AZ

Gələn il sertifikasiya olacaqsa, bu il bağça müəllimləri üçün diaqnostik qiymətləndirmə nəyə lazımdır?..

Image

Cavanşir Əliyev: “Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim və tərbiyəçilər diaqnostik qiymətləndirməyə hazır deyil”

Məlumdur ki, orta məktəblərdə çalışan müəllimlər sertifikasiya imtahanına cəlb olunur. Növbəti ildən etibarən isə bağçada çalışan tərbiyəçi müəllimlər sertfikasiya imtahanına cəlb olunacaq. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. 

O qeyd edib ki, bu ildən etibarən ilkin olaraq tərbiyəçi müəllimlərin diaqnostik qiymətləndirməsi aparılacaq. Növbəti ildən isə tərbiyəçi müəllimlər də sertifikatlaşdırma imtahanında iştirak edəcək.

Qeyd etdiyimiz kimi, gələn il bağça müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq. Belə olan halda bu il müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması nə dərəcədə düzgündür? Bu onlar üçün əlavə həyəcan deməkdir.

“Diaqnostik qiymətləndirmə imtahanının nəticəsi əmək haqlarına birmənalı şəkildə təsir göstərməyəcək” 

Təhsil ekspert Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, sertikasiya təhsilverənlərin peşə qərarlılığı, peşəkarlığını yoxlayan bir prosesdir və məktəbəqədər təhsil müəssisələrində buna böyük ehtiyac var: “Məlumdur ki, 2011-ci ildə uşaq bağçaları Elm və Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. 2021-ci ilə qədər yerli icra hakimiyyətlərinin  tabeliyində qalan bağçalarda   qanundankənar işçi qəbulu və uşaq  qəbulu həyata keçirilməsi bu sahədə çox ciddi problemlərə səbəb oldu. 2021-ci  ildə ölkə başçısının sərəncamı ilə artıq uşaq bağçaları Elm və Təhsil Nazirliyinə verildi, bundan sonra məlum oldu ki, bu müəssisələrdə pozuntular olub. Məktəbəqədər hazırlıq təhsilin ən vacib pilləsidir, tərbiyəçilərin sertifikasiyadan keçirilməsi yalnız təhsilli şəxslərin bu cür müəssisələrdə çalışmasına imkan verəcək. Məlumdur ki, gələn ildən məktəbəqədər təhsil müəssisələrində çalışanlar sertifikasiya imtahanı verəcək, bu il diaqnostik qiymətləndirmə olacaq. İmtahan elektron qaydada və bir mərhələdən (test mərhələsi) ibarət olacaq. Diaqnostik qiymətləndirmənin əsas  məqsədi sertifikasiya imtahanına hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsidir. Diaqnostik qiymətləndirmə imtahanının nəticəsi əmək haqlarına birmənalı şəkildə təsir göstərməyəcək. Bununla bağlı müəyyən narazılıqlar səslənir ki,  əmək haqqında artım olmayacaqsa diaqnostik qiymətləndirmə keçirilməməlidir. Dediyim kimi, diaqnostik imtahan sertifikasiya prosesinə hazırlıqdır. Zənnimcə, hələ məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim və tərbiyəçilər buna hazır deyil. Yaxşı olardı ki, bağça müəllimləri üçün nəzərdə tutulan bütün imtahanlar gələn il keçirilsin”.

Həmsöhbətimizin sözlərinə görə, bağçalarda çalışan tərbiyəçilər, müəllimlər peşəkar olmalıdır: “Danılmaz fakltdır ki, bu gün bağçalarda ali təhsilli tərbiyəçilərlə yanaşı, kollec təhsilli və ya heç təhsili olmayanlar da çalışır. Biz həmin müəllimlərə uşaqlarımızı, körpələrimizi əmanət edirik. Onlar öz məsuliyyətlərini dərk etməlidir. Bu gün əksər bağçalarda uşaqlar yedizdirilir, yatızdılır və təkrar yemək sonrası evə göndərilir. Bağçada uşağa heç nə öyrədilmir. Bunun səbəbi müəllimlərin, tərbiyəçilərin savadsız olması ilə əlaqəlidir. Bağça müəllimləri öz üzərində işləmir, uşaqlarla davranış qaydalarını bilmir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
baki-xeber.com

1Mənbələr