AZ

Evlənəcək qohumları hansı cəzası GÖZLƏYİR? - 2025- ci ilin iyulun 1- dən...

“Qohumların qeyri- qanuni evlənmələrinə görə heç bir cəza nəzərdə tutulmayacaq. Milli Məclisin qohum evliliyini qadağan edən Qanunu 2025- ci ilin iyulun 1- dən qüvvəyə minir. Rəsmi nikahlara yol verilməyəcək, amma, kimsə qeyri- rəsmi, dini kəbinlə nikahda olsa, ona qarşı heç bir məhdudiyyət yoxdur”.

Bunu Referans.az-a açıqlamasında vəkil Əkrəm Həsənov Azərbaycanda qohumların evlənməsi ilə bağlı qəbul ediləcək Qanundan danışarkən deyib.

Vəkil sözlərinə belə davam edib:

“Azərbaycanda qeyri- ənənəvi cinsi münasibət yaşayanlar öz qanunları ilə evlənirlər. Onlara qarşı tədbir görülür ki, qohumların evlənməsinə də nəsə edilsin? Bunun özü göstərir ki, qəbul olunmuş qanun tam absurd, boş qanundur. Ona görə yox ki, əmi uşaqları, bibi uşaqları və s. arasında nikahların tərəfdarıyam. Mən də yaxşı bilirəm ki, belə nikahda qeyri- sağlam doğulan uşaqların payı nisbətən çoxdur. Bu o demək deyil ki, qohum evliliklərindən doğulan bütün uşaqlar xəstədir”.

Müsahib təkamül nəzəriyyəsinin banisi, məşur ingilis alimi Çarlz Darvini qohum evliliklərinə nümunə gətirib:

“İnsanın meymundan əmələ gəlməsini sübut etməyə çalışan Çarlz Darvini misal gətirirəm. Çarlz Darvin öz doğma dayısı qızı ilə evlənmişdi və bu nikahdan 10 uşaqları olmuşdu. Uşaqların 3- ü körpə ikən ölmüşdü. Bunun qohum evliliyi ilə əlaqəsi yoxdur. 7 uşağı isə nəinki böyümüşdü, kifayət qədər uğurlu, savadlı insanlar kimi yetişmişdilər”.

Əkrəm Həsənov deyir ki, Azərbaycanda qohum evliliklərinin sayı son on illikdə azalıb və hazırda qohum evliliklərinin təhlükələri şişirdilib. Belə bir qanunun qəbul olunmasının əhəmiyyəti yoxdur.  

“Azərbaycanda süni mayalanma zamanı donorlardan istifadəyə icazə verilir. Əgər tərəflərdən biri, məsələn kişi sonsuzdursa, hər iki tərəf razıdırsa, qadının başqa donor olan kişidən uşağı ola bilər. Bu halda təhlükə var. Sabah doğma bacı- qardaş evlənə bilər. Belə bir şeyə icazə verirlər, amma, əmioğlu, əmiqızının evlənməsinə icazə vermirlər. Belə qohumların müəyyənləşdirən genetik müayinələr olduqca bahalıdır və bu tətbiq olunmayacaq. Süni mayalanma yolu ilə hansısa qadın guya ərindən uşaq doğur. Sonra məlum olur ki, uşağın atası donordur. Heç belə uşağı genetik analiz etmirlər, qaldı digərlərini eləsinlər”, - deyə vəkil fikirlərinə əlavə edib.   

O bildirir ki, onsuz da evlənmək istəyən evlənəcək. Sadəcə qeyri- rəsmi, kəbinlə. Dövlət məcbur olacaq ki, qohum evliliklərindən doğulan uşaqları qəbul eləsin:

“Necə ola bilər ki, qeyri- qanuni nikahlardan doğulan uşaqların kimliyi tanınır, amma, qohum evliliklərindən doğulan uşaqlar tanınmayacaq? Azərbaycanda onsuz da rəsmi nikahların sayı getdikcə azalır. Bunun sayəsində daha da azalacaq. Burada ilk növbədə qadınlara ziyan vurulacaq. Bir tərəfdən deyilir ki, qadın hüquqları pozulur. Digər tərəfdən qadını qeyri- rəsmi nikaha məcbur edirlər.

Bəs, əmioğlu əmiqızı bir – birini sevirlərsə, indi bu necə olacaq? Bir tərəfdən deyirlər ki, məhəbbət azaddır, digər tərəfdən deyirlər olmaz. Qohumu ilə qeyri- rəsmi nikaha məcbur olan qadının gələcəkdə maddi sıxıntıları olacaq.  Ən vacibi budur ki, heç bir sivil dövlətdə belə qadağa yoxdur. Azərbaycanda qohumlar nikaha girmək istəyən zaman gedib Türkiyədə, Rusiyada, Almaniyada və digər ölkələrdə bunu reallaşdıracaqlar. Guya özümüzü qabaqcıl, ağıllı göstərmək istədik. Amma, heç bir yerdə belə qadağalar yoxdur”.  

Qeyd edək ki, Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir;

– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

– övladlığa götürənlər və övladlığa götürülənlər;

– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

– bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Şəlalə Babayeva  
Seçilən
451
2
referans.az

3Mənbələr