AZ

Azərbaycan Asiyadan Avropaya yalnız yüklərin deyil, “yaşıl enerji”nin də tranzit nəqlində aparıcı rol oynayacaq

Bakı, 10 iyul, Rabil Kətanov, AZƏRTAC

Azərbaycan Avropa ilə Asiya arasında olduğu kimi, Türk dövlətləri arasında da körpü rolunu oynayır. Bu baxımdan Türk Dövlətlər Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi təsadüfi xarakter daşımır. Azərbaycan Mərkəzi Asiyanı Türkiyə, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ilə birləşdirdiyi üçün mühüm tranzit qovşağı rolunda çıxış edir. Ölkəmizin tranzit rolu təkcə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti ilə məhdudlaşmır. Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji ixracında da mühüm tranzit mövqeyinə malikdir. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar enerji böhranı yaşayan Avropa Azərbaycanla yanaşı, Mərkəzi Asiya respublikalarında istehsal olunan “yaşıl enerji”yə də ehtiyac duyur.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. Sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, yaşıl hidrogen və yaşıl ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Kommünikedə, həmçinin Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsi və Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivləri göstərilib. Buna görə də Prezident İlham Əliyevin TDT Şuşadakı Zirə görüşündə çıxışında söylədiyi “Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir” fikirləri onunla əsaslanır ki, Özbəkistanın və Qazaxıstanın Avropaya enerji ixracı üçün böyük potensialları var. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatdan 30 dəfə çox - 2091 milyard kilovat-saat elektrik enerjisi istehsal etmək imkanı var. Özbəkistanın iqlimi ildə 320 günəşli gündən ibarətdir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara, Kaşkadərya vilayətləri coğrafi baxımdan elə iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat-saat günəş enerjisi hasil etmək olar. BMT-nin “yaşıl enerji”nin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyarda kilovat-saat külək enerjisi istehsal etmək iqtidarındadır.

Son 5 ildə Özbəkistan Prezidenti “yaşıl enerji”nin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 21 müqavilə imzalayıb. Bu gün Özbəkistanda yaşıl enerji istehsalı ilə əlaqədar olaraq 19 layihə icra olunur.

Qazaxıstanın Energetika Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə alternativ enerji istehsal edən 133 müəssisə var. Bunlardan 48-si külək, 43-ü günəş, 39-u su, 3-ü bioqaz elektrik stansiyalarıdır. Bu müəssisələrin ümumi istehsal gücü 2,5 gigavatdır. 2023-cü ilin ikinci yarısında bu stansiyalarda ümumilikdə 3,35 milyard kilovat-saat enerji istehsal olunub.

BMT-nin Sənayenin İnkişafı bölməsinin (UNİDO) hesabatına əsasən, Qazaxıstan planetimizin şimal yarımkürəsinin külək axınları olan regionunda yerləşdiyi üçün böyük həcmdə külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri bu potensialın 1820 milyard kilovat-saat olduğunu qeyd ediblər. Qazaxıstan hökuməti 2030-cu ilə kimi ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovatsaat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı planlaşdırıb və artıq bu istiqamətdə işlər davam edir. Qazaxıstanda ildə 3000 saat günəş işığının olması irihəcmli günəş enerjisi istehsal etmək üçün şərait yaradır. Ölkədə 1 milyard gigavat-saat günəş enerjisi istehsalı potensialı var.

Göründüyü kimi, Mərkəzi Asiyanın bu iki ölkəsinin böyük alternativ enerji istehsalı potensialı onun ixracı məsələsinin zəruriliyini meydana çıxarır. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yalnız TDT-yə daxil olan ölkələrin deyil, bütün region dövlətlərinin iqtisadiyyatına böyük təkan olacaq. Belə qlobal xarakterli layihələrin reallaşdırılması Azərbaycanın həyata keçirdiyi praqmatik siyasətin nəticəsidir. Türk dövlətlərinin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yaxın gələcəkdə böyük ittifaqın yaranmasına və qlobal xarakterli geosiyasi proseslərdə nüfuz etmək imkanı verəcək. Azərbaycan Asiyadan Avropaya yalnız yüklərin deyil, eləcə də enerjinin tranzit nəqlində aparıcı rol oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
azertag.az

1Mənbələr