AZ

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balıREPORTAJ

Salyan, 5 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Mil-Muğan bölgəsində bal yığımı davam edir. Saatlı rayonunda yerləşən biyanlıq sahədəki arıçılıq təsərrüfatında gözləntilər böyükdür. Səksən arı ailəsinin bəslənildiyi təsərrüfatdan 2 tona yaxın məhsul götürülməsi nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sözügedən arıçılıq təsərrüfatı Saatlının ucqar kəndlərindən olan Smadakənd ərazisindədir. Burada yerləşən 70 hektarlıq biyan sahəsi arçılıq üçün geniş imkanlar açır.

Digər arıçılar kimi, Etiram Məmmədov da təsərrüfatından bol məhsul götürüəcəyinə ümid edir. “Bu il biyan sahəsi çox yaxşı çiçəkləyib və arıların işləməsi üçün münbüt nektar bazası var. Tuqay meşələrində yerləşən təsərrüfatda may balının süzümünü yekunlaşdırmaq üzrəyik. İki gündür biyan balının süzümünə başlamışıq, məhsul da boldur. Hər arı ailəsindən təxminən 30 kiloqram məhsul götürmək olur”, - deyə arıçı bildirir.

Arıçılıq təsərrüfatında əsasən “Karnika”, “Boz Qafqaz”, “Bakfas” arılarının ailələri saxlanılır. Bu arılar həm soyuğa dözümlü olur, həm də məhsuldar sayılır.

Həmsöhbətimiz deyir ki, ötən il biyan sahəsi Mərakeş çəyirtkələrinin hücumuna məruz qaldığı üçün məhsul az, tərkibi zəif oldu. Bu il isə çiçəkləmə yaxşıdır və zərərverici həşəratlar da yoxdur.

Tərkibində şəkər faizi az olduğu üçün biyan balına tələbat çox olur. “Bizim biyan balının şöhrəti Yaponiyaya qədər gedib çatıb. Pandemiyadna əvvəl yaponlar buradan hər il bal alırdılar. Pandemiyaya görə gediş-gəliş olmadı deyə, əlaqə kəsildi. Hazırda məhsulumuz bol olsa da, mövsüm sonuna qədər demək olar, tam satılır. Son illər arıçılığa dövlət tərəfindən də dəstək göstərilməsi bu sahənin inkişafına müsbət təsir göstərir”, - deyə arıçı əlavə edib.

 

Seçilən
16
1
azertag.az

2Mənbələr