AZ

“Bu tarixdə İsrail - HƏMAS müharibəsi bütün regionu əhatə edəcək“ - İLGİNCDETALLAR

İordaniyadan İsrailə mücahidlərin sızdığı qeyd edilir. Yəmən Husilərinin Ənsarullah və Livanın Hizbullah qruplaşması demək olar ki, Həmas təşkilatının İzzəddin Əl Qəssam Tuqaylarına verdiyi siyası və hərbi dəstəyi İsrailə qarşı rəsmi savaş elan etməklə əvəzləmək üzrədir.

Əvvəlki təhlillərimizdə də qeyd etmişdik, ilin sonuna qədər İsrail - Həmas müharibəsi dayanmasa bütün regionu əhatə edəcək böyük müharibənin başlanması qaçılmaz olacaq.

Misirin də səbri daralır. Çünki savaşa müsəlman əhalinin rəyi ilə hakimiyyətin loyal münasibəti uzlaşmır. Hakimiyyət bu cür davam etsə xalqın kütləvi etirazına tuş gələ bilər. Odur ki, Misir də ciddi narahatdır. Bu tərəfdən də ABŞ-də İsrail yönümlü olması ilə daha çox gündəmə gələn Trampın yenidən hakimiyyətə qayıtması gözlənilir. İsrail isə əsla bir addım belə geri çəkilmək niyyətində deyil. Həmas və onu dəstəkləyən qruplaşmalar, dövlətlər isə hazırki savaşı Fələstin üçün bir fürsət hesab edir və müəyyən bir həll yolu üçün yaranmış vəziyyətdən istifadə edilməsini zəruri hesab edirlər.

Həmişə ərəb ölkələrinə qarşı çox asanlıqla qələbə qazanmış İsrail üçün isə bu savaş qəbuledilməz və həzm olunmazdır. Az itki ilə, çox asanlıqla bir neçə ərəb ölkəsinə müdaxilə edən İsrail hazırda bir silahlı qruplaşmanın əlində naçar qalaraq bir ilə yaxındır itki verir.

Öldürücü qiyamət silahından istifadəni də istisna etməyən İsrail üçün dünya müharibəsinin başlaması qətiyyən narahatedici deyil. Fələstin əhalisi, Həmas təşkilatı, Hizbullah və Ənsarullah üçün də bu savaşın dünya müharibəsinə aparıb çıxarması əhəmiyyətli deyil. Sanki hər iki tərəf qana susayıb. Çünki yüz ilə yaxınlaşan münaqişə artıq bezdirici, üzücü bir vəziyyətdədir, uşaqların, qadınların, qocaların qanı su kimi axır. Aclıq, səfalət, yoluxucu xəstəliklər, kimyəvi silahlardan kütləvi qırğınlar baş alıb gedir.

Dağıntılar isə milyardlarla dollar həcmində qiymətləndirilə bilər. Görünən odur ki, böyük müharibə qaçılmazdır. Ancaq hazırda savaşı dayandırıb danışıqlara getmək İsrail üçün sərfəli olardı. Artıq Fələstini dövlət kimi tanıyan dövlətlərin və dəstək verənlərin sayı dayanmadan artır. Dünyada İsrailin nüfuzu düşür, hətta ABŞ - nın özündə əhalinin 86 faizi Fələstini dəstəkləyir.

Əgər böyük müharibə olarsa İsrail itirəcək və böyük ehtimalla Fələstin dövləti qurulacaq. Əgər İsrail qiyamət silahından istifadə etsə, bu yolla Həmas və bölgədəki dövlətlərə qalib gəlsə də bu ona asan başa gəlməz. Bu heç də ABŞ - nın Yaponiyaya atdığı nüvə silahının doğurduğu nəticəni verməyə bilər. Görünür İsrail bir addım geri çəkilmək əvəzinə dünyanı dağıtmağı daha üstün tutur ki, bu da heç cür qəbul edilə bilməz.

Hər bir halda ABŞ-də prezident seçkiləri keçirilənə kimi qanlı savaş daha da qızışacaq. Olsun ki, prezident seçiləndən sonra ilin sonuna kimi hansısa kompromis qərar qəbul edilsin. Əks halda, bu cür seyrçilik nümayiş etdirilən şəraitdə ilin sonuna kimi böyük dünya müharibəsi başlayacaq. Rusiya - Çin, Şimali Koreya birliyi birbaşa müdaxilə edə bilər ki, bu da artıq son deməkdir.

Böyük güclərin yeni dünya düzəni üçün bu savaşı planlaması da mümkündür. Lakin Fələstin üçün də həlledici böyük müharibədən başqa çıxış yolu yoxdur. Odur ki, böyük müharibə kiçik sülhdən daha yaxın görünür.

Tural İrfan, MCP-nin sədr müavini


Seçilən
52
23
news365.az

10Mənbələr