AZ

Pedro Nuno da “Səbail”dən getdi

2024/2025 mövsümü öncəsi büdcəsi azaldılan “Səbail”də daha bir futbolçu – hücumameyilli yarımmüdafiəçi Pedro Nuno da bu klubu tərk edib.

Arena.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan 29 yaşlı portuqaliyalı oyunçunun “dənizçilər”lə müqaviləsinin müddəti başa çatıb.

Bu üzdən də o, klubla vidalaşıb. Portuqaliyalı futbolçu “İnstagram” hesabında bunları qeyd edib:

“Səbail”in formasını geyinmək mənim üçün böyük şərəf idi. Bütün komanda yoldaşlarıma, məşqçilərimə və əməkdaşlara dəstək və fədakarlıq üçün təşəkkür etmək istəyirəm. Buradakı gözəl xatirələri və dostluqları özümlə aparıram. Sevgi və sarsılmaz dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. “Səbail”dəki bu təcrübə unudulmaz oldu. Tezliklə görüşərik!”

Xatırladaq ki, Pedro Nuno 2023-cü ilin iyulundan “Səbail”də çıxış edirdi. O, paytaxt klubunun heyətində ümumilikdə 37 oyuna 11 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

“Benfika”nın yetirməsi olan pleymeyker vətənində “Akademika”, “Koimbra”, “Tondela”, “Moreyrense”, “Belenenseş” kimi klublarda da oynayıb. O, “Səbail”dən öncə Türkiyədə “Adanaspor”un da formasını geyinib.

Qeyd edək ki, ötən gün Bosniya və Herseqovinadan olan mərkəz müdafiəçisi Adi Mehremiç də “Səbail”dən ayrıldığını sosial şəbəkə hesabında açıqlamışdı. Amma “Səbail” hələ bu iki oyunçunun ayrılığını rəsmən bəyan etməyib.

Paytaxt klubu indiyə qədər Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli və Elmir Tağıyevlə rəsmən vidalaşıb. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədov “dənizçilər”lə yeni müqavilə imzalayıblar. “Səbail” heyətinə üç yeni futbolçu da cəlb edib – Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”) və Vüsal Məsimov (“Kəpəz”) yeni mövsümdən bu klubun uğurları üçün çalışacaqlar.

Seçilən
17
arena.az

1Mənbələr