AZ

Kimlər Azərbaycana qatar və avtomobillə gələ bilir?

Yayımlandı: 25 İyul 2024 13:14 DSK məlumat yayıb: ölkəyə gələnlərdən 25,2 faizi dəmir yolu və avtomobildən istifadə edib İlin ilk yarışında Azərbaycana 179 ölkədən 1 milyon 231 min nəfərdən çox turist gəlib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım deməkdir. Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Statistikada diqqət çəkən bir məqam var. Qeyd edilir ki, gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Həmçinin ölkəyə gələnlərdən 25,2 faizi dəmir yolu və avtomobildən istifadə edib. Foto: Meydan TV Ölkənin sərhədləri 4 ildən artıqdır ki, qapalıdır. Ən son iyunun 24-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycanın quru sərhədləri oktyabrın 1-dək uzadılıb. Sərhədlər bağlıdırsa, gələnlər dəmiryolu və avtomobildən necə istifadə edib? Natiq Cəfərli, Foto: Meydan TV İqtisadçı Natiq Cəfərli deyir ki, bu, Naxçıvandakı sərhədlə əlaqəlidir. Türkiyə ilə Naxçıvanı birləşdirən quru sərhədi açıqdır, Naxçıvan qeydiyyatında olanlar avtomobil, dəmir yolu və yük maşınları ilə sərhədi keçə bilirlər. Eləcə də Türkiyədən Azərbaycana gəlmək istəyənlər bu yoldan istifadə edir: “Bu, statistikaya ciddi təsir göstərir. Həmçinin yük maşınları üçün onsuz da yol hər zaman açıq idi. Onların sürücüləri və köməkçiləri də sərhədi asanlıqla keçə bilir. Görünür bu, həmin insanların say göstəricisidir”. Yük qatarları və gəmilərinin əməkdaşları da turist kimi statistikaya düşür? Səyahət blogeri Azər İsmayıl da statistikanın bu hissəsini ölkəyə gələn yük maşınlarının sürücüləri ilə bağlı olduğunu deyir. Foto: Azər İsmayılın şəxsi arxivindən Onun sözlərinə görə, gün ərzində yüzlərlə yük maşını sərhədləri keçir: “Qatar məsələsi ilə bağlı hər hansı fikrim yoxdur. Yəqin bu da yüklə bağlıdır. Azərbaycandan və Azərbaycana yük qatarları, həmçinin gəmilər çalışır, onların işinə maneə yoxdur. Həmçinin, Naxçıvan Türkiyə sərhədi açıqdır, ordan da insanlar gedib-gəlir. Görünür, bütün bunları turizm statistikasına daxil edirlər”. Nə baş verib? Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb. Azərbaycanda isə sərhədin bağlı qalması əsasən, COVİD 19 pandemiyası ilə əlaqələndirilir. Prezident İlham Əliyev isə bu barədə ən son açıqlamasında bağlı sərhədi təhlükəsizliklə əlaqələndirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Müstəqil ekspertlər Azərbaycanda sərhədin bağlı olmasının COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyir. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
xural.com

1Mənbələr