AZ

FutbolElçin Usub: Avropa Klublar İttifaqının gördüyü iş Azərbaycan futboluna da təsirsiz ötüşməyəcək

UEC-in Avropa məkanında gördüyü iş Azərbaycan futboluna da təsirsiz ötüşməyəcək. Hətta artıq ilk pozitiv nəticə ortadadır.

Bunu “Far.Az”a açıqlamasında “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub bir neçə gün öncə iştirak etdiyi Avropa Klublar İttifaqının (UEC) iclası haqda təəssüratlarını bölüşərkən deyib.

Klub rəhbəri iclasda bir çox məsələlərin müzakirə olunduğunu söyləyib:

“UEC 2 ilə yaxındır fəaliyyətə başlayıb. İlkin ideya Avropada ilk beş top-liqanı təmsil edən elit klubların hegemonluğu nəticəsində rəqabət mühitinin pisləşməsinə müqavimət göstərmək olub. Avropada rəqabət mühitinin kiçik-ortabab klubların ziyanına dəyişməsi futbola marağın azalmasına, həmçinin digər neqativ hallara gətirib çıxara bilər. UEC cari ilin aprelində İdarə Heyəti formalaşdırıb. “Şamaxı” klubunun rəhbəri kimi mən də orada təmsil olunmuşam. İyulun 3-də Brüsseldə İdarə Heyətinin ilk ümumi iclası keçirildi. Bir çox məsələlər müzakirə edildi, gələcək planlar barədə fikir mübadiləsi oldu. İdarə Heyətində işçi qrupları yaradılıb. Mən hüquqi tənzimləmələr qrupunun üzvüyəm. Oktyabrda keçiriləcək növbəti ümumi yığıncağa qədər gərgin iş gedəcək, müvafiq təkliflər ictimaiyyətə təqdim olunacaq”.

O, qarşıda duran hədəflər haqqında danışıb:

“Avropanın ən baxımlı və maraqlı yarışı olan Çempionlar liqasının 1/4 finalına çıxan klubların hansı ölkələrdən olması dinamikasını araşdırsaq, görərik ki, 1993-2002-ci illərdə klubların 17 %-i, 2003-2012-ci illərdə 7%-i, 2013-2022-ci illərdə isə cəmi 5%-i top-5 liqalardan olmayıb. UEC-in yaradılmasında məqsəd Avropada bu cür neqativ tendensiyalara müqavimət göstərmək, kiçik və ortabab futbol klublarının maraqlarını müxtəlif səviyyələrdə təmsil etməkdir".

E.Usub bildirib ki, UEFA yarışlarından əldə edilən ümumi gəlirdən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak etməyən klublara, o cümlədən Azərbaycan Premyer Lliqası təmsilçilərinə də “həmrəylik ödənişi” formasında pay düşür:

"2021-2024-cü illərdə ümumi gəlirlər hər il təxminən 3,5 milyard avro olub və bunun cəmi 3 %-i, yəni illik 140 milyon avrosu UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyən klublar arasında bölüşdürülüb. Məhz UEC-in apardığı iş nəticəsində növbəti 3 il ərzində bu nisbət 3 %-dən 7 %-ə qədər artırılıb, hər il təxminən 308 milyon avronun bölüşdürülməsi gözlənilir. Azərbaycanın kiçik və ortabab klubları da bundan bəhrələnəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
far.az

1Mənbələr