AZ

David Rayya “Arsenal”da qaldı - 32 milyonluq transfer!

Ötən mövsümü icarə əsasında İngiltərənin “Arsenal” klubunda keçirən ispan qapıçı David Rayya birdəfəlik London təmsilçisinə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə ilə “Brentford”a məxsus olan qolkiperin transferi “Arsenal”a 31,9 milyon avroya başa gəlib. Rayya “Arsenal”la uzunmüddətli sözləşməyə imza atıb.

Xatırladaq ki, David Rayya futbola İspaniyanın “Kornelya” klubunda qədəm qoyub. Buradan “Bləkbörn”ə yol tapmış ispan qapıçı bir müddət “Sautport”da icarədə olub. “Brentford” Rayyanı 2019-cu ilin iyulunda “Bləkbörn”dən 3,35 milyon avro qarşılığında heyətinə qatıb.

2023-cü ilin avqustunda Rayya “Brentford”dan icarə əsasında “topçular”ın düşərgəsinə gəlib. “Arsenal” ispan qapıçının bir illik icarəsi müqabilində “arılar”a 3,54 milyon avro məbləğində ödəniş edib. Rayyanın “topçular”la icarə müqaviləsi bu ilin iyun ayının sonuna qədər qüvvədəydi.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Rayya “Arsenal”ın heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 31 qol buraxıb, 20 oyunda qapısını toxunulmaz saxlayıb. “Arsenal”ın qapıçısı İngiltərə Premyer Liqasında ötən mövsümün “Qızıl əlcək” mükafatını qazanıb. Müvafiq mükafat Premyer Liqada ən çox “quru” oyun keçirmiş qapıçıya təqdim edilir. Rayya geridə qalmış mövsümdə 14 dəfə qapısının toxunulmazlığını təmin edib.

David Rayya 2022-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 3 qol buraxıb, 3 oyunda qapısının toxunulmazlığını təmin edib.

David Rayyanın qənimətlər muzeyində bircə kuboku var. İspan qapıçı milli komanda ilə 2023-cü il Avropa Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı ispan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
101
arena.az

1Mənbələr