AZ

Azərbaycan Müdafiə Nazirliyi: “Qərb Ermənistanı təxribatlara həvəsləndirir”

"Bütün bunlar Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi ilə bağlı bəyanat yayıb.

Nazirlik bu kimi təxribatları birinci hal saymır və davamlı xarakter daşıdığını bildirir: "Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir”.

Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər: "Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir".

Ermənistan tərəf iddialarla bağlı hələ ki, açıqlama verməyib.
Seçilən
95
49
arqument.az

10Mənbələr