AZ

Biz heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük qələbəmizi unutmayacağıq.



Dövlət başçısı İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bir daha bildirdi ki, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik

50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı 2-ci Şuşa Qlobal Media Forumu mühüm məqamlarla, dövlət başçısı İlham Əliyevin səsləndirdiyi çağırışlarla diqqətdə oldu. Artıq ənənəyə çevrilən bu Forum həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında növbəti platforma oldu. Cənab İlham Əliyev 30 illik işğal dövrünün reallıqlarından, tarixi həqiqətlərdən, azərbaycanlıların zaman-zaman ermənilərin soyqırımı və deportasiya siyasətinə məruz qalmasından, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərindən, bir sözlə, həqiqətlərin inkar edilərək dezinformasiyaların daha geniş miqyas almasından bəhs edərək bu reallığı təsdiqlədi ki, tariz real faktlara, həqiqətlərə söykənir. Dövlətimizin başçısı dezinformasiyaların yayılması fonunda Azərbaycanın işğala məruz qalan tərəf olsa da işğalçı kimi təqdim edilməsindən təəssüfləndiyni bildirdi.
Dövlət başçısı İlham Əliyev sözügedən Forumda dezinformasiyaların nəticəsi olaraq ölkəmizin məruz qaldığı sanksiyalara yönəldərək bildirdi ki, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır: “O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur.”

44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək maraqların arxasında əriyir, ölkələr arasında münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürür, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə, hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi. Dövlətimizin başçısı İlham Əliyev bu reallığı da daim önə çəkir ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»
Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır, bu torpaqların sahibi bizik, gəlmişik və burada əbədi olacağıq. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix, hüquq dərsi keçdi. Hələ də bu günə qədər Ermənistana dəstəklərindən əl çəkməyən dövlətlər reallıqda nə qədər yanlış olduqlarının fərqindədirlər. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə öz əksini tapıb ki, bu sənədlərin də qəbulunda ABŞ, Fransa və Rusiya qurumun daimi üzvləri kimi iştirak ediblər. Demək, münaqişənin həlli prosesinin 30 ilə qədər uzanmasında işğalçı Ermənistanla yanaşı, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən, hazırda tarixin arxivinə atılan ATƏT-in Minsk qrupunun həmsədrləri də az məsuliyyət daşımırlar. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında tarixin arxivinə atılmış ATƏT-in Minck qrupunun fəaliyyətsizliyinə də diqqəti yönəltdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Zəfəri ilə yeni reallıqlar yaratdı. Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünyaya “sirr” olan bu sualın ən düzgün cavabı son hadisələrin gedişində bütün təfsilatı ilə açıqlandı. Bir daha təsdiq olundu ki, dünya nə vaxtadək hüquq problemini yaşayacaq, maraqlar ədaləti üstələyəcək, bu kimi yanaşmalar davamlı olacaq.
Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması sevincini, yaşatmaqla yanaşı, eyni zamanda, 30 ildə kağız üzərində qalan bəyanatların sadəcə söz olaraq deyildiyini təsdiqlədi. Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə BBC telekanalında yayımlanan “HARDTalk” verilişində sualları cavablandırarkən özünü necə biabır etdiyini xatırlayaq. Ermənistanın baş naziri jurnalistin beynəlxalq hüquq normalarına istinad əsasında ünvanladığı sualları cavablandırarkən beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğundan xəbərsiz olduğunu nümayiş etdirməklə açıq-aşkar bildirdi ki, bugünədək törətdiyi təxribat əməllərinə görə heç bir təzyiqlə üzləşməmələri demək olar ki, dünyada ümumiyyətlə, hüquq amilinin yoxluğuna işarədir. N.Paşinyana bu etirafından sonra da dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar hər hansısa təzyiq göstərmədisə, artıq bu, ədalət meyarının maraqların arxasında sürətlə əridiyinə şübhə yeri qoymadı.

Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi müstəvidə qələbəsini şərtləndirdi. Baxmayaraq ki, Azərbaycan daim sülh danışıqlarının tərəfdarı olduğunu bəyan edib. Hətta müharibənin davam etdiyi günlərdə də cənab İlham Əliyev bildirmişdir ki, Ermənistan tərəfin irəli sürdüyümüz şərtləri qəbul etdiyi təqdirdə danışıqlar masası ətrafında oturmağa hazırıq. Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həllinin mümkün olmadığını bildirsə də, Azərbaycan Ordusunun gücü qarşısında diz çökərək məlum Bəyanatı imzalamağa məcbur edildi. Bir məqamı da unutmayaq ki, işğalçı dövlətin siyasətində qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası, terroru dəstəkləmək kimi cinayət əməlləri əsas yer tutursa və dünya buna göz yumursa, rəhbərlikdə koçaryanların, sarkisyanların, paşinyanların təmsil olunmasından asılı olmayaraq, daim beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulacaq, işğalçı Ermənistan utanmadan guya haqlı olduğunu bəyan edəcək, ona dəstək fonunda beynəlxalq təşkilatların, böyük dövlətlərin mövqeyinə inamsızlıq yaranacaq, bir sözlə, ədalət meyarı özü-özlüyündə bütün ölkələrə demokratiya dərsi keçən dövlətlərin maraqlarına uyğun olaraq və onların iştirakı ilə əriyəcək. Azərbaycan nəinki regionu, eyni zamanda, dünyanı erməni faşizmindən xilas etdi.
Bütün bu məqamlar dövlət başçısı İlham Əliyevin Forum iştirakçılarının suallarına cavabında öz əksini tapdı. İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqət çəkir, dünya isə susmağında davam edir. Amma dünya unudur ki, bir cinayətin cəzasız qalması digər cinayətə yol açır. Necə ki, tarixin bütün dövrlərində azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistana buna görə heç bir təzyiq göstərilmədiyindən 1988-ci ildə əsassız torpaq iddiasının nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizini işğal etdi, bir milyondan çox soydaşımızı öz doğma yurd-yuvalarından didərgin saldı, həmçinin qardaş Türkiyəyə qarşı əsassız «erməni soyqırımı» iddiasını irəli sürdü. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan sonra inkişaf yolunda daha sürətlə gedəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü sayəsində işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Ötən il suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yarandı. Cənab İlham Əliyev Forumdakı çıxışında bu məqama da diqqət yönəltdi. Bildirdi ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcək.
Cənab İlham Əliyev Forumda “Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi” sualını da cavablandırdı. Dövlətimizin başçısı öncə tarixə nəzər saldı. Bildirdi ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və İkinci Dünya müharibəsindən dərhal sonra Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-1950-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadıqları, məskunlaşdıqları ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib: “Həm də, prinsipcə hər şey, əlbəttə, 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Çünki yenə də sualınızın əvvəlində yalan rəvayətlərlə bağlı dediyiniz o şərhlərə qayıdaraq, bütün bunlar barədə Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı.”

“Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək” söyləyən dövlətimizin başçısı bildirdi ki, əlbəttə, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Seçilən
19
aia.az

1Mənbələr