AZ

Avrasiya üçün yeni inkişaf düsturu...

Azərbaycan-Çin münasibətləri beynəlxalq nizamda yeni səhifə açır

XXI əsrin ikinci onilliyi lokal qarşıdurmaların yeni mərhələyə qədəm qoyması ilə yanaşı, yeni beynəlxalq situasiya ilə də seçilir. Xüsusilə yeni dövrdə əməkdaşlıq mühitinin və müstəvisinin məhdudlaşdırılması ilə qarşılaşırıq - dünyanın bəzi gücləri ayrı-ayrı dövlətlərin məsələlərə öz milli maraqları müstəvisində deyil, həmin mərkəzlərin və ya beynəlxalq təsisatların mənafeyi müstəvisində yanaşmasını “tələb edir”. Yaşadığımız günlərdə bunun faktiki şahidinə çevrilirik. Bu mənada, yeni dönəmdə az-az ölkələr var ki, özlərinin milli maraqları və ikitərəfli mənafeyi çərçivəsində əməkdaşlıq qurur, onu inkişaf etdirir. 

Azərbaycan da bütün çoxtərəfli və ikitərəfli əlaqələrini özünün milli maraqları kontekstində inkişaf etdirir. Xüsusilə, bölgədə yaratdığı yeni iqtisadi-siyasi reallıqlar fonunda ortaya çıxan perspektivlər Azərbaycan üçün mühüm dividendlər formalaşdırıb. Regionun təhlükəsizliyinə verdiyi töhfə, yeni iqtisadi əlaqələrin qurulması və ya gücləndirilməsi istiqamətində atdığı addımlar, bölgənin potensialını maksimum səviyyədə nümayiş etdirmək imkanlarının yaradılması Azərbaycanı digər güc mərkəzləri və ya dövlətlər üçün maraqlı edir - bunun nəticəsidir ki, son illərdə ölkəmiz dünyanın aparıcı dövlətləri və ya beynəlxalq təsisatları ilə enerji, daşımaçılıq, tranzit imkanları və ikitərəfli münasibətlərin yeni mərhələsini özündə əks etdirən müstəvilərdə əməkdaşlıq müqavilələri, strateji müttəfiqlik sənədləri, anlaşma memorandumları imzalayır. 

Əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru...

Çin yaşadığımız əsrdə qlobal güc mərkəzi kimi özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünyanın mühüm siyasi aktorudur. Rəsmi Pekin müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv ölkələrdən sayılır - Avrasiya geoməkanında, xüsusilə də Azərbaycanın mühüm təsir imkanları yaratdığı Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya bölgəsi üzrə ikitərəfli və çoxtərəfli səciyyə daşıyan qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin formalaşmasında Çin faktoru xüsusi əhəmiyyətə malikdir. Beləliklə, iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin əhəmiyyətinə də məhz bu müstəvidən yanaşmaq daha doğru olardı: müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırki dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir. Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması bizə həm siyasi həm də iqtisadi üstünlüklər vəd edir. Nəzərə alaq ki, Çinin “Bir kəmər bir yol” iqtisadi ideyasının real təcəssümlərindən olan Orta Dəhliz həm də geostrateji səciyyə daşıyır - bu dəhliz Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ və effektiv olaraq Avropaya daşınmasına imkan yaradır. Mərkəzi Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin Azərbaycana yanaşmasını ortaya qoymaqla bu layihədəki tərəfdaşını dünyaya nümayiş etdirir. Bu, Azərbaycan üçün də xüsusi anlam daşıyır - dünyanın ən mühüm iqtisadi güc mərkəzlərindən, BMT TŞ-nin aparıcı üzvlərindən, qlobal siyasi münasibətlər sisteminin əsas oyunçularından, nəhayət, bölgənin iqtisadi-ticari imkanlarının şaxələndirilməsində açar rolunu oynayacaq ölkələrdən biri Azərbaycanın strateji tərəfdaşına çevrilib. Öz növbəsində, Çin də Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu, Pekinin Bəyannamə ilə bağlı mövqeyində də açıq görünür. Üst-üstə düşən maraqlar, uzalaşan mövqelər, yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri bütün sahələr üzrə danışıqların və razılaşmaların dinamik xarakter almasını şərtləndirir. 

Təhdidlərə qarşı birgə mübarizə...

Qeyd edək ki, tərəflər arasındakı əlaqələr çoxşaxəlidir və siyasi, iqtisadi münasibətlər, o cümlədən təhlükəsizlik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu məsələyə xüsusi diqqət ayırmaq gərəkir - son illərdə bölgə ilə bağlı bir sıra güc mərkəzlərinin fərqli niyyətləri ortaya çıxmışdı ki, Azərbaycan bunları bloklaya bilmişdi. Cənubi Qafqazda erməni separatizminin kökünü qazıyan, terrorun və ekstremizmin sonunu gətirən dövlətimiz regionun təhlükəsizlik refleksini gücləndirib. Bunun nəticəsidir ki, Çinlə imzalanan sənəddə təhlükəsizlik məsələsi xüsusi yer tutur - Bəyannamədə göstərilir ki, tərəflər terrorizm, separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratması və bu çağırışların qarşısını almaq, onlara qarşı mübarizə aparmaq üçün ümumi səylərin birləşdirilməsini tələb edir. Qeyd olunur ki, hər iki dövlət milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar. Eyni zamanda, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar.

Vurğulanan məqam bölgənin gələcəyi üçün olduqca əsas məqamdır. Diqqət yetirsək, son illərdə müstəqil dövlətlərə müdaxilələrin əksəriyyəti heç də hərbi yolla aparılmır - tam əksinə, fərqli üsullarla yaradılan təhdidlər ölkələrin suveren inkişafını təhdlükə qarşısında qoyur. Azərbaycan - Çin tərəfdaşlığı bu təhdidlərin sözügedən coğrafyadan kənarlaşdırılmasında, onun sərhədlərinə yaxın düşməməsində böyük rol oynaya bilər. Yaranacaq effektiv iqtisadi münasibətlər həm də davamlı və dialoqa əsaslanan siyasi əlaqələri gücləndirəcək. Bu isə öz növbəsində təhlükəsizlik seqmentini dərinləşdirir.

Yaşıl əməkdaşlıq” perspektivi...

Sağlam gələcək üçün “yaşıl inkişaf” konsepsiyası formalaşdıran Azərbaycan özünün müasir prioritetlərini, eyni zamanda, gələcək hədəflərini bu amillə yaxından əlaqələndirir. “Yaşıl enerji” və “yaşıl dünya” prioritetlərini açıqlayan Azərbaycan dünyanın sağlam gələcəyi uğrunda əsaslı təşəbbüsləri ilə yadda qalmaq üçün səylərini ortaya qoymaqdadır. Dövlətimiz illərdir ki, önə çəkdiyi, təşviqini apardığı “Yaşıl dünya” şüarını ümumi inkişaf prosesinin ən ümdə ştrixləri ilə uzlaşdırır - bu gün dünyanın bir sıra regionlarının enerji təminatçıları sırasında yer alan Azərbaycan yeni dövr üçün yeni prioritetlər müəyyənləşdirir və bu prioritetlərin həyata keçirilməsi prosesində böyük cəsarət, qətiyyət nümayiş etdirir. Bu addım isə birmənalı şəkildə dəstəklənir. Xüsusilə Çin kimi dünya nəhənginin Azərbaycanın “yaşıl hədəflərinə” dəstək verməsi olduqca vacib şərtdir - strateji tərəfdaşlığın qurulması ilə bağlı imzalanan Bəyannamədə bu məqama diqqət ayrılır: Çin tərəfi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini alqışlayır və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində sədrlik rolunu dəstəkləyir. Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən, “yaşıl enerji” sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerjidaşıyıcıları, elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın qurulmasını birgə təşviq etməyə hazır olduqlarını bildirirlər.

Bu onu göstərir ki, ölkəmizin irəli sürdüyü, üzərində dayandığı bütün qlobal təklif və təşəbbüslər aparıcı beynəlxalq aktorlar tərəfindən dəstəklənir. Beləliklə, yeni dövrdə Azərbaycan-Çin münasibətlərinin əhəmiyyətli bir hissəsini də məhz “yaşıl əməkdaşlığın” tutacağına inam böyükdür...

P.İSMAYILOV 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
yeniazerbaycan.com

1Mənbələr