AZ

Ərdoğan Əsədlə GÖRÜŞƏCƏK: Ankara-Dəməşq münasibətlərində YENİ MƏRHƏLƏ

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsəd arasında son 13 ildə ilk görüş sentyabrda baş tuta bilər. Türkiyə mediasının rəsmi mənbələrə istinadla yaydığı xəbərə görə, görüş yeri kimi Rusiya, Bəsrə körfəzi ölkələri və İraq nəzərdə tutulur. Qeyd olunur ki, rəsmi Dəməşq artıq görüşə hazırlaşır, məkan seçimi də İraqdan yanadır. Ankara prosesin sakit məcrada getməsini istəyir. Danışıqların hansı ölkədə aparılacağı Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərindən sonra daha dəqiq bilinəcək.

Bu iddialar nə dərəcədə əsaslıdır? Ərdoğanı Əsəddən üz döndərməyə məcbur edən, indi isə ona barışıq əli uzatmağa, danışıqlara getməyə vadar edən nədir? Türkiyə-Suriya münasibətlərinin gələcəyi necə olacaq?

Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Türkiyənin xarici siyasəti dəyişir. Onun sözlərinə görə, vaxtilə Əhməd Davudoğlu dövrünün aqressiv xarici siyasəti bir çox qonşu ölkələri Türkiyə ilə düşmən edib: “Qərb cinahında dayanmaq, Əhməd Davudoğlu hökumətinin Qərb bağlantıları Türkiyənin gələcək vizyonuna uyğun gəlmədi. Onun baş nazirlikdən azad olunmasından sonra Türkiyə yeni bir mərhələyə qədəm qoydu. Xüsusən də Türkiyə Rusiya arasındakı məlum təyyarə qalmaqalından sonra iki ölkənin yaxınlaşmasına yönəlik yeni bir siyasi xətt yürüdülməyə başlandı. Bu, Suriya ilə siyasətə də aiddir. Suriyadan əvvəl, İsrail-Fələstin toqquşması başlayandan öncə isə Ankaranın xarici siyasətindəki dəyişiklik İsrail-Türkiyə, Yunanıstan-Türkiyə, Misir-Türkiyə münasibətlərində də özünü büruzə verib. Bütün bu ölkələrlə yeni əlaqələr qurulub”.

Ekspertin qənaətincə, Türkiyə-Suriya münasibətləri Azərbaycanın, Rusiyanın vasitəçiliyi ilə də düzələ bilər: “Bu əlaqələrin düzəlməsi, bərpa olunması çox vacibdir. Gələcəkdə Türkiyə və Suriya liderləri görüşə də bilərlər. Prinsip etibarilə bu görüş sərhəddə baş tuta bilər. Bunda xüsusi bir problemi yoxdur. Amma iki ölkə başçısını indiki vəziyyətdə görüşməyə kimsə vadar etməyib, sadəcə bunun üçün siyasi şərait yetişib. Artıq İŞİD, PKK, İran faktoruna görə, Suriya-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoymalıdır. Digər tərəfdən, PKK-nın arxasında dayanan qüvvə ABŞ və Qərb ölkələridir. Ankara həm bunlara, həm də Türkiyə-Rusiya-Suriya münasibətlərinə yeni bir baxış ortaya qoymalıdır. Ən nəhayət, bu münasibətləri tənzimləməklə, Türkiyə iqtisadiyyatı üzərində böyük təsir yaradan suriyalı qaçqınlar problemləri də həllini tapmalıdır”.

Nailə QASIMOVA

Seçilən
42
40
medianews.az

10Mənbələr