AZ

Paşinyan Ermənistana yeni konstitusiya lazım olduğunu bir daha bəyan edib

Paşinyan

Bakı, 5 iyul, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bir daha bəyan edib.

AZƏRTAC xəbər verir ki, Nikol Paşinyan bu barədə Konstitusiya Günü münasibətilə ilə xalqa ünvanladığı təbrik məktubunda deyib.

“Ölkəmizin yeni konstitusiyaya ehtiyacı var. Mən konstitusiyanın yeni mətnindən deyil, onun yazılmasının və qəbulunun yeni üsulundan danışıram. Bizə xalqın özü tərəfindən yazıldığına və qəbul olunduğuna inandığı konstitusiya lazımdır”, - deyə Ermənistanın hökumət başçısı bildirib. Onun fikrincə, hazırda ölkə vətəndaşları hesab edirlər ki, konstitusiya onlar tərəfindən deyil, hakim elita tərəfindən yazılmış və qəbul olunmuşdur.

Nikol Paşinyan hələ yanvar ayında Respublika Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə Ermənistanın konstitusiya düzəlişlərinə deyil, yeni konstitusiyaya ehtiyacı olduğunu vurğulayıb. O, bunu dünyada və Cənubi Qafqazda baş verən dəyişikliklərlə izah edib. Baş nazirin sözlərinə görə, ölkənin xalq tərəfindən referendum yolu ilə qəbul edilən, nəticələri şübhə doğurmayan konstitusiyası olmalıdır və bu konstitusiya Ermənistanı “yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli” etməlidir.

Qeyd edək ki, rəsmi Bakı “Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının İrəvanla sülh müqaviləsinin bağlanmasına əsas maneə olduğunu dəfələrlə bəyan edib. Ermənistan hakimiyyəti isə öz növbəsində konstitusiyaya dəyişiklik planlarının Azərbaycanın tələbləri ilə bağlı olmadığını bildirib.

Ermənistanın hazırkı konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci illərdə konstitusiya islahatları aparılıb. 2015-ci il düzəlişlərindən sonra ölkə yarı-prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
azertag.az

2Mənbələr