AZ

Azərbaycanla Çin milli xüsusiyyətli inkişaf yolunda qəti seçim etdilər...

Image

Rəşad Bayramov: “Əməkdaşlıq hər bir dövlətin öz seçdiyi milli inkişaf yolu ilə ziddiyyət təşkil etmədən aparılacaq ki, bu da olduqca önəmlidir”

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində  “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Bəyannamənin bəndləri bir çox fərqli sahələrdə əməkdaşlığı ifadə edir. 

Bəyannamənin bəndlərindən birində ifadə olunanlara nəzər yetirək. Sitat: “Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar”.

Bunu necə anlamaq olar və deyilən istiqamətdə əməkdaşlığın ölkəmiz üçün nə kimi faydası olacaq?

Siyasi şərhçi Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq: “Birgə Bəyannamənin müddəalarından görünür ki, əməkdaşlıq iqtisadi, siyasi və digər sahələri əhatə edir. Bir daha görünür ki, Azərbaycanın xarici siyasəti təkcə Qərb ölkələri ilə deyil, Asiya regionu ilə də münasibətlərin inkişafına və əlaqələrin gücləndirilməsinə yönəlib. Çin, Rusiya, Pakistan və Mərkəzi Asiya ölkələri ilə əlaqələr xüsusilə önəmlidir. Azərbaycan və Çin arasındakı diplomatik münasibətlər 1992-ci ildən qurulub. Bu tarixdən etibarən, iki ölkə arasındakı əlaqələr davamlı olaraq inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə çatıb. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb. Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsü”nü ilk dəstəkləyən ölkələrdən biridir. Bu təşəbbüs çərçivəsində Azərbaycan Çinlə nəqliyyat və logistika sahəsində sıx əməkdaşlıq qurub. Əldə olunan razılaşmalardan sonra birmənalı olaraq söyləyə bilərik ki, Azərbaycan-Çin siyasi əlaqələri tarixinin ən yüksək səviyyəsindədir. Bəyannamənin “Tərəflər milli xüsusiyyətlərinə uyğun seçilmiş inkişaf yolu boyunca bir-birlərinə qətiyyətli dəstək verməyə davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə hazırdırlar” bəndinə gəldikdə isə, burada da maraqlı məqam var. Yəni əməkdaşlıq hər bir dövlətin öz seçdiyi milli inkişaf yolu ilə ziddiyyət təşkil etmədən aparılacaq ki, bu da olduqca önəmlidir”.

Məhəmmədəli QƏRİBLİ





Seçilən
54
baki-xeber.com

1Mənbələr