AZ

“Sabah”ın oyununda Bakıdan tanıdığımız agent

"Sabah"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Hayfa) qarşı keçirəcəyi cavab matçının hakimləri məlumdur.

Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Peter Kraloviçdir. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

41 yaşlı referi18 yaşında hakimliyə başlayıb və artıq 26 yaşında Slovakiyanın yüksək dəstə matçlarına təyinat alıb. 29 yaşında isə FİFA referisi statusuna yiyələnib.

Bu sənətdə kifayət qədər təcrübəsi olan Peter iki sahədə çalışır. O, həm də kommersiya agentidir. Həm klub, həm də milli komandaların turnirlərində zəngin təcrübəyə malik olduğunu deməliyik.

Təmsilçilərimizlə yolu üç dəfə kəsişib, birində baş, digər ikisində dördüncü hakim kimi.

2015-ci ildə Yunanıstanda baş tutan və 2:2 hesabı ilə başa çatan “Panatinaikos” – “Qəbələ” qarşılaşmasında “dördüncü” funksiyasını yerinə yetirib.

Bundan 3 il sonra Çempionlar Liqası oyununa təyinat alaraq Bakıya gəlib. “Qarabağ” – “Kukesi” duelində meydanda yaşananlara birbaşa nəzarət edən Kraloviç 50-ci dəqiqədə rəqib futbolçu Albi Allanı meydandan qovub, albanların qapısına iki dəfə penalti təyin edib. Yekunda “Qarabağ” 3:0 hesablı qələbəyə sevinib.

2021-ci ildə Azərbaycan seçməsinin yoldaşlıq görüşündə dördüncü hakim funksiyasını yerinə yetirib. Macarıstanda Qətərlə keçirilən oyunda asiyalılar bizimkiləri 2:1 hesabı ilə məğlubiyyətə uğratdığı görüşdə, o, həmyerlisi İvan Krujlyakın köməkçisi olub.

Bir sözlə, Azərbaycan təmsilçilərini yaxından tanıyan referinin bu dəfəki matçda hansı səviyyədə idarəçiliklə yadda qalacağını birlikdə görəcəyik.

Avqustun 1-də keçiriləcək “Sabah”–“Makkabi” oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
sportinfo.az

1Mənbələr