AZ

Yusuf Kabadayı “Bayern”i “Auqsburq”a dəyişdi

Almaniyanın “Bayern” klubunun hücumçusu Yusuf Kabadayı bundan sonra Bundesliqanın digər təmsilçisi “Auqsburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Auqsburq” rəsmi saytı vasitəsilə məlumat yayıb.

20 yaşlı almaniyalı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. “Auqsburq” bu transfer üçün Münhen klubuna cəmi 900 min avro ödəyib.

Yusuf Kabadayı “Bayern”in yetirməsidir. Türkiyə əsilli futbolçuya bu klubun əsas komandasında debüt etmək qismət olmayıb. Ötən mövsüm “Şalke”də icarədə olan gənc forvard 2-ci Bundesliqada 24 matçda 4 qol vurub. Yusuf vaxtilə Türkiyənin U-15 və U-16 yığmalarında oynasa da, sonradan Almaniyanın U-18, U-19 və U-20 yığmalarında çıxış edib.

Yeri gəlmişkən, “Bayern” gənc qapıçısı Tom Hülsmanı da “Sankt Pölten”ə icarəyə verib. 20 yaşlı alman qolkiper qarşıdakı mövsümün sonunadək aşağı liqa klubunda forma geyinəcək.

Keven Şlotterbek və Emmanuel Essende də “Auqsburq”da

“Auqsburq” isə Yusuf Kabadayıdan başqa daha bir neçə futbolçunu heyətinə qatıb. Bunlardan biri almaniyalı mərkəz müdafiəçisi Keven Şlotterbekdir. “Frayburq”dan 2,5 milyon avroya satın alınmış 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Boxum” və “Union Berlin” klublarının da formasını geyinmiş Şlotterbek Almaniyanın Olimpiya yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Portuqaliyanın “Vizela” klubunun hücumçusu Samuel Emmanuel Essende də bundan sonra “Auqsburq”un uğurları üçün çalışacaq. Fransada dünyaya göz açmış konqolu 26 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. Almaniya klubu bu transfer üçün 4 milyon avrosundan keçib.

PSJ-nin yetirməsi olan Samuel Essende karyerası ərzində “Eupen”, “Avranş”, “Po”, “Kan” kimi klubların da formasını geyinib. O, bu il Konqo yığmasında debüt matçına çıxıb.

“Auqsburq” mərkəz yarımmüdafiəçisi Arne Mayerlə də yeni müqavilə bağlayıb. 25 yaşlı alman futbolçunun yeni sözləşməyə əsasən 2026-cı ilin 30 iyununa qədər bu komandada qalacağı diqqətə çatdırılıb. Daha öncə “Herta” və “Arminiya” (Bilefeld) klublarında da oynamış futbolçu vaxtilə Almaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Auqsburq” sol cinah müdafiəçisi Lasse Günter (21 yaş) və qapıçısı Marsel Lubiki (20 yaş) də icarəyə göndərib. Günter qarşıdakı mövsümü Almaniyanın “Karlsrue”, Lubik isə Polşanın “Tıxı” klubunda icarədə olacaq.

Çexiyalı qapıçı Tomaş Koubek isə “Auqsburq”u birdəfəlik tərk edib. 31 yaşlı qolkiperin Bundesliqa klubu ilə müqaviləsinin müddəti bitib və o, azad agent kimi bu komandadan ayrılıb. Çexiya yığmasında 12 oyun keçirmiş təcrübəli qapıçı 2019-cu ildən Almaniya klubunun uğurları üçün çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
arena.az

1Mənbələr