AZ

"Sinir sistemi həftəsi" çərçivəsində vətəndaşlara 3 500-ə yaxın tibbi xidmət göstərilib » Medical Media



"TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində 22 İyul Ümumdünya Beyin Gününə həsr olunan sağlamlıq günləri keçirilib.
 
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə 17-18 iyul 2024-cü il tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Şəki Ailə Sağlamlıq Mərkəzində "Sinir sistemi həftəsi" çərçivəsində vətəndaşlara paytaxtda yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər tərəfindən tibbi xidmətlər göstərilib.
 
Tibbi heyət Yeni Klinika, Nizami Tibb Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasında fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərdən ibarət olub.
 
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.
 
Sağlamlıq günlərində 800-dən çox vətəndaş nevroloq, uşaq nevroloqu, terapevt, pediatr, psixoloq müayinələrindən keçərək 3 500-ə yaxın tibbi xidmətdən yararlanıb. 

Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib.
 
Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

Seçilən
78
14
medicalmedia.az

10Mənbələr