AZ

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

ŞƏT-in

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycanın geosiyasi və geoiqtisadi proseslərin mühüm aktorları ilə strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin inkişafı, bu istiqamətdə son bir neçə il ərzində - qlobal müstəvidə hadisələrin ziddiyyətlər və qarşıdurmalarla müşayiət edildiyi zaman kəsiyində qazanılan nailiyyətlər Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının uğurla həyata keçirilməsinin sübutudur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

“Azərbaycan öz maraqları və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərindən dünyaya açılır”, - deyən siyasi ekspertin sözlərinə görə, bu xüsusda ölkəmizin Avropanın, Cənubi və Şimali Amerikanın ayrı-ayrı dövlətləri ilə yanaşı, Avrasiyanın regional və qlobal iqtisadi-siyasi güc mərkəzləri ilə münasibətlərini irəliyə doğru aparması, Afrikadakı, eləcə də hazırda qlobal iqtisadi-siyasi proseslərin əhatəsindəki ölkələrlə qarşılıqlı dialoqu və əməkdaşlığı intensivləşdirməsi təkcə bizim deyil, bütövlükdə bölgəmiz üçün böyük perspektivlər vəd edir.

Bir sıra Qərb dairələrinin, xüsusilə də Fransanın ölkəmizi qlobal proseslərdən kənarda qoymaq cəhdlərindən danışan E.Mirzəbəyli bildirib: “Qərb dairələrinin Azərbaycana qarşı həddən ziyadə təcavüzkarlıqla müşayiət olunan bir siyasət yürütdüyünü nəzərə alsaq, əldə olunan nəticələrin nə qədər böyük bir potensial və diplomatik məharət hesabına başa gəldiyini müəyyənləşdirə bilərik.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və bu təsisatın ən mühüm ölkələrindən biri olan Çinlə münasibətlərinin inkişafında nəzərəçarpan yüksək dinamizm rəsmi Pekinin ölkəmizə və onun Liderinə münasibətdə nümayiş etdirdiyi yüksək inam və etimadın bariz nümunəsidir.

Qeyd edim ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ümumi ərazisi iki qitənin – Avropa və Asiyanın 65 faizini, əhalisi isə dünya əhalisinin təqribən yarısını təşkil edir. ŞƏT hətta müşahidəçi və dialoq üzrə tərəfdaşlar nəzərə alınmasa, dünyanın ən zəngin təbii resurslarının yerləşdiyi coğrafiyanı əhatə edir. Dünya ÜDM-nin ¼ faizi ŞƏT-ə üzv ölkələrin payına düşür. Bu isə 23 trilyon ABŞ dolları deməkdir. Prezident İlham Əliyevin qısa zaman kəsiyində artıq ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət alması Azərbaycana təkcə coğrafi mövqeyinə, regional və qlobal proseslərdə oynadığı rola görə deyil, həm də, ilk növbədə, Prezident İlham Əliyevin nüfuzuna, yüksək liderlik keyfiyyətlərinə verilən dəyər kimi qəbul olunmalıdır”.

Siyasi ekspert diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Astanaya səfəri çərçivəsində strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Azərbaycan-Çin Birgə Bəyannaməsi çox mühüm və tarixi əhəmiyyət daşıyan sənəddir. Qlobal proseslərdə məsuliyyət amilini hər zaman önə çəkən Çin həm beynəlxalq, həm də ikitərəfli münasibətlərdə özünəməxsus baxış bucağına sahibdir. Çin strateji tərəfdaşlarını olduqca ehtiyatla seçir və öhdəliklərinə böyük məsuliyyətlə yanaşır. İki ölkə arasındakı bağların möhkəmlənməsinə xidmət edən amillərdən biri və bəlkə də birincisi Azərbaycanın da öz öhdəliklərinə və tərəfdaşları ilə münasibətlərində yüksək məsuliyyət hissi və həssaslıqla yanaşmasıdır.

Birgə Bəyannamədə Azərbaycanla Çinin xarici amillərdən asılı olmayaraq, bir-birini etibarlı tərəfdaş hesab etdiklərinin vurğulanması da istisnasız şəkildə hər iki ölkənin milli mənafeni əsas götürməklə yanaşı, xarici təsirlərdən asılı olmadıqlarını, müstəqil, qarşılıqlı maraqlara, ədalət prinsiplərinə söykənən siyasət yürütdüklərini nümayiş etdirir.

E.Mirzəbəylinin fikrincə, Bəyannamədə yer alan digər məqam tərəflərin BMT himayəsi altında beynəlxalq sistemi dəstəklədiklərini, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət etdiklərini, hegemonluğa və güc siyasətinə qarşı olduqlarını, real çoxtərəfliliyə sadiq qaldıqlarını vurğulamaları, Bakı və Pekinin bəşəriyyətin təhlükəsiz gələcəyi ilə bağlı ortaq baxış bucağına sahib olduqlarını göstərir.

“Düşünürəm ki, Bəyannamədə iqtisadi müstəvidə yer alan ən önəmli istiqamətlər isə “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirilməsi və Çinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etmək niyyətinin vurğulanmasıdır.

Bütövlükdə sənəd, eyni zamanda, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən, reallaşdırılması nəzərə tutulan layihələrə ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dünya nəhəngi Çinin dəstəyi kimi dəyərləndilə bilər.

Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşünün nəticəsi olaraq ölkələrimiz arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq”, - deyə Elçin Mirzəbəyli fikirlərini yekunlaşdırıb.

Seçilən
70
azertag.az

1Mənbələr