AZ

Səfir İranın "dəhliz siyasətinin" daha aqressiv şəkil aldığını büruzə verdi...

Image

Elşən Həsənov: “Demək belə qənaətə gəlirik ki, İranın mövqeyində zərrə qədər də olsa dəyişiklik yoxdur”

İranın Ermənistandakı səfiri Mehdi Sübhani müsahibəsində Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbi haqda sualı cavablandırarkən deyib ki, Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərar verən Ermənistandır, lakin bu məsələdə onların mövqeyi ondan ibarətdir ki, biz sərhəd blokadasının açılmasının əleyhinə deyil, lehinəyik:

“Siz Azərbaycan və Türkiyə ilə qonşusunuz, daim düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Münasibətlər nizamlananda isə sərhədlərin açılması təbiidir. Biz Ermənistanın suverenliyi altında rabitə kanallarının açılmasının tərəfdarıyıq. Və bu, regionun bütün ölkələrinə şamil edilməlidir. Bizim Naxçıvanla sərhədimiz var və Culfadan İrəvanla dəmir yolu ilə, Şahtaxtıdan (Naxçıvanın kəndi – red.) Arazdəyənə avtomobillə də əlaqə saxlaya bilərik. Başqa sözlə, Mehridən İrəvana təxminən 6 saatdır, Şahtaxtıdan Arazdəyənə və İrəvana isə, yəqin ki, bir saatdan az olar. Yəni yol açılsa, hamı ondan istifadə edəcək. Bu, təkcə Şərq-Qərb istiqamətinə deyil, həm də Şimal-Cənub istiqamətinə aiddir. Amma blokadanın açılması ölkələrin milli suverenliyi çərçivəsində olmalıdır. Heç kim öz ərazisində qanunlarının pozulmasına icazə vermir, bu, beynəlxalq hüquqa ziddir və burada dividendlər olmamalıdır. Və faydalar hər kəsə şamil edilməlidir”.

Bu açıqlamdan belə qənaətə gəlmək olarmı ki, İranın "Dəhliz siyasəti" daha aqressiv şəkil alıb?

Müstəqil siyasətçi Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması son dərəcə vacibdir: “Bunun əhəmiyyətinin əlavə izaha ehtiyacı yoxdur. Çünki məsələ ilə bağlı dəfələrlə ən müxtəlif səviyyələrdə fikirlər bildirilib, arqumentlər səsləndirilib. Qeyd etməliyik ki, Zəngəzur dəhlizi nəinki ölkəmiz, bütövlükdə region və hətta dünya üçün müstəsna önəm daşımaqdadır.

Zəngəzur dəhlizinin tezliklə açılmasına böyük maraq göstərən regional aktorlardan biri də Türkiyədir. Nəzərə alaq ki, Azərbaycanın digər ərazilərini qardaş Türkiyə ilə bilavasitə sərhədə malik Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına dair, belə demək mümkünsə, ilk müasir hüquqi əsas 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdır. O bəyanat ki, orada Azərbaycan və Rusiya liderlərinin, həmçinin Ermənistan baş nazirinin imzası var. Əlbəttə, sonuncu öz imzasına hörmətlə yanaşmasa da, bu məqamın üzərində xüsusi dayanmağa ehtiyac yoxdur. Çünki prinsip etibarilə, İrəvanın hansı mövqeni ortaya qoyması az əhəmiyyətlidir. Yəni Ermənistan istəsə də, istəməsə də, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirəcək yol, müasir qlobal siyasi terminologiya ilə desək, Zəngəzur dəhlizi açılacaq”.

Siyasətçinin sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələrdən biri də İrandır: “Onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir. Bugünlərdə İranın Ermənistandakı səfiri çaşdırıcı bəyanatla çıxış etdi. Dedi ki, onlar dəhlizin açılmasına qarşı deyillər. Ancaq necə? Bunun ardınca deyir ki, dəhliz ölkələrin suverenlik prinsipi əsasında açıla bilər. Bu da o anlama gəlir ki, dəhlizdə gömrük və sərhədə  Ermənistan nəzarət edəcək. Deməli,  bu məsələdə İranla Ermənistanın mövqeyi tam üst-üstə düşür. Azərbaycan isə bunu istəmir. Belə olduğu təqdirdə bunun adı dəhliz yox, Ermənistandan keçən yol olur. Demək belə qənaətə gəlirik ki, İranın mövqeyində zərrə qədər də olsa dəyişiklik yoxdur. Təəssüflə qeyd edim ki, bizim ölkədə bir çoxları bunu səhv anlayır və belə təqdim edirlər ki, İran mövqeyini bizim xeyrimizə dəyişib. Tehranın yanaşmasında heç bir yenilik yoxdur”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
174
45
baki-xeber.com

10Mənbələr