AZ

Martines Argentinanı yarımfinala daşıdı - REPORTAJ

İyulun 2-də ABŞ-də keçirilən 48-ci Amerika Kubokunun (AK) qrup mərhələsi sona çatdı.

Son 4 oyunda qeydə alınan nəticələrdən sonra daha üç komanda – Uruqvay, Panama və Braziliya 1/4 finala vəsiqə qazandı. İyulun 4-də isə bu mərhələyə start verildi. Son çempion Argentina Ekvadora yalnız oyunsonrası penalti seriyasında qalib gələrək yarımfinala çıxan ilk yığma oldu.

qrup mərhələsi, 3-cü tur
C qrupu
ABŞ - Uruqvay 0:1

M.Olivera, 66.
ABŞ: Törner, Skalli (Rayt, 79), Riçards, Rim (Tillman, 89), Robinson, Adams, Makkenni, Musa (Sarcent, 72), Reyna, Baloqun (Pepi, 41), Pulişiç.
Uruqvay: Roçet, Nandes, R.Arauxo, M.Olivera, Vinya (X.M.Ximenes, 72), Uqarte (Kaseres, 89), Valverde, De la Krus (Bentankur, 79), Pelyistri, D.Nunyes (L.Suares, 88), Maksimiliano Arauxo (K.Olivera, 27).

Ev sahiblərinin 2-ci turda Panamaya uduzması (1:2) gözlənilməz olmuşdu. ABŞ yığması bununla da qrupdan çıxmaq şansını böyük ölçüdə sual altına salmışdı. Qreqq Berhalterin komandasının taleyi öz əlində deyildi: amerikalılar qrupun digər oyununda panamalıların hansı nəticə göstərəcəyindən asılıydılar. Onlar istənilən halda son turda Uruqvaya qalib gəlməyə çalışacaqdılar. Amma bu, heç də asan məsələ sayıla bilməzdi. İlk iki matçda Panama (3:1) və Boliviyaya (5:0) qalib gələn uruqvaylılar 1/4 finala vəsiqə qazanmaq üçün meydan sahiblərinə uduzmamalıydılar.

Marselo Byelsanın çalışdırdığı komanda yaxşı formada olduğunu bir daha göstərdi. Doğrudu, cənublular təxminən ilk 20-25 dəqiqə ərzində ev sahiblərinin güclü təzyiqi ilə üzləşdi. Amma Berhalterin komandası bu üstünlükdən yararlana bilmədi: şimali amerikalıların Roçetin qoruduğu qapı qarşısında real qol vəziyyəti yaratmaqda çətinlik çəkdiyini qeyd edək. Onlar fasilədən sonra da qol axtarışını davam etdirməyə məcbur idilər. Lakin Uruqvay yığmasının təşəbbüsə azacıq yiyələnməsi nəticəyə təsirini göstərdi. 66-cı dəqiqədə standart vəziyyətdə müdafiəçi Matias Olivera hesabı açdı. Ev sahiblərinin bundan sonrakı cəhdləri də nəticə vermədi. Uruqvay qrupu maksimum nəticə ilə başa vurdu. ABŞ yğmasının heç-heçə halında belə qrupdan çıxa bilməyəcəyi də məlum oldu...

Boliviya - Panama 1:3
Miranda, 69 - Faxardo, 22. E.Gerrero, 79. Yanis, 90+1.
Boliviya: Viskarra, Roça (Miranda, 63), Kuelyar, Akin, M.Suares, Xesus Saqredo, Sespedes (Xustinyano, 63), Terseros (Çaves, 81), Vilyamil (Terrasas, 63), Vaka (Sausedo, 81), Alqaranyas.
Panama: Maskera, Murilyo (Lenis, 46), Farinya, Kordoba, Devis, K.Martines (Ayarsa, 74), Blekmen, Uelş (Yanis, 90), Harvi (E.Gerrero, 74), Barsenas, Faxardo (Qondola, 81).

...ona görə ki, digər matçda sensasiya baş vermədi. Panama aşkar autsayder Boliviyadan maksimum xal aldı. Danimarkada dünyaya gələn və hazırda ispaniyalı sayılan 51 yaşlı Tomas Kristiansenin çalışdırdığı komanda tarixində ilk dəfə AK-nın 1/4 finalına vəsiqə qazandı!

1. Uruqvay 3 3 0 0 9-1 9
2. Panama 3 2 0 1 6-5 6
3. ABŞ 3 1 0 2 3-3 3
4. Boliviya 3 0 0 3 1-10 0

D qrupu
Braziliya – Kolumbiya 1:1

Rafinya, 12 – Munyos, 45+2.

Braziliya: Alisson, Danilo, Militao, Markinyos, Vendell (Duqlas Luis, 86), Bruno Gimaraynş (Endrik, 86), Joao Qomes (Ederson, 74), Lukas Paketa (Andreas Pereyra, 46), Rafinya, Rodriqo (Savinyo, 74), Vinisius Junior.

Kolumbiya: K.Varqas, Munyos, D.Sançes, Kuesta, Maçado (Moxika, 46), Lerma, Rios (Uribe, 76), Aryas, Xames Rodriges (Karraskal, 81), Kordoba (Borre, 76), L.Dias (Sinisterra, 89).

Kolumbiya yığması D qrupunda keçirdiyi ilk iki oyunda Paraqvay (2:1) və Kosta Rika (3:0) üzərində qələbələrlə 1/4 finala çıxan ilk yığma olmuşdu. Nestor Lorensonun komandasına qrup liderliyi uğrunda son oyunda Braziliyaya uduzmamaq kifayət edəcəkdi. Santa Klaradakı matçı izləməyə dəyərdi. Rəqiblər olduqca keyfiyyətli oyun nümayiş etdirdilər. Amma hakimlərin bir sıra mübahisəli qərarları matça bir qədər “kölgə saldı”. Liderlik üçün qələbəyə ehtiyac duyan Braziliya ilk dəqiqələrdə üstün futbol nümayiş etdirdi və Rafinyanın cərimə zərbəsi ilə vurduğu baxımlı qolla hesabı erkən açdı.

Cavab qolunu tezliklə vurmağa çalışan kolumbiyalılar buna hissənin ortalarında nail oldular. Lakin Davinson Sançesin qolu mikroskopik ofsayda görə qeydə alınmadı. Bununla belə, Lorensonun komandası fasiləyə az qalmış digər müdafiəçi Munyosun zərbəsi ilə hesabı bərabərləşdirdi. Qeyd edək ki, Munyos qapıya yol tapmazdan bir neçə saniyə əvvəl cərimə meydançasında Vinisius Juniora qarşı hərəkəti ilə yadda qaldı. Həmin epizoda görə kolumbiyalıların qapısına nə üçün penalti təyin edilmədiyi böyük sual doğurdu.

Dorival Juniorun çalışdırdığı komandadan fasilədən sonra hücumda maksimal fəallıq gözlənilirdi. Lakin beşqat dünya çempionu təşəbbüsə böyük ölçüdə nail ola bilmədi. Elə bir ciddi hücum təşkil edə bilməyən braziliyalılar meydanın özünə aid olan hissəsində çoxlu səhvə yol verdi. Bunun əsas səbəbi isə rəqibin güclü pressinq tətbiq etməsi ilə bağlı idi. Daha keyfiyyətli futbol sərgiləyən Kolumbiya yığması heç də hesabı qorumaq üçün oynamadı. Lorensonun komandası qələbəyə daha yaxın idi. Ancaq AK-də ilk dəfə meydana çıxan Karraskal və Borre əla şansları boşa verdilər. Qrupda liderliyi qoruyan Kolumbiya 1/4 finalda Panama, Braziliya isə Uruqvay ilə qarşılaşacaq.

Kosta Rika – Paraqvay 2:1
Kalvo, 3. Alkoser, 7 - R.Sosa, 55.

Kosta Rika: Sekeyra, Teylor, Mitçell, X.Varqas, Kalvo, Mora (Kaskante, 88), Brenes (Bran, 78), Qalo, Madriqal (Kontreras, 78), Alkoser (Samora, 68), Kempbell (Agilera, 68).

Paraqvay: Moriniqo, N.Ximenes, Balbuena, Alderete, Velaskes (Ramires, 74), Vilyasanti (Alexandro Romero, 74), Bobadilya (D.Qonsales, 83), R.Sosa, Almiron (Anxel Romero, 46), Enkiso, Bareyro (Kabalyero, 46).

Kosta Rika yığması sonuncu tur ərəfəsində pley-offa çıxmaq şansını itirən Paraqvayla matça fırtına kimi başladı və ilk 7 dəqiqədə iki qol vurdu. Rəqibin gücü yalnız fərqi minimuma endirməyə çatdı. Amma 2:1 hesablı qələbənin gətirdiyi 3 xal Kosta Rikanın pley-offa çıxması üçün kifayət etmədi.

1. Kolumbiya 3 2 1 0 6-2 7
2. Braziliya 3 1 2 0 5-2 5
3. Kosta Rika 3 1 1 1 2-4 4
4. Paraqvay 3 0 0 3 3-8 0

1/4 final
Argentina – Ekvador 1:1, p. – 4:2

Lisandro Martines, 35 - K.Rodriges, 90+1.

Argentina: E.Martines, Molina (Montyel, 90+6), Lisandro Martines (Lo Çelso, 79), K.Romero, Talyafiko, De Paul, Makallister, E.Fernandes (Otamendi, 79), N.Qonsales, Messi, Lautaro Martines (Alvares, 65).

Ekvador: A.Dominges, Feliks Torres, A.Presyado, Paço, İnkapye, Qrueso (Yeboa, 80), M.Kaysedo, Franko (X.Kaysedo, 87), Paes (Minda, 77), Sarmyento (K.Rodriges, 77), Valensiya (Mena, 80).
Argentina yığması Ekvadorla dueldə favorit statusunu çətinliklə doğrultdu. Turnirin son çempionu topa böyük ölçüdə nəzarət etsə də, rəqib qapısı qarşısında uzun müddət real qol vəziyyəti yaratmaqda çətinlik çəkdi. Nəhayət, 35-ci dəqiqədə müdafiəçi Lisandro Martines Messinin yaxın dirək istiqamətində asmasından sonra Makallisterin ötürməsi ilə başıyla hesabı açdı.

İkinci hissəyə fəal başlayan ekvadorlular birsaatlıq mübarizənin sonunda De Paulun əllə oynamasına görə penalti vurmaq hüququ qazandılar. Lakin Valensiya topu dirəyə tuşlamaqla hesabı bərabərləşdirmək imkanını boşa verdi. Hesabdakı üstünlüyünü artırmaq istəyən argentinalılar bundan sonra hücumda fəallaşdılar. Lakin ikinci qolu vura bilmədilər. Feliks Sançes zəruri əvəzləmələrlə komandasını məğlubiyyətdən xilas etməyə çalışdı. Meydana sonradan çıxan iki oyunçunun – Yeboa ilə Kevin Rodrigesin təşkil etdiyi cavab qolu son dəqiqələrdə reallaşdı və reqlamentə əsasən komandalar əlavə vaxt oynamadan birbaşa penalti seriyasına başladılar. İlk zərbəni yerinə yetirən Messinin Panenkasayağı qol vurmaq istəyi baş tutmadı. Topu tirə vuran ulduz futbolçunu Emiliano Martines “sığortaladı”: qapıçı Mena ilə Mindanın ardıcıl iki zərbəsini dəf etməklə komandasını ümidləndirdi. Argentinalıların qalan 4 cəhdi uğurlu alındı və Lionel Skaloninin komandası çətinliklə də olsa, yarımfinala adladı. Argentina bu mərhələdə Venesuela – Kanada matçının qalibi ilə qarşılaşacaq.

Bombardir: Lautaro Martines (Argentina) - 4.

Oyundan sonra
Lionel Skaloni, Argentina yığmasının baş məşqçisi:
“Komandamız həlledici məqamda özünə və qapıçımıza əmin idi. Messi startda penaltini qola çevirə bilməsə də, nəticənin bizim xeyrimizə olacağına inanırdıq. Oyun isə xoşuma gəlmədi. Sizin mövqeyinizi bilmirəm, amma məncə, belə qələbə heç də xoş deyil. Bəli, yarımfinala çıxdığımız üçün sevinirik, ancaq mən narazıyam”.

Lionel Messi, Argentina yığmasının hücumçusu:
“Matçın gərgin keçəcəyini bilirdik. Hər şey gözlədiyimiz kimi oldu. Ekvadorun çox yaxşı oyunçuları var. Onu da deyim ki, belə qazon sürətli oynamağa imkan vermir və müdafiəçilərin vəzifəsini yüngülləşdirir”.


AMERİKA KUBOKU
tarix saat oyun
6 iyul 02.00 Kolumbiya - Panama
6 iyul 05.00 Uruqvay - Braziliya


Qeyd: yeni günə keçən gecə keçirilən oyunların başlama tarixi ötən günə nəzərən göstərilib.
Seçilən
64
football-plus.az

1Mənbələr