AZ

AŞPA Azərbaycanı əməkdaşlığa çağırıb

AŞPA Azərbaycan hakimiyyətini qurumun İşgəncələrə qarşı Komitəsi ilə əməkdaşlığı bərpa etməyə çağırıb.

Bundan əvvəl Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsi (CPT) Azərbaycanla bağlı məxfi hesabatı yayıb və bildirib ki, bunun səbəbi Azərbaycan hakimiyyətinin CPT ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsidir”, - AŞPA-nın saytında bildirilir.

Qurumun 2022-ci ilə dair hesabatında Azərbaycanda “polis tərəfindən ağır pis rəftar və hətta işgəncə aktları ilə bağlı” iddialardan bəhs olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları rədd edib.

Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsi (CPT) çərşənbə günü Azərbaycanla bağlı hesabat yayıb. “Hesabatı ictimayyətə açmaqla bağlı bu müstəsna qərarın səbəbi Azərbaycan hakimiyyətinin CPT ilə əməkdaşlıqdan qəti şəkildə imtina etməsidir”, - AŞPA-nın saytında bildirilir.

“CPT Azərbaycanda polis tərəfindən ağır pis rəftar və hətta işgəncə aktları ilə bağlı iddialar almağa davam edir. Bununla belə, Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Komitənin bu kimi hallara son qoyulması ilə bağlı daha əvvəlki tövsiyələrinin yerinə yetirilməsi üçün heç bir tədbir görülməyib”, - qurumun 2022-ci ilə dair hesabatı ilə bağlı bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, "Azərbaycanda 2002-ci ildən bəri CPT ilə əməkdaşlıq edilib və müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb. Komitənin tövsiyələri hər zaman nəzərə alınıb”.

CPT 2022-ci ildə Azərbaycana xüsusi səfərlə bağlı hesabatını ictimai şəkildə yaymasını “həbsdə olan şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən pis rəftar və hətta işgəncələrə məruz qalması ilə bağlı məsələlərin ciddiliyini nəzərə alması” ilə əsaslandırıb.

BBC Azərbaycanca DİN-dən işgəncələr və pis rəftarla bağlı iddialara şərh ala bilməyib.

Komitə qeyd edib ki, CPT qurumun əsas məqsədini təşkil edən məsələləri həll etmək üçün Azərbaycan hakimiyyəti ilə konstruktiv dialoqa girməyə “həqiqi cəhdlər” göstərib.

“Qurumun prezidenti Bakıda yüksək səviyyəli danışıqlar aparmaq üçün dialoq, hətta Azərbaycan hakimiyyətinə səfərlə bağlı məktublarına cavab almayıb. Bu, Konvensiyanın fundamental və misli görünməmiş pozuntusu deməkdir”,- qurum bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu hesabatdakı iddiaları rədd edib.

“Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik. Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə edib”, - rəsmi Bakı bildirib.

Azərbaycan XİN vurğulayıb ki, 2002-ci ildən etibarən qurumun ölkədə yerli təhqiqatlar aparmasına hər zaman dəstək göstərib.

Qurum iyulun 3-də bildirib ki, məlum bəyanatın “2024-cü ilin yanvarında AŞPA tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur”.

Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC-yə şərhində “AŞPA-nın bəyanatını qərəzli adlandırıb".

AŞPA prezidenti Teodor Russopulos “Azərbaycan hakimiyyətini öz qərarlarına yenidən baxmağa və dərhal CPT ilə əməkdaşlığı və konstruktiv dialoqu bərpa etməyə çağırıb”.

“Bu, təkcə Avropa Şurası ilə ümumi münasibətlərin yaxşılaşmasına yox, həm də Azərbaycan vətəndaşlarının fundamental maraqlarına xidmət edəcək. Assambleyamız bütün həll edilməmiş məsələlərin həlli üçün Azərbaycan parlamenti və hökuməti ilə dialoqun davam etdirilməsinə tam sadiqdir. Qətiyyətlə inanıram ki, Avropa Şurasının bütün qurumları ilə sıx və səmərəli əməkdaşlıq etmək və üzv dövlətlərimizdən biri kimi bu əməkdaşlıqdan bəhrələnmək Azərbaycanın və onun xalqının maraqlarına uyğundur”, - Teodor Russopulos bəyan edib.

Bu ilin yanvarında AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Buna səbəb kimi Azərbaycanın 23 il öncə Avropa Şurasına qəbul olarkən götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi göstərilib. Azərbaycan isə hələ bu qərardan öncə AŞPA-dakı nümayəndə heyətinin qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib.

Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov BBC-yə deyib ki, “AŞPA bir təşkilat olaraq qərar verməlidir ki, kim prezidentdir? O tərəfdən Şvabe bəyanat verir ki, Azərbaycanın nə indi, nə yanvarda Avropa Şurasına qayıtmağa yolu var, digər tərəfdən əməkdaşlıqla bağlı bəyanat verirlər. Əməkdaşlıq istəyən təşkilat öz davranışlarında bunu göstərməlidir, bəyanatlarında yox”, - deputat bildirib.

Seçilən
253
bbc.com

1Mənbələr