AZ

UEFA Bozqurd işarəsini siyasi qalmaqala çevirdi!

Məlum olduğu kimi Türkiyə AÇ-2024-ün 1/4 finalında Avstriyanı məğlub edərək bütün türk dünyasını sevincə qərq etdi. Amma türk dünyası qələbəyə doyunca sevinməmiş hətta bu qələbənin özünü belə kölgədə qoyan xəbərlər gəlməyə başladı.

Avstriyanın qapısına 2 qol vurmaqla az qala milli qəhrəmana çevrilən Merih Dəmiral qol sevincini Bozqurd işarəsi göstərməklə qeyd etmişdi. Deyəsən, bu işarə Türkiyənin və türkçülüyün düşmənlərini qıcıqlandırıb. UEFA buna ''uyğunsuz hərəkət'' damğası vuraraq olayla bağlı araşdırmaya başlandığını rəsmən açıqladı. Almaniyanın daxili işlər naziri Nensi Fezerin işə qarışması ilə məsələ idman çərçivəsindən çıxmağa başladı. Bu xanım ''Türkiyənin ultra sağçılarının simvollarına bizim stadionlarımızda yer olmamalıdı. Avropa Çempionatı irqçilik üçün platforma deyil. UEFA-nın bu olayı araşdıraraq lazımi tədbirlər görəcəyinə inanırıq'' açıqlamasını verdi.

Təbii ki, qardaş ölkədə bütün bu hadisələr çox mənfi qarşılandı. Nəinki futbolsevərlər, hətta tanınmış siyasətçilər də məsələdən kənar qalmadılar. Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak Merihin həmin şəklini paylaşaraq ona dəstək verdisə, Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli UEFA-nın araşdırmaya başlamasını qınadı. Bundan başqa Türkiyənin Xarici İşlər Nazirliyi də bəyanat yayaraq qol sevinci zamanı göstərilən Bozqurd işarəsinin siyasiləşdirilməsini tənqid etdi.

Qeyd edək ki, bu işarə Avstriyada hələ 2019-dan etibarən dövlət səviyyəsində qadağan edilib. Ona görə də Merihin məhz Avstriya ilə oyunda bu hərəkəti etməsi bu dərəcədə söz-söhbətə səbəb oldu. 26 yaşlı futbolçu bütün bu söz-söhbətlərdən sonra ''yüksəl türk, sənin üçün yüksəkliyin hüdudu yoxdu'' paylaşımını etdi.

UEFA özü də anlayır ki, Türkiyə yığmasına ciddi bir cəza vermək məsələni yersiz şəkildə daha da şişirdəcək. Ona görə də maksimum cəzanın para cəzası olacağı gözlənilir.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
football-plus.az

1Mənbələr