AZ

BAKI NİYYƏTİNİ BƏYAN ETDİ - Çinlə strateji tərəfdaşlıq nə vəd edir?

“Bu, Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi və BRİCS-ə üzvlük niyyətinin elanıdır”

Dünən Astanada BRİKS sammiti çərçivəsində Azərbaycan və Çin liderləri arasında keçirilən görüşdə strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyannamə imzalanıb. Beləliklə, Azərbaycan Cənubi Qafqazda Çinlə strateji tərəfdaş olan ikinci dövlət olub.

Xatırladaq ki, ötən il 28 iyulda Pekinə səfər etmiş Gürüstanın Baş naziri İrakli Qaribaşvili də Çin lideri Si Cinpinlə strateji tərəfdaşlığa dair birgə bəyanata imza atmışdı.

Azərbayanla Çin arasında imzalanan sənədi şərh edə politoloq Fərhad Məmmədov bildirir ki, Birgə Bəyannamədə çox vacib olan bir neçə sahə vurğulanır:

- Bir-birinin ərazi bütövlüyünə hörmət. Sənəddə Birləşmiş Çin haqqında böyük mətndə Çinin Tayvanla bağlı formulalarının tam təsviri və ona dəstək ifadə olunur. Çin isə buna cavab olaraq Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmanı saxlamağa yönəlmiş geosiyasi intriqaları qeyri-məhsuldar hesab edir. BMT Təhlükəsizlik Şurası səviyyəsində Azərbaycana qarşı təxribatlar zamanı Şuranın daimi üzvünün səsi həmişə faydalı olur...

- İqtisadiyyat və nəqliyyat sahəsində geniş əməkdaşlıq, xüsusən də “Bir kəmər - bir yol” layihəsinin dəstəklənməsi. Bəyannamədə “Azərbaycan və Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafı haqqında Sazişin imzalanması prosesinin sürətləndirilməsi” öhdəliyi qeyd olunub. Yəni Çin Azərbaycan üzərindən yükdaşımalarda tam iştirak edəcək.

- Bəyannamədə kommunikasiyalarla bağlı bu bənd diqqəti cəlb edib: “Tərəflər öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birlərinin səylərini dəstəkləyəcəklər”. Beləliklə, kommunikasiyaların təhlükəsizliyi beynəlxalq mövzuya çevrilir, təhlükəsizlik mövzusunda əlavə dəstək isə Bakı üçün həmişə xoş xəbərdir.

- Orta Dəhliz üzrə: “Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisi və istifadəsində fəal iştirak etməyə, bu istiqamətdə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə daha sıx işləməyə hazır olduğunu bildirir. Cənubi Çin-Avropa yük qatarı dəhlizinin rahat işləməsini və sürətli inkişafı, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərait yaradılması, sənaye təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyini birgə təmin etmək öhdəliyi götürülür. Bu, Çinin “Orta Dəhliz”in həm tikintisində, həm də istismarında birbaşa iştirakına dair növbəti öhdəlikdir.

- Sonda geosiyasət haqqında: “Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək istəyini alqışlayır və Bakının ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRİKS-ə üzv olmaq arzusunu ifadə edir, Çin tərəfi isə Azərbaycanın BRİKS əməkdaşlığında iştirakını alqışlayır”.

Bu, Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsi və BRİCS-ə üzvlük niyyətinin elanıdır.

Politoloq vurğulayır ki, beləliklə, Azərbaycan dünyanın iki geosiyasi mərkəzindən biri olan Çinlə strateji tərəfdaş olan ölkələr siyahısına qatılıb.

“Yeri gəlmişkən, güman etmək olar ki, İrandan keçməklə Naxçıvana gedən dəmir yolu yenidən aktuallaşacaq”, - ekspert qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
azpolitika.info

1Mənbələr