AZ

Avropa İttifaqının Macarıstana münasibəti Qərb demokratiyasını ifşa edir...

Image

Qərbdə demokratiyanın əsl siması Avropa İttifaqının Macarıstana münasibətində özünü qabrıq şəkildə büruzə verir. Məsələ burasındadır ki, Budapeştin Avropa İttifaqına (Aİ) altı aylıq rotasiyalı sədrliyi dövründə Avropa komissarları Macarıstanın baş naziri Viktor Orbanın keçirdiyi qeyri-rəsmi görüşləri boykot edəcəklər. 

Bu bəyanatı Avropa Komissiyası Orbanın Rusiya və Çin liderləri - Vladimir Putin və Si Cinpinlə Aİ ilə razılaşdırılmayan görüşlərindən sonra verib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin baş sözçüsü Erik Mamer X platformasında bununla bağlı yazıb: “Macarıstanın sədrliyi ilə başlayan son hadisələr fonunda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen qərara gəlib ki, Komissiya yalnız Aİ Şurasının qeyri-rəsmi toplantılarında aparıcı rəsmilər ilə təmsil olunacaq. Bundan başqa, Avrokomissiyanın kollegiyası sədr ölkəyə, yəni Macarıstana səfər etməyəcək”. Kollegiya Avropa Komissiyanın liderlərini təmsil edir, 27 komissardan ibarətdir. Macarıstan bu bəyanata etirazını bildirib. Avropa məsələləri üzrə nazir Yanoş Boka komissiyanı işləmək istədiyi institutlar və üzv ölkələr arasında seçim etməkdə günahlandırıb: “Aİ Komissiyası əməkdaşlıq etmək istədiyi institutları və üzv ölkələri istədiyi kimi seçə bilməz. İndi Komissiyanın bütün qərarları siyasi mülahizələrə əsaslanır?”. Komissiyanın bu addımından öncə isə “Politico” təsdiqlənməmiş xəbər yayıb ki, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel blokun xarici işlər nazirlərini özünün “rəsmi” şurasına yığmağı planlaşdırır və görüş Macarıstanın avqusta saldığı oxşar toplantı ilə eyni vaxtda keçirilə bilər. Qeyd edək ki, Macarıstan iyulun 1-dən Aİ-də sədrliyə başlayıb. Orban iyulun 5-də Moskvaya, daha sonra Çinə səfər edib, Putin və Si ilə Ukrayna müharibəsini bitirməyi müzakirə etdiyini açıqlayıb. Bu səfərlər haqda blok öncədən bilgiləndirilməyib. Orbanın Aİ ilə əlaqələri ziddiyyətlidir, Ukraynanın işğalından dolayı Moskvaya sanksiyalara etirazını bildirir. Orban Kremldə Putinlə danışıqlardan sonra deyib ki, onun səfəri müharibə edən tərəflər arasında dialoqun bərpası üçün ilk addımdır. Amma həm Aİ, həm də ABŞ onun bu missiyasını sərt tənqid ediblər. Ursula von der Leyen Orbanın Moskvaya səfərindən sonra bildirib: “Putin dilə tutmaqla dayanan deyil. Yalnız birlik və qətiyyət Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhə aparacaq”. Ağ Ev də tənqidə qoşulub. Mətbuat katibi Karin Jan-Pyer deyib ki, bu səfər sülh məsələsini irəli aparmayacaq, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini möhkəmləndirməsinə ziddir. Amma bunlara rəğmən, Viktor Orban Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə məktub göndərərək Rusiya ilə diplomatik əlaqələrin bərpasını tələb edib. “Bild” qəzetinin yazdığına görə, Macarıstanın baş naziri Avropa İttifaqı Şurasının sədri Mişelə məktub göndərərək, onu Çinlə “sülh konfransı” ilə bağlı danışıqlara başlamağa və Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə çağırıb: “Orban məktubunda Çinlə “sülh konfransı” danışıqlarının başlanmasına, Rusiya ilə diplomatik əlaqələrin bərpasına çağırır”. A4 formatında yazılan 1,5 səhifəlik məktubun 10 paraqrafa bölündüyünə diqqət çəkən xəbərdə Orbanın məktubunda “Yaxın gələcəkdə hərbi qarşıdurmanın intensivliyinin köklü şəkildə artacağı” qiymətləndirməsini verdiyi qeyd edilib.

Qəzetin hazırladığı materialda Macarıstanın baş nazirinin Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya, Çin, Türkiyə liderləri və ABŞ-ın keçmiş prezidenti Donald Trampla keçirdiyi son görüşləri qısa şəkildə dəyərləndirdiyi vurğulanıb və Orbanın da qəbul edilməli olan bəzi təkliflər verdiyi vurğulanıb. Qeyd edək ki, bundan əvvəl də Orban Aİ-nin ünvanına sərt ittihamlar səsləndirib. Hıtta bir müddət əvvəl Viktor Orban demişdi ki, Aİ amerikalı iş adamı Corc Sorosun əsirliyində olduğuna görə sülhsevər siyasət apara bilmir”. Hökumət başçısı Avropa siyasətçilərinin Ukraynadakı nizamlanma ilə bağlı mövqeyini şərh edərkən bildirib ki, ictimai rəy getdikcə daha çox sülh yolu ilə nizamlanmanın tərəfdarı olan partiyaların dəstəyinə meyil edir. Siyasətçi həmçinin əlavə edib ki, Aİ liderləri də bunu hiss edirlər: “Avropada sülhə tərəf dönüş alınmır, ona görə ki, Brüssel əslində Corc Soros şəbəkəsinin əsiridir”. O əlavə edib ki, biznesmenin nümayəndələri Avropa siyasətinə çox böyük təsir göstərirlər, çünki o, 30 il ərzində öz təsir şəbəkəsini qurub.   Xatırladaq ki, Orbanın Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən sammitində iştirakına da Aİ biabırçı reaksiya verib. Borrel Orbanın Aİ-ni Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində təmsil etmək səlahiyyəti almadığını bildirib. Avropa Parlamentinin deputatı Natali Luazo isə bildirib: “Orbanın Türk Dövlətlərinin Sammitində Şimali Kipr təmsilçisi ilə, hətta Qarabağın şəhərində iştirakı Macarıstan üçün biabırçılıq, Avropa üçün isə qalmaqaldır. Macarıstanın baş naziri Orban Kipr problemini şübhə altına alırmı?”. Bütün bunlar bəzi Qərb ölkələrinin əsl mahiyyətini üzə çıxarır.

Nahid SALAYEV





Seçilən
96
13
baki-xeber.com

10Mənbələr