suya, müəyyən daşların, qayalıqların, dəmir konstruksiyanın üzərinə baş vururlar. Bunlar olduqca təhlükəlidir. Suda saatlarla vaxt keçirirlər. Halbuki suda 15  -20 dəqiqədən artıq vaxt keçirmək təhlükəsizlik baxımından yolverilməzdir. Daha dərin məsafələrə gedirik. Çimərlik yağış meydançasına çevrilir. Kim daha çox uzaq məsafəyə üzə bilər. Artıq belə olan halda, əlbəttə ki, boğulma, təhlükəsizlik, üzləşmə riski daha yüksəkdir. Xüsusi nişanlanmış xətləri keçməmək lazımdır. Spirtli içki qəbul edib suya girmək olmaz. Uşaqları ümumiyyətlə, nəzarətsiz qoymaq yolverilməzdir. Yəni birmənalı şəkildə uşaqlar daim valideyn nəzarəti altında olmalıdır. Çünki hər bir şey ani göz qırpımında olur. Əlbəttə, təhlükəsizlik qaydalarına riayət olunarsa, çimərlik doğru düzgün seçilərsə, yalnız fəaliyyətinə icazə verilən çimərliklərə gedərsə, hansı ki, orda xilasetmə xidməti fəaliyyət göstərir, əlverişli hava şəraitində çimərliyə gedilərsə, sərhəddi keçməmək şərtilə istirahət edilərsə, təbii ki, boğulma təhlükəsindən qorunmaq olar. Əks halda əlbəttə, boğulma riski yüksəkdir və hadisələrin baş verməsi qaçınılmaz olur.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
olaylar.az

1Mənbələr