AZ

Çin liderinin dövlət başçımızı prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən liderlərdən biri olması amilini xüsusi dəyərləndiririk- ÖZƏL

"Son illərdə Çinin xarici siyasəti müdafiə xarakterli mövqedən iddialı yanaşmaya doğru əhəmiyyətli dəyişikliyin şahidi olub. Çin iqtisadi artıma təkan verməklə yanaşı, liberal beynəlxalq nizama inteqrasiya etməyə və özünü sülh yolu ilə yüksələn güc kimi təqdim etməyə çalışır. Bu "dinc yüksəliş" yanaşmasının bəzi elementləri bu günə qədər davam etsə də, fakt odur ki, Prezident Si Cinpinin rəhbərliyi altında ölkə beynəlxalq arenada daha güclü bir dövlət imicini nümayiş etdirir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib:

"Cinpinin strategiyası digər xalqları Çinin niyyətlərinin xeyirxah olduğuna inandırmaq məqsədi daşısa da, o həm də ölkəsinin maraqlarına daha uyğun olan qlobal sistem yaratmağa çalışır. Əslində, Si Qərb dövlətlərinin yaratdığı mövcud nizama passiv uyğunlaşmaq istəmədiyini göstərir desək də yanılmarıq. Habelə, rəsmi Pekin beynəlxalq əlaqələri üçün riskli qərarlar almamaqda son dərəclə tutumlu, təmkinli mövqe də ortaya qoyur. Elə bu məqamda onu da vurğulayaq ki, rəsmi Pekinin prosesləri pisləməyə tələsməməsi, sərgilədiyi yanaşma digər tərəfdən də kollektiv qüvvələrin inkişafına da təkan verir. Buna görədir ki, Çinə qarşı daha vahid və sərt tənqidi mövqe nümayiş etdirilməsindən də bəzən yan keçilir. Eyni zamanda bir qədər dar coğrafiyada öz regionunda, geniş anlamda isə bəzi Asiya gücləri Pekindən asılılığını azaltmaq cəhdlərini sürətləndirir. Bu da onun inkişafına rəqabət mühiti kontekstində təkan verir. 
    "Beynəlxalq münasibətlər sistemində hansı dövlət nədən məsuldur?" sualını qaldırsaq, Çin sanki balanslaşdırıcı aktor kimi ağırlıq mərkəzini dəyişərək, daha doğrusu isə tənzimləyərək bəziləri üçün mənfi meyillərin, hər kəs üçün isə olmalı düzgün yanaşmaların hökm sürəcəyi qlobal nizamı dəyişməyə çağırmağa, əlini tərəziyə toxunduraraq buna razı olan ölkələrlə daha güclü əlaqələr qurmağa çalışan bayraqdar qismində çıxış edir. Məhz bu funksiyanı digər bölgələrdə tətbiq etməyə çalışan deyil, onu həqiqətən bacaran, ona qadir olan dövlət başçıları ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan, onun Lideri bu istiqamətdə zirvədə dayanaraq nəinki nəzərə çarpır, həm də bizimlə əlaqələr dərinləşdilir, ona xüsusi önəm verilir.
    Qarşılıqlı əlaqələrin xarakterini müəyyən etmək üçün hər iki dövlətin siyasətinə nəzər yetirmək lazımdır. Azərbaycanın xarici siyasətinə gəldikdə isə onu aydın görürük ki, hər nə qədər bizi bilərəkdən qruplaşmaların və təhlükəli rəqabətin mərkəzinə yerləşdirərək guya təcrid olunduğumuz istiqamətində sətir-sətir yazılar yazılsa da, ən çox da Fransa tərəfindən siyasi kluarlarda işlər aparılsa da, biz sadəcə Qərblə deyil, Asiya regionu ilə də münasibətlərin müsbət inkişafına önəm verir, Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə çalışırıq. Çinlə münasibətlər xarici siyasətimizdə prioritetlər arasındadır. Şübhəsiz ki, prioritetdə dayanan aktorla da birtərəfli deyil, hərtərəfli, müxtəlif spektrli dərinləşdirilmiş, bazisi sağlam dayaqlara söykənən əlaqələr qururuq. Bunun nəticəsidir ki, münasibətlər strateji səviyyədədir. Münasibətlərin ruhuna müsbət təsir edən məqam isə cənab Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında təməli qarşılıqlı inam və etimada söykənən yüksək səviyyəli dostluq münasibətlərinin formalaşmasıdır. Az öncə vurğuladığımız, yazılar və işlər fonunda biz o amili də unutmur və xüsusi dəyərləndiririk ki, Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri idi. Azərbaycanın Lideri aydınlıqda yanında və qarşısında hansı aktorun olduğunu dəqiq bildiyi və qaranlıqda da onu sezdiyi üçün ilklər prinsipi üzrə də Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri oldu. Bu məqamda onu da demək yerinə düşər ki, 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin 3,1 milyard ABŞ dolları təşkil etməsi Çini Azərbaycanın ilk idxal mənbəyi və ölkəmizin beş əsas ticarət tərəfdaşından biri edib. Habelə, Azərbaycan Çin tərəfindən irəli sürülən "Kəmər və Yol təşəbbüsünü" sadəcə ritorikada ilk dəstəkləyən ölkələrdən biri deyil, eyni zamanda təcrübədə, əməldə praktiki addımlar ataraq "Kəmər və Yol" layihəsinin əhəmiyyətli seqmenti olan Orta Dəhlizin infrastrukturunun inkişafına ciddi investisiyalar edib. Əlaqələr sadəcə dövlətlər, rəsmi qaydada paytaxtlar arasında dərinləşdirilmir, münasibətlərin səmimi təzahürü ölkələrin regionları və şəhərləri arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir. Buraya qədər yüksələn səviyyə, şübhəsiz ki, əlaqələrdə sadəcə siyasi və iqtisadi amillərlə məhdudlaşdırıla bilməz. Xarakter etibarilə iki ölkə və xalq arasında münasibətlər mədəni, humanitar, elm, təhsil sahələrinə də təbii təsir edir. Bu missiyanı isə hər zaman olduğu kimi yüksək peşəkarlıqla, xalqımızın xislətinə uyğun duru münasibətlə yerinə yetirən, Qarabağımızı yenidən dirçəltmək istiqamətində misilsiz xidmətlər göstərən Heydər Əliyev Fondu, onun rəhbəri Mehriban xanım Əliyeva zərif, amma güclü çiyinləri üzərinə götürüb. Fond "Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti" ilə birlikdə uğurla müxtəlif layihələr realizə edir. 2023-cü ilin aprel ayında Pekin şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın "Yalnız bir dəfə yaşayırsan" poeziya kitabının Çin dilinə tərcümə olunmuş təqdimatı keçirilib. Görülən işlərin yüksək səviyyədə qiymətləndirilməsi ondan xəbər verir ki, necə ki, işğal, müharibə dövründə Heydər Əliyev Fondu Azərbaycanın adını yüksəkdə tutmaq istiqamətində əməli addımlar atırdı, indiki belə mürəkkəb proseslər fonunda da nəşr Çin Xarici Dillər Nəşriyyatı Administrasiyası tərəfindən Çin və Azərbaycan arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi yüksək dəyərləndirilib. Bir daha sübut olunur ki, Heydər Əliyev Fondunun xidmətləri tarixi əhəmiyyətlidir, xalqımızın maraqlarına xidmət edir. 
    Bütün bu müsbət göstəricilər, Astanaya qədər də iki dövlət başçısının görüşlərinin kəmiyyəti deyil, həm də keyfiyyəti ondan xəbər verir ki, nəticə etibarilə bu görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş, özündə mühüm müddəaları əks etdirən birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi. Bu gün Çin qədər yüksəlişdə olan bir dövlətin, ölkənin Azərbaycanı dəstəkləməsi heç bir zaman təsadüf ola bilməz. Bu dəstək, Birgə Bəyannamə, habelə iqtisadi sferada imzalanan bir sıra sənədlər Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun, onun Müzəffər Liderinin yürütdüyü siyasətinin, gərgin əməyinin, liderlik qabiliyyətinin, şəxsi keyfiyyətlərinin, dərin, fundamental savada əsaslanan diplomatiyasının təzahürüdür.  Bu siyasətin hələ bundan sonra da Azərbaycana silsilə zəfərlər vəd etdiyi dəfələrlə sübuta yetirilib".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
134
olaylar.az

1Mənbələr