AZ

NATO və Rusiya münasibətləri... Azərbaycanın mövqeyi - AÇIQLAMA

“Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin çıxışı zamanı Qərbin Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməsinə aqressiv münasibət bildirib. Bu dəvət NATO tərəfindən Azərbaycana göndərilən ilk dəvət deyil”.

“Azərbaycan və Ermənistan iyulun 9-dan 11-ə kimi Vaşinqtonda baş tutacaq NATO-nun yubiley sammitində xarici işlər nazirlərinin görüşündə iştirak edəcəklər. Bu görüşə ABŞ dövlət katibi Entoni Blinken ev sahibliyi edəcəkdir. Görüşdə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində partnyor ölkələrlə əməkdaşlıq, o cümlədən regional məsələlər, Cənubi Qafqazdakı proseslər və Azərbaycan-Ermənistan sülh məsələsi də müzakirə oluna bilər. Qeyd etmək lazımdır ki, bu Azərbaycanın ilk NATO sammitindəki çıxışı deyil. Hələ 2014-cü ildə NATO-nun Uelsdə baş tutan sammitində ölkə başçısı Prezident İlham Əliyev iştirak etmişdi”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Azərbaycan və Ermənistanın NATO tədbirlərində iştirakına etiraz bildirməsi əslində təəccüb doğurmamalıdır.

“Rusiyanın müxtəlif rəsmi nümayəndələri tərəfindən NATO-nun postsovet məkanındakı fəaliyyəti ilə bağlı əvvəllər də Rusiyada buna oxşar bəyanatlar səsləndirilib. Aydın məsələdir ki, Rusiya NATO ilə bağlı həmişə narahatçılıq keçirib. Çünki NATO-nun elə soyuq müharibə dönəmində yaradılmasında əsas məqsəd məhz Sovet İttifaqının zəiflədilməsi idi. İndi də NATO özünün əsas hədəfi olaraq məhz Rusiyanı götürür. Xatırlatmaq lazımdır ki, 2022-ci ildə Madriddə baş tutan sammitdə NATO-nun yeni strateji konsepsiyası qəbul olunmuş və həmin konsepsiyada Rusiya açıq-aşkar təhdid kimi qeyd olunmuşdu. Belə olduğu halda Rusiya anlayır ki, NATO-nun əsas məqsədlərindəm biri də Rusiyaya qarşı mühasirə strategiyasını həyata keçirmək, postsovet məkanında Rusiyanın nüfuzunu zəiflətməkdir. Hazırda Rusiya-Ukrayna müharibəsi də bunun üçün əlverişli bir şərait yaratmaqdadır”.

“Məhz bu səbəbdən də Rusiya çalışır ki, özünün müəyyən təsir dairəsinə malik olduğu regionlarda Mərkəzi Asiyada, Cənubi Qafqazda, Şərqi Avropa kimi bu regionlarda NATO-nun hər vəchlə güclənməsinə mane olsun. Məsələ burasındadır ki, Cənubi Qafqazda hazırda NATO və Qərb Ermənistan vasitəsilə müəyyən hədəflərə nail olmağa çalışır. Rusiya bunu görür və buna görə də Ermənistan üzərində Rusiyanın böyük təzyiqi mövcuddur. Azərbaycan daha praqmatik siyasət yürüdür. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edir. Bu əslində NATO-ya əks bir təşkilatdır. Bu balanslı xarici siyasət ilk növbədə Azərbaycanın milli maraqlarının təmin olunmasına hesablanıb. Azərbaycan hansısa bir qütbün və yaxud da ki, super gücün yanında yer almır. Eyni zamanda Azərbaycan hər bir ölkə ilə öz maraqları çərçivəsində bərabər səviyyədə münasibətlər yaratmağa çalışır. Belə olan halda heç bir ölkə Azərbaycana hansı siyasət yürütməsini diktə edə bilməz. Bizim NATO ilə əməkdaşlığımız hələ 90-ların əvvəllərinə gedib dayanır. Həmin vaxtdan biz NATO-nun bir sıra proqramları, o cümlədən Şimali Atlantika Əməkdaşlıq Şurası, Sülh Naminə Tərəfdaşlıq proqramı kimi bu proqramlarda iştirak etmişik. NATO-nun təlimlərində, eyni zamanda sülhməramlı əməliyyatlarında istər Əfqanıstan olsun, istər İraq, Balkanlar olsun, hər birində iştirak etmişik. Bu əməkdaşlıqdan Azərbaycan da lazımi şəkildə faydalanmışdır. Buna görə də Rusiya bunu istəmir deyə biz bu əməkdaşlığa xitam vermək niyyətində deyilik. Rusiyanın əsas istəyi odur ki, sadəcə NATO bu regionlara yaxın olmasın. Ümumiyyətlə, həmin regionlardakı siyasi, iqtisadi proseslərdə NATO həlledici rola malik olmasın. Söhbət tək NATO-dan deyil, ümumiyyətlə Qərbdən gedir. Xatırlatmaq lazımdır ki, sülh prosesində Brüssel formatından da Moskva həmişə narazılığını bildirib və qeyd edib ki, Avropa Birliyi əslində regionda sülh və əmin amanlıqda maraqlı deyildir. Ona görə Rusiyanın bu kimi reaksiyası anlaşılandır. Ancaq sözsüz ki, bunlar Azərbaycanın öz milli maraqlarını yerinə yetirməsinə maneçilik törədə bilməz. Azərbaycan heç bir ölkənin diktəsi ilə oturub durmur və daimi şəkildə öz dövlətçiliyinin, xalqının maraqlarını rəhbər tutaraq siyasət yürüdür”.

Seçilən
81
aznews.az

1Mənbələr