AZ

Şuşa bir daha dostluq və qardaşlıq tandeminə şahidlik etdi - ŞƏRH OLUNDU

“Azərbaycanın türk dilli ölkələrlə olan münasibətləri tarixi və milli köklərə bağlıdır. Eyni soykökə, eyni dilə, eyni dinə malik bu qardaş xalqlartarixin çətin və keçməkeşli günlərində belə hər zaman biri birlərinə dəstək olmuşlar. Bizi bir birimizə bağlayan bu amillər zaman keçdikcə milli birliyimizi, həmrəyliyimizi daha da artırmış və parlaq gələcək naminə birgə addımlamağa böyük zəmin yaratmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi məsələləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin cari ilin fevralın 14-də keçirilən andiçmə mərasimində söylədiyi bu fikirlər ölkəmizin böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat yollarına malik Türk dünyasının birliyinin möhkəmləndirilməsinə və inkişafına ölkəmizin verdiyi önəmi nümayiş etdirir: “Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin inteqrasiyasında və inkişafında oynadığı rola verdiyi qiymət hamıya məlumdur. Təşkilata üzv ölkələr və onların rəhbərləri dövlətimizin başçısının bu istiqamətdəki fikirlərini nəinki bölüşür, həmçinin özləri də imkanları çərçivəsində təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Lakin, heç şübhəsiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.

Ölkəmizin Türk dünyası ilə əlaqələrini nümayiş etdirən amillərdən biri də intensiv qarşılıqlı səfərlərdir. Bir neçə gün əvvəl dövlətimizin başçısı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə qeyd etdiyi kimi, o, son iki ildə Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidenti isə həmin müddətdə Azərbaycana üç dəfə səfər edib. Bundan əlavə, Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr prezidentləri, həmçinin Macarıstanın Baş naziri ötən iki ildə Azərbaycana səfərlər ediblər. Prezident İlham Əliyev də sözügedən ölkələrdə səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, əldə olunan möhtəşəm tarixi QələbələrAzərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəldib. Məhz bu şanlı Zəfərlər ölkəmizin beynəlxalq aləmdəki mövqeyini, ölkələrarası əlaqələrin, xüsusilə, türk dilli ölkələrlə olan əlaqələrin inkişafına öz müsbət təsirini göstərmişdir.

Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyulur. Belə ki, bu il ilk dəfə olaraq TDT-yə üzv dövlətlərin başçıları qeyri-rəsmi Zirvə görüşündə bir araya gəlirlər. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir.

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Prezidentcənab İlham Əliyevin təşəbbüsdür. Bununla bağlı Zirvə görüşündə çıxış edən Prezident cənab ilham Əliyev bildirmişdir ki: “Dövlətimizin başçısı dedi ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha vurğulayır. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

Qeyd edək ki, cari ilin iyul ayının 6-da Şuşadakeçirilən TDT-nın qeyri rəsmi Zrivə görüşündəimzalanan “Qarabağ bəyannaməsi” də öz növbəsində türk ölkələri arasındakı əlaqələrə mühüm töfhələr verəcək. TDT üzv ölkələrin liderləri Türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu hesab edərək, həmçinin bəşəriyyət tarixində türk xalqlarının siyasi, iqtisadi və bəşəri nailiyyətlərinə əsaslanaraq, Qarabağ Bəyannaməsini imzalayıblar.

Türk dilli ölkələrin bu birlik, bərabərlik və qardaşılq sənədi olduqca vacib bir bəyannamədir. Beləliklə türk ölkələri qardaşlığını bütün dünyaya bildirən bu sənədə qol çəkməklə tarixi münasibətlərin yeni mərhələsinə qədəm qoymasını və bu istiqamətdə görüləcək işlərin yol xəritəsini bütün dünyaya bildirmişdir”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
sia.az

1Mənbələr