AZ

Jarl Marqarita “Sabah”dan qovuldu

“Sabah” futbol klubu Niderlanddan olan sol cinah yarımmüdafiəçisi Jarl Marqarita ilə müqaviləsinə xitam verib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Bayquşlar” Marqaritaya klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib. Ayrılığın dəqiq səbəbləri açıqlanmayıb. Amma bunun futbolçunun davranışları ilə bağlı olduğu ehtimal olunur. Belə ki, o, ötən mövsümün sonlarından etibarən komandanın düşərgəsini tərk edib və kluba qayıtmırdı.

Xatırladaq ki, Jarl Marqarita “Sabah”a 2023-cü ilin iyun ayında cəlb olunmuş və 4 illik müqaviləyə imza atmışdı. Paytaxt təmsilçisi onu Niderlandın “TOP Oss” klubundan 400 min avro müqabilində transfer etmişdi. Amma 24 yaşlı vinger “bayquşlar”ın heyətində cəmi 23 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Marqarita karyerası ərzində Niderlandın “Emmen” (U-19, U-21), “Almere Siti” (9 oyun, 1 qol) və “Hoqeven” (12 oyun, 10 qol, 2 assist) klublarında da çıxış edib. Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var. O, Kurasao yığmasında 4 oyun keçirib, 1 assistlə yadda qalıb.

Xatırladaq ki, “Sabah” daha öncə Davit Volkov, Kristian Sebalyos, Kristian da Silva, Maruan Hadudi, Emmanuel Apeh və Veysəl Rzayevlə də yollarını ayırmışdı. Fəxri Məmmədli ilə Rauf Rüstəmli isə “Şamaxı”ya icarəyə veriliblər. Əvəzində paytaxt klubu Kahim Parrisin (“Dinamo”, Kiyev, Ukrayna) transfer hüquqlarını alıb, eləcə də Coy-Lens Mikels (“Əl-Faysal”, Səudiyyə Ərəbistanı), İvan Lepinitsa (“Slaven Belupo”, Xorvatiya), Neqoş Kupusoviç (“Trençin”, Slovakiya) və Pavol Şafrankonu (“Sepsi”, Rumıniya) transfer edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
arena.az

1Mənbələr