AZ

Geri dönməyən yolların yolçuları: Kursant  Yalçın Məmmədovun əziz xatirəsinə - REPORTAJ  

1993-cü ildən uzun zaman keçir. 31 ildir...  Bu illərdə son nəfəsinə qədər “hardasan ay oğul, yolun niyə bağlandı, niyə gəlməz oldun?”-deyə yol gözləyən Roza xala, Habil dayı bir gün də olsa, Yalçının geri dönəcəyinə olan ümidlərini üzmədilər.

Anasının dünyaya gözünü yumarkən baxışlarının qapıya sancıldığını deyən Məhsəti xanım ailədə heç kimin Yalçının yoxluğu ilə barışmadığını deyir.

Cənab kursant hardasan?

  Yalçın Habil oğlu Məmmədov 1973-cü ildə iyul ayında Ağdam rayonunun Baş Qərvənd kəndində anadan olub. Elə kənddə də Şəhid Zabil Allahverdiyev adına tam orta məktəbi bitirib. Həm əlaçı idi, həm də məktəbin nəzdində açılmış idman dərnəyində güləşlə məşğul olurdu. Dəfələrlə rayon və respublika üzrə yarışmalarda iştirak edib. İdman dostları, Həzi, Novruz, Qasım, Şakir onun idman sahəsində gələcək üçün perspektiv addımlar atacağına əmin idilər.

Ağdamdan gələn İdman müəllimi məşqçi Vaqif yarışmalara ən çox onu göndərirdi və qazanılan nəticyə görə, yanılmadığını düşünürdü. Yalçın nə qədər desə də ki, mən gələcəkdə general olacam, ona görə idmanla məşğulam, hamı bunu uşaq arzusu kimi qəbul edirdi. Məktəbdə hamı Yalçının idmançı olacağını düşünürdü . Düz 8-ci sinifi bitirənə qədər...

(Yalçınla bağlı fotoları sinif yoldaşı, tələbə yoldaşı, silahdaşı Bakir Abdullayev verib)

 O vaxt yuxarı instansiyalardan  gələcək üçün hərbçi olmaq istəyən uşaqların axtarışı ilə bağlı bütün orta məktəblərə sorğu göndərilmişdi. Həmin gün Yalçının ən böyük arzusu ortaya çıxdı. Onun sinif yoldaşı Bakir Abdullayev də Yalçınla birlikdə hərbçi olmağa qərar verdilər.

Yeri gəlmişkən, Azərbaycan müstəqillik qazandıqdan sonra kəndimizdəki Lenin adına kolxozun adı dəyişdirilərək polkovnik Şahmalı Rəhimov adını daşıdı. Şahmalı Rəhimov İkinci Dünya müharibəsi zamanı 416-cı Diviziyanın tərkibində Berlinə kimi döyüş yolu keçmişdi. Reystaqa bayrağın sancılmasında iştirak etmişdi. Müharibədən sonra bir sıra rayonların hərbi komissarı olmuş, polkovnik rütbəsinədək yüksəlmişdi. Kəndin fəxri olmuşdu...Həmin Ş.Rəhimov Yalçının dayısı idi. Necə deyərlər, igid oğul dayısına oxşayar. Bax elə balaca vaxtından dayısının geyindiyi hərbi geyim onu özünə cəlb eləmişdi.
Nəhayət gələcəyin hərbçisi Leninqrad (Sankt Peterburq) Ali Hərbi məktəbə qəbul olundu. Elə ilk gündən hərbçi kimi hərb sənətinin yazılmış və yazılmamış qanunlarına diqqətlə riayət etməyə başladı,səliqəli geyim, zabit şərəfinin qorunması, çətin anda, ağır gündə dostluq və qardaşlıq prinsipləri ... Yalçın böyük bir el-obanın tanınmış hərbçisi olacaqdı, general olacaqdı, fəxr yeri olacaqdı.Düzdür fəxr yeri oldu ,amma təəssüf ki, general ola bilmədi.

Çünki artıq torpaqlarımıza erməni və rus birləşmiş silahlı qüvvələri vəhşicəsinə hücum edərək həm dinc insanlarımızı qətlə yetirir, həm torpaqlarımızı işğal edir, həm də hər gün irəliləyir, hər gün bədnam əməllərini artırırdılar.  Bu Yalçını da, onun həmkəndlisi, sinif  yoldaşı, hərbçi qardaşı, hazırda II qrup Qarabağ əlili, istefada olmayan mayor Bakir Abdullayevi də gecə-gündüz narahat edirdi. Qarabağa- döyüşə girmək üçün əmr gözləyirdilər. Nəhayət əmr gəlir.


 Bakir o günləri belə xatırlayır:

- Hərbçi peşəsi bəlkədə yeganə peşədir ki, ölümlə göz-gözə, nəfəs-nəfəsə qədər yaxın olursan. Bunu bilə-bilə bu peşənin dalınca kənddən yalnız Yalçın və mən getdik. Peşəkar dərslər, təlimlər bizi auditoriyaya sığmaz edirdi. Çünki artıq nələrisə bilirdik və bu bildiklərimizi xalqımızın o ağır, məşəqqətli günlərində ortaya qoymaq arzusundaydıq. Əmr gəldi! 1993-cü ilin 13 fevralı- soyuq qış günlərindən biri idi. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin (BAÜKM) kursantları həyəcan siqnalı vasitəsilə ayağa qaldırıldı. Bir anda bütün kursantlar məktəbin həyətində "farağat” komandasında düzüldülər.

Yüzlərlə kursantların içərisindən yalnız 62 nəfər boy-buxunlu, xüsusi hazırlıqlı seçmə kursantlar seçildi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisinin əmri ilə döyüş bölgəsinə- Ağdərə rayonuna, oradan isə Aterk (Həsənriz) yaşayış məntəqəsinə göndərildik. Yalçın, Elçin, İsrafil, Elşad, Bayram və adını çəkə bilmədiyim kursant yoldaşlarımla 14 fevralda artıq Aterk, İmarət Qərvənd kəndləri uğrunda qanlı döyüşə atılmışdıq. İmarət Qərvənd kəndində olanlar bilir, kəndin bir tərəfi uca dağlar, sıx meşələr, şərqə tərəf hissəsi isə qismən dağlıq ərazi idi. 


Tərtər çayı məhz bu kəndin yaxınlığından keçdiyi üçün qışda da bura əsrarəngiz bir gözəlliyə bürünərdi. Bizim tabor kənddə döyüş əməliyyatlarında ciddi tapşırıqlar yerinə yetirir, qarşı tərəfin hücumlarının qarşısının alınmasında xüsusi rol oynayırdı. Döyüşün ən qızğın vaxtında qərargahla bütün əlaqələrimiz itdi. Eyni hərbi geyimlə təmin olunmuş erməni və azərbaycanlı əsgərləri bir-birindən ayırmaq cətinləşdi.. Haranı vurmaq, hansı tərəfi atəşi tutacağımızı bilmədik. Bizim əraziyə nəzarət etdiyimiz yüksəkliyin ətrafı hərbi transpartyorlarla, tank və PDM-lərlə mühasirəyə alındı.

Elə bir kritik durum yaranmışdı ki, nə qərar verəcəyimizi də bilmirdik. Üstə gəl, mənfi 10-15 dərəcə şaxta, sıldırım qayalıqlar, gəldiyimiz yolda isə düzülmüş erməni əsgərləri…Anladıq ki, mühasirəyə düşmüşük və bu “ölüm-qalım” məngənəsindən çıxmaq hərbçi soyuqqanlığı tələb edir. Komandir kimi sözümü eşidən, mənə inanan kursantlara qurtulmağımızın yolunun ancaq dağlardan enib Tərtər çayı boyunca irəliyə-çayın axarı tərəfə getmək olduğunu bildirdim.

3 gün dağlarda həm üstümüzə hücuma kecən ermənilərlə döyüşdük , həm uşaqları sağ-salamat geri qayıtması üçün qarla-şaxta ilə, sıldırımlı yollarla mübarizə apardıq. Ayaqqabım ayağımdan cırılıb çıxmışdı. Sol ayağımı don vurmuşdu. Gödəkçəmin qolunu cırıb ayağıma bağladım ki, şaxtada donub qalmayım, uşaqları mənzilbaşına sağ –salamat çatdırım. Fərqli çıxış yolu seçib, o yolla getməyi qərara alan  8 kursant itkin düşdü.  Bu günə qədər onların  “öldü-qaldı”sı haqqında heç bir məlumat əldə edə bilməmişik. İtgin düşən həmin 8 nəfərdən biri Yalçın idi. Amma ermənilərin gələcəkdə hərbi zabit kimi püxtələşəcək o kursantları tamamilə məhv eləmək planın baş tutmasına imkan vermədim. Mühasirədən çıxdıq.

Kəndimizdə kimin yanında Yalçının adını çəkirsən çək, onun haqqında hörmətlə, üstəlik bir kədərlə danışacaq. Hamısının da son sözü də o olur ki, “ kaş heç olmasa, bir qəbri qalaydı, valideynləri, bacı qardaşı, doğmaları o qəbir üstündə həm Yalçının doğum gününü, həm əbədiyyətə qovuşduğu günü ora yığışaydılar, kaş ki...”

Yalçın qarayanız, amma suyuşirin uşaq idi. Zarafatıda çox sevərdi. Evləri kəndin ayağında -İbadullu məhləsindəydi.Amma onu daha  çox Kəkilbəylidə- bizim məhlədə görərdik. Ordan bir qız sevirdi, özü kimi qarayanız, suyuşirin.  Qardaşımla bir birinin xətrini çox istəyirdilər. O səbəbdəndə Yalçına ərkim çatırdı. Hər dəfə onu bizim aralıqda görəndə soruşurdum:” Qaaa, niyə oturmursan evinizdə, nə gəzirsən bizim aralıqlarda” Cavabi:”Gəlmişəm, palçığı (rəngi) palçığımdan olanı görməyə! Yaxşı bacı olsaydın, sual verməzdin, gedib, onun başın aldadıb çıxardardın darvazaya, məndə uzaqdan görüb gedərdim evimizə! Hələ bir sual verir....” Sözü ağzından çıxan kimi də  qəhqəhə ilə gülərdi.

 Yalçın haqda xatirələrə dalıram... Bax, elə bu anda ürəyimdən bir istək qalxır ”Yalçın, sağsansa, bir yol tap,  qayıt gəl, sağ deyilsənsə, ruhunla hər zaman başımızın üstündə ol, bil ki, biz səni çox sevirik! 
 

Bizim xatirimizdə əbədi olaraq  yaraşıqlı, qorxmaz, nümunəvi və  həm də 20 yaşlı gənc olaraq qalacaqsan! 51 yaşın mübarək!

 Əntiqə Rəşid

(Yazarın arxivindən)

Seçilən
61
adalet.az

1Mənbələr