AZ

Nikahların sayı niyə AZALIB? " Gənclər it və pişik sahiblənir, amma ailə qurub uşaq sahibi olmaq istəmir" - EKSPERT

Nikahların sayı niyə AZALIB? " Gənclər it və pişik sahiblənir, amma ailə qurub uşaq sahibi olmaq istəmir" - EKSPERT

Azərbaycanda nikahların sayı azalıb. Cari ilin ilk beş ayı ərzində 17 448 nikah və 8 795 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb. Azərbaycan gənci nə üçün evlənməkdən boyun qaçırır. Bunun əsas səbəbləri nədir?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev Azərbaycanda nikahların sayının azalma səbəblərinə aydınlıq gətirib:

"Statistika komitəsinin yaydığı məlumatdan da görünür ki, Azərbaycanda nikahların sayı azalır. Bunun bir çox səbəbi var. İlk olaraq qeyd etmək lazımdır ki, ölkədə gənclərin sayında azalma var.

10 il bundan qabaq gənclərin ölkə ərazisində saldosu 29-30 faiz idisə, hazırda 20-21 faiz ətrafındadır. Gənclərin sayı digər təbəqələrə nisbətən azalıb. Gənclərinin sayının azalması nikahların sayına da təsir edir. İkinci olaraq gənclərin təhsil almaq və digər məqsədlər ilə xaricə axını çoxalıb. Bu da şübhəsiz ki, gənclərin mövcud sayına təsir göstərir.
Digər mühüm məqam isə, qızlar və oğlanlar arasında evlilik yaşının artmasıdır. Gənclər əvvəllər evlilik haqqında düşünürdülər. İndi isə təhsil almaq, karyera sahibi olmaq, daha sonra isə ailə həyatı qurmaq istəyirlər. Bu da nikah yaşının qızlar arasında 24-ə, oğlanlar arasında isə 30-35-ə gətirib çıxarır. Nikahların azalmasının səbəbinin biri də məhz budur".

Sosioloq rayonlarda yaşayan gənclərimiz həyat şəraitlərini yaxşılaşdırmaq üçün sosial dəstək layihələrinin önəmindən danışıb:

"Gənclərin mənzil, məişəti və məşğulluq şəraiti yaxşılaşdırmaq lazımdır. Bununla bağlı çox ciddi problemlər var. Bunun qarşısının alınması üçün, gənc ailələr arasında çox yaxşı olar ki, sosial dəstək layihələri həyata keçirilsin. Qardaş Türkiyə gənc ailələrin mənzil və məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə xüsusi bir fond yaradıb. Ölkənin gəlirlərinin bir hissəsi fonda daxil olur. Bu fondan gənc ailələrə faizsiz kredit verilir. Ailə kreditin ödənişi 4 ildən sonra, hisə-hissə ödəməyə başlayır. Bu layihə demoqrafik artımı dəstəkləmək üçün çox uğurlu bir addımdır. Ölkəmizdə də bu layihə tətbiq edilə bilər.

Regionlarda yaşayan gəncləri düşünmək lazımdır. Əhalinin artıma bölgə əhalisi daha çox töhfə verirdilər. Amma indi kəndlər boşalır. Hamı paytaxta axın edir. Rayonlarda isə yaşlı əhali qalır Bu da şübhəsiz ki, təbii artıma və nikaha təsir edir. Kəndlə şəhər arasındakı fərqləri azaltmaq lazımdır. Rayonlarda gəclərimiz üçün şərait yaradılmalı və məşğulluq məsələləri həll edilməlidir. Bölgələrdə yaşayan gənclərin mənzil şəraitini yaxşılaşdırmaq üçün, onlara torpaq sahəsi verilməlidir. Həmçinin orada fərqli ipoteka şərtləri tətbiq edilməlidir. Bu məsələ ilə bağlı ciddi işlər görülməlidir".

Ü. Şəfiyev gənclərin it və pişik sahibləndiyini, amma ailə qurub uşaq sahibi olmaq istəmədiyini bildirib:

"Son vaxtlar gənclər arasında virtual həyata meyil artıb. Hətta Asiya ölkələrində gənclər arasında "subaylıq" sindromu yaranıb. Gənclər artıq sosialla ehtiyaclarını internet üzərindən həyata keçirirlər. Onlar artıq real həyatda ünsiyyət qura bilmir. Düzdür Azərbaycanda bu sindrom yoxdur, amma təhlükəsi var.
Ölkəmizdə gənclər arasında evlənməyə maraq azalıb. Müasir qlobal dünyada insanlar daha narsist həyat yaşayır. Yalnız öz həyatlarını fikirləşir. Gənclər it və pişik sahiblənir, amma ailə qurub uşaq sahibi olmaq istəmir.
Bu o deməkdir ki, biz uşaqlara ailə dəyərlərinə aşılaya bilmirik. Bu istiqamətdə də işlər görmək lazımdır. Uşaqlara ailə dəyərlərini aşılamalıyıq. Orta və ali məktəblərdə bununla bağlı dərslər tədris edilməlidir. Türkiyəli tətqiqatçı bildirmişdi ki, "Bu gün qurulan ailələrin böyük əksəriyyəti fizioloji və seksual tələbatlarını ödəmək üçündür". Mən bu fikirlə tam razı deyiləm. Amma bu gün gənclər sanki səhti ehtiyaclarını ödəmək üçün ailə həyatı qururlar".

Sosioloqun fikrincə,Azərbaycan televiziya kanalları ailə dəyərləri sarsıdır:

"Azərbaycan ailə ənənələrini yaşatmaq lazımdır. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan ailə dəyərlərinə basqılar görürük. Sanki sosial şəbəkələrdə subaylıq, boşanmaq təbliğ edilir. Azərbaycan televiziya kanalları ailə dəyərləri sarsıdır. Qadın-kişi qarşıdurması yaradılır. Gender bərabərliyi altında aqressiv feminizm aşılanır.
Ailə çox güclü mənəvi təsirə sahib olan institutdur. Ailə cəmiyyəti çoxlu problemlərdən xilas edir. Ona görə ailə institutunu qorumaq lazımdır. Bu hallar boşanmalara da təsir göstərir. Hər bir şəxsin boşanmaq üçün müəyyən səbəbləri var. Bu səbəblərə maddi və mənəvi problemlər daxildir. Əvvəlki illərdə Azərbaycanda boşanmaq böyük bir travma və faciə hesab edilirdi. İndi isə adi hal olub. İnsanlar daha eqoist seçim edirlər. Qadınlar iki övlad dünyaya gətirdikdən sonra tək başına yaşamaq istəyirlər. Boşanmalar keçmişdə az olmasının səbəblərindən biri də, qadınların iqtisadi fəal əhali olmaması idi. Onlar iqtisadi müstəqilliyə sahib deyildilər. Onlar kişilərdən asılı idilər. Qadınlar iqtisadi fəal kütləyə çevrildikdən sonra, ağır şərtlərlə yaşamaq istəmədilər. Halbuki ailə hər iki tərəf üçün də məsuliyyət tələb edir".

Sonda sosioloq böhran vəziyyətində olan ailələrə psixoloji müdaxilə olunmasının vacibliyindən danışıb:

"Çox təəssüflər olsun ki, Azərbaycanın ailə anlayışında məzmununda dəyişikliklər var. Ailə tərzimizdə marginallaşma gedir. Əvvəllər gənc ailələr ata-ana ilə yaşayırdılar. İndi gənclər artıq sərbəst yaşamaq istəyirlər. Nəticədə, 4-5 il sonra ailənin böhran anlarına dözə bilmir və çıxış yoluna boşanmaqda görür. Sosial müşahidələr göstərir ki, boşanma hallarının böyük bir qismi çox balaca və mənasız səthi bir münaqişələr zəminində baş verir. Böhran vəziyyətində olan ailələrə psixoloji müdaxilə olunarsa, boşanmanın qarşısını almaq olar. Çox yaxşı olar ki, münaqişəli ailələr müvafiq strukturlar tərəfindən qeydiyyata alınsın. Onlarla sosial psixoloji iş aparılsın. Gənc ailələrə dövlət tərəfində sosial dəstək layihələri davamlı olmalıdır. Boşanmış ailə cəmiyyət və dövlət üçün əlavə yük deməkdir. Natamam ailədə böyüyən uşaq düzgün yetişmir. Biz cəmiyyət olaraq ailə institutu qorumalıyıq".

Gülcahan Məmmədova

Seçilən
107
17
sonxeber.az

10Mənbələr