AZ

Anxel Di Mariya milli komanda ilə vidalaşdı

Futbol üzrə Argentina milli komandasının yarımmüdafiəçisi Anxel Di Mariya “albiseleste”nin heyətindəki karyerasını başa vurub.

Arena.az xəbər verir ki, Amerika Kubokunun finalında Kolumbiya ilə matç (1:0) Di Mariya üçün millidə sonuncu oyun olub.

36 yaşlı futbolçu çempion olduqları görüşdən sonra milli ilə vidalaşmasını da şərh edib: “Milli komandadan belə ayrılmaq mənim arzum idi. Argentina mənim sevgim və ölkəmdir. Hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, 36 yaşlı vinger Qətərdə dünya çempionu olduğu Argentina yığmasının heyətində 145 oyun keçirib. O, bu oyunlarda 31 qola imza atıb, 32 məhsuldar ötürmə edib.

Di Mariya milli komanda ilə dünya çempionluğundan başqa, iki dəfə Amerika Kubokunun qalibi olub. O, milli ilə bir dəfə Olimpiya çempionu, bir dəfə də “Finalissimo”nun qalibi adını qazanb.

2023-cü ilin yayında İtaliyanın “Yuventus” klubundan ayrılan Anxel Di Mariya Portuqaliya təmsilçisi “Benfika”ya keçib. Argentinalı yarımmüdafiəçinin bu klubla müqaviləsi ötən mövsümün sonuna kimi nəzərdə tutulsa da, tərəflər onu daha 1 il uzada bilərlər. Hələlik Di Mariyanın bu klubda qalıb-qalmayacağı tam dəqiqləşməyib.

Argentinalı ulduz daha öncə 2007-2010-cu illər aralığında da “Benfika”nın uğurları üçün çalışıb. O, Lissabon təmsilçisində bütövlükdə 172 oyun keçirib, 32 qol və 43 assistlə yadda qalıb.

Di Mariya karyerası ərzində PSJ (295 oyun, 93 qol, 119 assist), “Real” (190 oyun, 36 qol, 85 assist), “Yuventus” (40 oyun, 8 qol, 7 assist), “Rosario Sentral” (39 oyun, 6 qol, 2 assist) və “Mançester Yunayted” (32 oyun, 4 qol, 12 assist) kimi klublarda da forma geyinib.

“Transfermarkt” internet-portalı 36 yaşlı futbolçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
50
1
arena.az

2Mənbələr